azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

26 Eylül 2008 Cuma

Qarabağ münaqişəsi həll mərhələsinə yaxınlaşırmı?


Ürfan Məmmədli u.memmedli@zaman.az
Qarabağ münaqişəsi həll mərhələsinə yaxınlaşırmı?

Qarabağ problemi davam etdiyi müddətdə dəfələrlə onun həll mərhələsinə yaxınlaşmasının şahidi olmuşuq. Lakin hər dəfə Minsk Qrupunun üzvlərindən biri bu həlli əngəlləyib. Odur ki, ATƏT-in Minsk Qrupunu həm də çözümsüzlük qrupu adlandırmaq olar. Məsələ burasındadır ki, bu qrupda dünyaya ağalıq etmək istəyən iki nəhəng ölkə təmsil olunur: ABŞ və Rusiya. ABŞ-ın ən başlıca istəyi Rusiyanı bir supergüc olmaqdan məhrum etməkdir. Yəni dünya xəritəsində Rusiya olsun, amma digər ölkələr kimi dünya siyasətinə təsir imkanları minimuma ensin. 90-cı illərin əvvəllərində ABŞ bu məqsədinə xeyli yaxınlaşmışdı. SSRİ iflas etdi və onu təşkil edən ölkələr arasındakı iqtisadi bağların qırılması dünyanın güc qütblərinin birini aradan çıxardı. Beləliklə, SSRİ-nin əsas dayağı olan Rusiya da çökmüş vəziyyətə gəldi. Amma bu çöküş yalnız iqtisadi çöküş idi. SSRİ-nin hərbi qüdrətini Rusiya yaşatmaqda davam edirdi. Əgər Rusiyada iqtisadi tənəzzül bir qədər də, uzansaydı, bəlkə də onun hərbi qüdrəti də yavaş-yavaş öz mahiyyətini itirəcəkdi. Amma belə olmadı. Rusiyanın iqtisadi cəhətdən çökmüş olduğu dönəmdə onun hərbi qüdrətindən çəkinən ABŞ bu ölkə ilə “isti” münasibətlər qurmaqla öz demokratikliyini nümayiş etdirməyə başladı. Məhz həmin dövrdə ATƏT-in Minsk Qrupu yarandı və ona ABŞ və Fransa ilə yanaşı, Rusiyanın da həmsədr olmasına razılıq verildi. Yuxarıda qeyd etdiyim kimi, həmin dövrdə ABŞ Rusiyanı söz sahibi kimi aradan çıxarmağa çalışır, Rusiya isə hərbi qüdrətinə arxalanaraq “hələ ölməmişəm” mücadiləsi verirdi. Yəni eyni beynəlxalq təşkilatın tərkib hissələri olmasına baxmayaraq, bu ölkələr həmişə gizli rəqabətdə olublar. Elə Qarabağ probleminin indiyə qədər həll edilməməsinin də əsas səbəbi bu iki ölkə arasında gedən gizli rəqabətdir desəm, yəqin ki, Amerika kəşf etmiş olmaram. Məsələ burasındadır ki, dəfələrlə bu ölkələr Qarabağ problemini həll etmək üçün təşəbbüs göstəriblər. Amma bu təşəbbüslər elə təşəbbüs olaraq qalıb. Qeyd edim ki, bu təşəbbüslərdə ya ərazi bütövlüyü, ya da millətlərin öz müqəddəratını təyinetmə hüququ üstünlük təşkil edib ki, bu da münaqişə tərəflərinin razılığa gələ bilmədikləri nöqtələrdir. Məhz həmsədr ölkələr bir-birinin təşəbbüsünü boykot etmək üçün bu nöqtələrdən istifadə ediblər.
Hadisələrin indiki gedişi göstərir ki, ABŞ-ın Rusiyanı hesabdan silmək istəməsi səhv addım olub. Rusiyanın zəngin təbii ehtiyatlara malik olması onun yenidən dirçəlməsini təmin etdi. Elə Gürcüstana müdaxilə də Rusiyanın “mənimlə hesablaşmamaq olmaz” iddiasının son akkordu oldu. Rusiya-Gürcüstan müharibəsi ilə regionda vəziyyət gərginləşdi və bu da Qarabağ probleminin həllini yenidən aktuallaşdırdı. İndi də Qarabağ məsələsinin həllinin yaxınlaşmasından danışılır. Amma bu dəfə vəziyyət bir qədər də mürəkkəbdir. Çünki bu dəfə təşəbbüs nə ABŞ-dan gəlib, nə də Rusiyadan. Türkiyə “Qafqaz İttifaqı” təklifi ilə çıxış etməklə Qarabağ probleminin həllinə olan ümidləri yenidən dirçəltdi. Gülün Yerevana səfər etməsi, Ermənistanla vasitəçilərsiz təmas qurması gələcəyə ümidlə baxmağa imkan yaradır. Amma bu təşəbbüslə bərabər, həmsədrlərin də fəallaşması narahatlıq doğurur. Dik Çeyninin tələsik Bakıya gəlməsi, Məmmədyarovun və İlham Əliyevin eyni gözlənilməzliklə Rusiyaya dəvət edilməsi ABŞ və Rusiyanın təşəbbüsə yiyələnmək cəhdləri kimi görünür. Digər tərəfdən, Rusiyanın Gürcüstana müdaxiləsi ilə ABŞ-Rusiya münasibətlərində yaranmış gərginlik onların ATƏT Minsk Qrupunda birgə fəaliyyət göstərmək imkanlarını sıfra yaxınlaşdırır. Belə çıxır ki, artıq Minsk Qrupu formal bir quruma çevriləcək. Amma Qarabağ probleminin həllində vasitəçilik missiyası hələ ki bu qurumdan alınmayıb. Yəni qarışıq bir vəziyyət yaranıb. Türkiyə Prezidenti Abdullah Gülün təşəbbüsi ilə Azərbaycanla Ermənistanın vasitəçilərsiz təmas qurmaları gözlənilir. Əslində Minsk Qrupu israrla tərəflərin özlərinin razılığa gəlmələrini “istəyir”. Budur, bu razılığa gəlmənin ilk addımları atılır. Amma nə Rusiya, nə də ABŞ sakit dayana bilirlər. Onların bu hərəkətliliyi adamda şübhə doğurur. Qarabağ münaqişəsinin həllinə yeni əngəlmi hazırlanır? zaman

Hiç yorum yok: