azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

26 Kasım 2008 Çarşamba

Sərhədlər açılırmı?

Sərhədlər açılırmı?
Türkiyə XİN başçısı bu suala cavab verməkdən yayındı. Ankara-İrəvan diplomatik münasibətləri isə faktiki olaraq artıq qurulub


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında növbəti görüş Finlandiyanın paytaxtı Helsinkidə dekabrın 3-də keçiriləcək.
Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza məlumat verib.
ATƏT xarici işlər nazirləri Şurasının toplantısı çərçivəsində baş tutacaq görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr davam etdiriləcək. Bununla yanaşı, nazirlərin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın ilin sonunadək keçirilməsi nəzərdə tutulan görüşü ilə bağlı da bəzi məsələləri razılaşdıracaqları gözlənilir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 12-də regiona səfər edərək, danışıqlar prosesinin davam etdirilməsinə dair müzakirələr aparıblar.
Srağagün axşam isə İstanbuldakı "Four Seasons" otelində Türkiyənin xarici işlər naziri Əli Babacanla erməni həmkarı Eduard Nalbandyan arasında 3 saatlıq görüş olub.
Türkiyə XİN İcra Aparatının rəhbəri və Ermənistan xarici işlər nazirinin müavininin də iştirak etdiyi görüş mətbuat üçün qapalı keçirilib.
Türkiyənin "Cumhuriyet" qəzəti görüş ərəfəsində yazmışdı ki,
nazirlərin görüşündə 5 məsələ müzakirə ediləcək: "1915-ci il hadisələrinin tədqiqi üzrə birgə komissiyanın yaradılması, erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılma müddəti, Ermənistan-Türkiyə sərhəddinin açılması, Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyə səfərinin hazırlanması və Qara dənizdə Təhlükəsizlik və Əməkdaşlıq Platforması".
Bundan başqa, Nalbandyana diplomatik münasibətlər qurulmadan Türkiyənin İrəvana səfir göndərməsi təklif olunacaq. "Soyqırımı məsələsi müzakirə olunmayacaq",- deyə qəzet yazır.
Görüşdən sonra mediaya açıqlama verən Babacan erməni həmkarı ilə görüşdə ölkələr arasında ikitərəfli münasibətləri dəyərləndirdiklərini bildirib: "Eyni zamanda Qafqaz Əməkdaşlıq və Sabitlik Platformasını və bölgədəki digər problemləri müzakirə etdik".
Görüşü faydalı və konstruktiv adlandıran Ə. Babacan müzakirələrin pozitiv atmosferdə keçdiyini vurğulayıb: "Bundan sonrakı mərhələdə həm siyasi, həm də texniki səviyyədə əlaqələrimiz davam edəcək. Məqsədimiz iki ölkə arasında münasibətlərin tam normallaşmasıdır. Bu məqsədlə müzakirələri davam etdirəcəyik".
Öz növbəsində, Nalbandayan da həmkarı ilə tam həmfikir olduğunu, Babacanla yaxşı atmosferdə, çox faydalı və konstruktiv danışıqlar apardığını bildirib. Erməni nazir iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədi ilə cəhdlərin davam etdirilməsi qərarına gəldiklərini bildirib.
APA-nın əməkdaşının "Hörmətli nazir, sərhədlərin açılması məsələsi nə yerdədir" sualına Türkiyənin xarici işlər naziri Babacan "Təyyarəyə yetişməyimiz lazımdır",-deyə cavabdan yayınıb.
Erməni diplomatik mənbələrindən isə bəlli olub ki, nazirlərin görüşündə iki ölkə arasında diplomatik münasibətlərin yaradılması və sərhədin açılması məsələləri əsas müzakirə mövzusu olub.
APA-ya açıqlamasında Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, diplomatik münasibətlərin bərpasına münasibət bildirən Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim qeyd edib ki, "iki ölkə arasında hansısa münasibətlərin qurulması o dövlətlərin öz hüququdur".
Diplomat əlavə edib ki, Türkiyənin mövqeyi hər zaman birmənalı olub - Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən qüvvələrini çıxarmalıdır: "Biz inanmaq istərdik ki, qurulan münasibətlər, yaranan əlaqələr Ermənistanın bu şərtləri yerinə yetirməsinə gətirib çıxaracaq, regionda sülh və sabitlik bərpa olunacaq".
Yeri gəlmişkən, dünən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Əli Babacanın Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama yayıb. Türkiyə səfirliyinin yaydığı məlumata görə, Babacan daha əvvəl və son dəfə 12 noyabr 2008-ci il tarixində Türkiyə mətbuatına verdiyi açıqlamada yaxın zamanda Azərbaycana səfərinin gündəmdə olduğunu söyləyib: "Bu xəbər Azərbaycan mətbuatında da dərc olunmuşdu. Nazirin bu səfərinin gerçəkləşməsi üçün hazırlıqlar hal-hazırda davam edir, səfərin tarixi daha dəqiqləşməyib. Buna dair noyabrın 24-də yayılan məlumat, görünür, səfirliyimizin mətbuat müşavirliyi tərəfindən səhvən əks etdirilib. Cənab Babacanın Azərbaycana səfərinin tarixi dəqiqləşdikdə rəsmi açıqlama veriləcək".
Xatırladaq ki, yktyabrın 23-dən Ermənistan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrdir. Nalbandyan da QDİƏT katibliyinin iclasında iştirak etmək üçün İstanbuldadır. QDİƏT Katibliyində çıxış edən Nalbandyan bildirib ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün səy göstərəcək və fəal dialoqun başlanğıcı bu ilin sentyabrında Türkiyə prezidenti Abdulla Gülün İrəvana səfəri zamanı qoyulub: "Biz işi davam etdirəcəyik və mən bunun üçün heç bir maneə görmürəm. Ermənistan şərtsiz sərhəddin açılmasına və münasibətlərin qurulmasına hazırdır və biz Türkiyədən də bunu gözləyirik" ("Turan").
O həmçinin qeyd edib ki, Türkiyə ilə diplomatik münasibətlər qurmaq Ermənistanın marağındadır. Bir çox ölkələrin, hətta müharibə şəraitində olan ölkələrin diplomatik münasibətləri var və bir-birləri üçün açıqdırlar. "Mən münasibətlərin normallaşmasından imtina üçün ciddi səbəb görmürəm. Diplomatik münasibətlər lazımi şəkildə qurulacaq. Bu, problem deyil, bu bizim münasibətlərimiz məsələsidir",- deyə Ermənistan xarici siyasət idarəsinin rəhbəri bildirib.
Nalbandyanın sözlərinə görə, Ermənistanın mövqeyi aydındır və onun nikbinliyi Türkiyə tərəfi ilə danışıqlara əsaslanır: "Biz Türkiyə prezidentinin sentyabrda Ermənistana səfərindən dərhal sonra münasibətlərə başladıq. Çox konstruktiv, maraqlı və açıq müzakirələr gedir".
"Turkish Airlanes" şirkətinin Türkiyə və Ermənistan arasında müntəzəm reyslər açması mümkünlüyünə toxunan Nalbandyan bunu iki ölkə arasında biznes və turizmin inkişafına gətirib çıxaracaq çox müsbət addım adlandırıb.
"Türkiyə-Ermənistan münasibətlərinə yalnız iqtisadi nöqteyi-nəzərdən baxılmamalıdır. Çünki sərhədin bağlı olmasına baxmayaraq, hazırda İran və Gürcüstan vasitəsilə Türkiyədən Ermənistana ildə 300 milyon dollarlıq mal gedir". Bu sözləri isə APA-ya açıqlamasında Orta Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) sədri Həsən Kanbolat deyib. Ekspertin sözlərinə görə, Ermənistanın əhalisini və iqtisadi gücünü nəzərə alsaq, sərhəd qapılarının açılmasının mövcud ticarət dövriyyəsini böyütməyəcəyini söyləyə bilərik: "Onda ermənilər sərhəd qapısının açılması üçün niyə bu qədər təkid edirlər və Gürcüstandakı savaşdan sonra bunu həyata keçirməyə ciddi şəkildə çalışırlar?"
H. Kanbolatın fikrincə, bunun səbəbini avroatlantik dünyanın Cənubi Qafqaz siyasətində axtarmaq lazımdır: "Avroatlantik məkan Gürcüstandan sonra Ermənistanı da təsir dairəsinə daxil etmək və bu niyyətini Türkiyə vasitəsilə həyata keçirmək istəyir. Eyni zamanda erməni ziyalıları və xalqı artıq nəfəs borusu kimi yalnız Rusiyanı görmür. Onlar demokratiya və insan hüquqları üçün Qərbə yol tapmaq arzusundadırlar. Bunun yeganə yolu da Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir".
Bununla belə, ORSAM-ın rəhbəri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini və Türkiyənin ərazi bütövlüyünü, 1921-ci ildə imzalanmış Qars müqaviləsini tanımadığını da vurğulayıb: "İrəvan Ankara ilə münasibətlərini ön şərt olmadan normallaşdırmağa çalışır. Ancaq şərt qoyan tərəf işğalçı Ermənistan ola bilməz. Şərt qoyacaq tərəf Türkiyə və Azərbaycan olmalıdır. Türkiyənin və Azərbaycanın şərtləri reallaşarsa, əlbəttə ki, Ermənistanla Türkiyə və Azərbaycan arasındakı münasibətlər normallaşma mərhələsinə daxil ola bilər".

Azad Xəlil

express

Hiç yorum yok: