azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

27 Eylül 2008 Cumartesi

“Problemimizi gənclərimizə uşaqlıqdan aşılasaq, diasporumuz daha güclü fəaliyyət göstərər”

“Problemimizi gənclərimizə uşaqlıqdan aşılasaq, diasporumuz daha güclü fəaliyyət göstərər”


Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri deyir ki, Azərbaycan və Türkiyə diasporlarının potensialı çox geniş olsa da, bunu nümayiş etdirə bilmir.

Onun fikrincə, bunun bir səbəbi maliyyə çatışmazlığıdırsa, digər səbəbi gənclərimizi onlara problemlərimizi aşılamaqla böyütməməyimizdir.

- Tomris xanım, ABŞ-da azərbaycanlıların diaspor fəaliyyətlərində hansısa yeniliklər varmı?
- Bu il ABŞ-dakı fəal azərbaycanlı gənclərimiz USAN adında bir təşkilat qurublar. Bu təşkilatın açıqlaması “US Azeri Network”dur. Təşkilatçı gənclərimiz, xüsusilə də, Adil Bağırov və Cavid Hüseynov ABŞ qanunvericiliyinə yaxından bələd olduqları üçün işlərini yaxşı qurublar. Mən həm də bu təşkilatın direktoru kimi fəaliyyətimi davam etdirirəm.
Bundan başqa, ABŞ-da yaşayan bütün türklərin fəaliyyətini əlaqələndirən “US Turkic Network” adlı təşkilat da qurmuşuq. Amerikada özbəklər, qazaxlar, türkmənlər, Kipr və Kırım türkləri də yaşayırlar. USTN bizə imkan verəcək ki, ABŞ-dakı bütün türklərlə əlaqə saxlaya bilək. Düşünürəm ki, XXI əsrdə səmərəli işlə məşğul olmaq üçün informasiya mübadiləsi aparmaq çox önəmlidir. Ona görə də qurduğumuz bu yeni təşkilatlar vasitəsilə fəaliyyətimizi daha da gücləndiririk.
ABŞ-da iki böyük türk qurumu var. Onlardan biri, Vaşinqtondakı Türk Amerikan Dərnəkləri Assambleyası, digəri isə Nyu-Yorkdakı Türk Amerikan Dərnəkləri Federasiyasıdır. Mən eyni zamanda hər iki qurumun vitse-prezidentiyəm.

- Hazırda ABŞ-da qızğın şəkildə prezident seçkiləri kampaniyası aparılır. Namizədlər arasında Azərbaycan sarıdan sərfəli namizəd hansıdır?
- Əlbəttə ki, Con Makkeyn. Biz onu həmişə dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik. Üzvlərimizi onu dəstəkləməyə təşviq edirik. Bütün türk diaspor qurumlarının da onu dəstəkləmələrini istəyirik. Təbii ki, bu arada digər namizəd Barak Obama ilə də əlaqələrimizi davam etdiririk. Ancaq bütün arzumuz Con Makkeynin prezident seçilməsidir.

- Bəs Makkeynin Azərbaycana münasibəti necədir?
- May ayının 10-da Nyu Yorkda yüksək səviyyədə çox böyük tədbir keçirmişdik. Con Makkeynin seçki kampaniyasının baş direktoru da həmin tədbirə qatılmışdı. Öz xahişi ilə ona da söz vermişdik. Çıxışında azərbaycanlı amerikalılara Makkeyndən salam gətirdiyini demişdi və Con Makkeynin “mən azərbaycanlıların bütün problemlərini bilirəm, onlara bütün mövzularda dəstək verəcəyəm” sözlərini diqqətimizə çatdırmışdı.
Con Makkeyn heç vaxt ermənilərin uydurma iddialarına inandığını, erməniləri dəstəklədiyini söyləməyib, soyqırımı ifadəsindən istifadə etməyib. Çünki o, həm bu bölgəni tanıyan insandır, həm də təcrübəli siyasətçidir. Məncə, Con Makkeynin seçilməsi həm Azərbaycan, həm də Türkiyə üçün daha yaxşı olacaq.

- Barak Obama prezident seçiləcəyi təqdirdə uydurma soyqırımını tanıyacağını dəfələrlə desə də, Ermənistanın müstəqilliyi ilə bağlı verdiyi son yazılı bəyanatında bu sözlərini təkrarlamadı. Sizcə, bu, nə ilə bağlıdır?
- Türk diasporu da ABŞ-da güclüdür. Obamanı dəstəkləyən xeyli sayda türk diaspor təşkilatları var. Ola bilsin ki, onların da bunda rolları olub. Bundan başqa, Obama çox təcrübəsizdir. O, bir məsələ haqqında fikir bildirəndə çox vaxt düşünmədən danışır. Bir çox hallarda ona sonradan xəbərdarlıq edirlər və o da öz sözünü geri götürür. Ancaq istənilən halda Obama ermənipərəstdir. Bu da bir gerçəkdir ki, ABŞ-ın Türkiyəyə çox böyük ehtiyacı var. Ona görə Türkiyəyə heç nə edə bilməz.

- ABŞ-da Azərbaycan və Türkiyə diaspor təşkilatları arasındakı münasibətlər tam istənilən səviyyəyə çatıbmı? Yoxsa hələ də problemlər qalmaqdadır?
- Əsas problem ondan ibarətdir ki, Amerikadakı türk xalqı bizim problemlərimizdən xəbərdar deyil. Hətta türk gənclərinin əksəriyyəti öz problemlərini də bilmirlər. Hətta ermənilərin təşkil etdiyi tədbirlərə gedib onların uydurma iddialarını belə dinləyirlər. Türkiyədə də bəzi insanlar 1915-ci il olaylarının mahiyyətini bilmirlər. Hətta bəziləri “soyqırımı etdiyimizi qəbul etməliyik” deyirlər. Ancaq azərbaycanlı gənclər Dağlıq Qarabağ problemini bilirlər, Xocalıda nə baş verdiyindən məlumatlıdırlar. Hətta soyqırımı iddiasını türkiyəli gənclərdən daha yaxşı bilirlər.
Bu problemlərlə yanaşı, biz hamımız türkük və bu da bizi birləşdirir. Ümumi anlamda problem yoxdur. Tədbirlərimizi birlikdə keçiririk.

- Tomris xanım, Azərbaycan diasporunun erməni diasporu ilə müqayisəsindən söhbət düşəndə həmişə “erməni diasporunun tarixi bizimkindən çox qədimdir” bəhanəsi ilə qarşılaşırıq. Tarix baxımından bu fərqi nə zaman ortadan qaldıracağıq?
- Əsas problemimiz odur ki, biz uşaqlarımıza problemlərimizi aşılamırıq. Ermənilər isə uşaqları dünyaya gələn kimi qulağına “türklər bizim düşmənimizdir” pıçıldayırlar, uşaqlarını bu ruhda tərbiyə edirlər. Erməni dünyanın harasında yaşayırsa-yaşasın, bu, onlar üçün dəyişməz gerçəklikdir. Biz isə “günahdır, ayıbdır, övladımız düşmən ruhda böyüməsin” deyib bunu uşaqlarımıza öyrətmirik. Əslində biz ermənilərdən çox güclüyük. Ancaq problemimizi bilmədiyimiz üçün gücümüzü kifayət qədər göstərə bilmirik. Məncə, problemimizi gənclərimizə uşaqlıqdan aşılasaq, diasporumuz daha güclü fəaliyyət göstərər.

- Ermənistan rəhbərliyi hazırda dilemma qarşısında qalıb. Erməni diasporunun maraqları ilə Ermənistan xalqının mövcud vəziyyəti üst-üstə düşmür. Belə ki, diaspor nəyin bahasına olursa-olsun, uydurma soyqırımı iddialarından geri çəkilməməyin tərəfdarıdır. Ancaq bu iddialar, eləcə də Dağlıq Qarabağın işğalı Ermənistanı bölgədə təcrid vəziyyətinə salıb. Nəticədə erməni xalqının güzəranı pisləşib. Sizcə, erməni diasporu bu reallığı anlamır?
- Vəziyyətin siz deyən kimi olduğundan əmin deyiləm. Məncə, Ermənistan rəhbərliyi diasporu idarə edir. Sadəcə olaraq ermənilərin beyinləri uşaqlıqdan yuyulub. Bir erməni uşağına 18-20 yaşına çatana qədər hər gün “ermənilər soyqırımına məruz qalıb” deyilibsə, sonradan bunun olmadığına onu necə inandırmaq olar? Bu, mümkün deyil. Ermənilər türklərin onlara qarşı soyqırımı törətdiklərinə şübhəsiz inanırlar.

- Yeri gəlmişkən, Türkiyə Prezidenti Abdullah Gülün Ermənistana səfərinə erməni diasporunun münasibəti necə oldu?
- Diaspor Ermənistan rəhbərliyinin addımını alqışladı. Türkiyə kimi böyük bir ölkənin prezidentinin dəvəti qəbul etməsindən bir kəlmə də danışmadılar, ancaq öz prezidentlərinə “əhsən” dedilər. Məncə, Abdullah Gül Ermənistana getməməli idi. Erməni heç bir iddiasından vaz keçməyəcək. Sadəcə olaraq, Türkiyədən istifadə etməyə çalışacaq. Abdullah Gül öz əvəzinə başqasını göndərməliydi.

- Ermənistan diasporu hər il Konqresə, eləcə də ayrı-ayrı ölkələrin parlamentlərinə uydurma soyqırımı iddiaları ilə bağlı layihə təqdim edir və bu, bütün dünyada geniş rezonans doğurur. Bizim diasporumuz da daha samballı və tutarlı şəkildə Xocalı ilə bağlı belə layihələr təqdim edə bilməzmi?
- ABŞ Konqresinə belə müraciət və təkliflərimiz çox olur. Bu müraciətlərimizin nəticəsində hər il 26 fevral-Xocalı soyqırımı günü bəzi konqresmenlər Ermənistanın əleyhinə çıxışlar edirlər. Əvvəllər belə şeylər yox idi. İndi Konqresdə dostluq qrupumuz fəaliyyət göstərir. Bu qrupa üzv olan konqresmenlərin sayı getdikcə çoxalır. Biz də diaspor olaraq onlara sahib çıxmağa çalışırıq. Ancaq ABŞ-da istər konqresmenlərlə münasibətdə, istərsə də digər işlərdə xeyli maliyyə vəsaitinə ehtiyacımız olur. Təəssüf ki, maliyyə vəziyyətimiz ermənilərinkindən zəifdir.

- Diaspor fəaliyyətində maliyyə, yoxsa ideologiya önəmlidir?
- Amerikada hər şey puldur. Biz buna rüşvət deyirik, onlar isə buna qanuni don geyindiriblər.


Natiq Pənahlı

Hiç yorum yok: