azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Kasım 2008 Salı

YAQUB MƏMMƏDOV TEHRAN KOMMUNİKESİNİ XATIRLATDI: «ÇOX ARZU EDƏRDİM Kİ, MOSKVA BƏYANNAMƏSİNİN AQİBƏTİ ONA BƏNZƏMƏSİN»

YAQUB MƏMMƏDOV TEHRAN KOMMUNİKESİNİ XATIRLATDI: «ÇOX ARZU EDƏRDİM Kİ, MOSKVA BƏYANNAMƏSİNİN AQİBƏTİ ONA BƏNZƏMƏSİN»


«Media forum» saytı 1992-ci ilin mart-may aylarında Azərbaycan parlamentinin sədri kimi prezident səlahiyyətlərini gerçəkləşdirmiş, həmin il mayın 7-də Tehranda Ermənistanın dövlət başçısı ilə görüşərək kommunike imzalamış Yaqub Məmmədovun Moskva bəyannaməsinə münasibətini öyrənib.

Hazırda Tibb Universitetinin professoru kimi elmi-pedaqoji işlə məşğul olan Y.Məmmədov 16 il əvvəl qol çəkdiyi kommunikenin üzərində də dayanıb.

- Siz noyabrın 2-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin imzaladığı Moskva bəyannaməsi haqda nə deyərdiniz? Axır 16 ildə dövlət başçıları səviyyəsində belə bir sənəd imzalanmamışdı...


- Qoy bu sənədin ömrü uzun olsun, o, Qarabağ probleminin həllinə yardım etsin. 1992-ci il mayın 7-də Azərbaycan hakimiyyəti adından mən Tehranda İran və Ermənistan prezidentlərinin işitrakı ilə oxşar bir sənəd imzalamışdım. Təəssüf ki, o sənəd elə kağız üzərində qaldı. Çox arzu edərdim ki, Moskva bəyannaməsinin aqibəti ona bənzəməsin.

Moskva bəyannaməsini yüksək qiymətləndirirəm. Nəhayət, prezidentlər birgə sənəd imzaladılar. Amma bu sənədin imzalanması o demək deyil ki, Qarabağ problemi həll olunub. Qabaqda çox böyük yolu keçmək lazımdır, çox prosesləri dəf etmək lazımdır. Əgər hər iki ölkənin rəhbərliyi, eləcə də Minsk qrupuna həmsədrlik edən üç böyük dövlət danışıqları həqiqi mənada problemin həlli istiqamətində aparsalar, müsbət nəticə əldə etmək olar.

- Prezidentlərin Moskva görüşünü yeni mərhələnin başlanması hesab etmək olarmı?

- Hər halda belə bir sənədin imzalanması faktdır ki, Rusiya sülhdə maraqlı tərəf kimi çıxış edir. Hələ o dövrlərdə, mən prezident səlahiyyətlərini icra edən zaman demişdim, ötən dövr də sübut etdi ki, Rusiyanın mövqeyi Qarabağ probleminin həllində əsasdır. Rusiya prezidentinin təşəbbüsü ilə belə bir bəyannamənin imzalanması göstərir ki, Moskva Qarabağ probleminin həllində maraqlı tərəf kimi özünü göstərir. Çox istərdim ki, doğrudan da belə olsun.

- 1992-ci ildə sizin imzaladığınız Tehran kommunikesindən uzun müddət keçir. O kommunike ilə bu bəyannaməni necə müqayisə edərdiniz?

- Həmin dövr mürəkkəb dövr idi, hələ onda dava Dağlıq Qarabağın ərazisində gedirdi, hələ azərbaycanlılar bu bölgədən bütünlüklə qaçqın düşməmişdi, ətraf rayonlar işğal edilməmişdi. Müstəqillik təzə əldə olunmuşdu deyə böyük dövlətlərin burada maraqları təmin olunmamışdı. O dövr tamam başqa bir dövr idi, onu bu dövrlə müqayisə etmək olmaz.

Digər tərəfdən, o dövrdə imzalanan sənəddə də hər üç ölkənin rəhbərləri öz siyasi iradələrini ortaya qoyub qərara gəlmişdi ki, Qarabağ problemi hərbi yolla deyil, danışıqlar yolu ilə həll olunsun. O dövrdə həm Ermənistanda, həm də Azərbaycanda məsələnin bu cür həll olunmasını istəməyən qüvvələr var idi. Bilirsiniz ki, o illərdə hakimiyyət uğrunda amansız mübarizə gedirdi, Ayaz Mütəllibovun istefasından sonra seçkilər elan olunmuşdu, prezident seçilməmişdi. Hakimiyyətə can atan qüvvələr bütün vasitələrdən istifadə edirdilər.

O dövrdə danışıqların əvvəlki mərhələlərində Rusiyanın xarici işlər nazirləri və onun nümayəndələri iştirak edirdilər, amma Tehran görüşünə onların nümayəndələri gəlmədi. Bu fakt göstərir ki, Rusiya məsələnin sülh istiqamətində inkişafında, həllində maraqlı deyildi. O biri tərəfdən, digər ölkələr, xüsusilə Qərb ölkələri İranın vasitəçiliyinə, Qarabağ münaqişəsinin İranın vasitəsilə həllinə qısqanclıqla yanaşırdılar. Görürsünüz ki, necə bir mürəkkəb vəziyyət yaranmışdı.

Ermənistan prezidenti Levon Ter-Petrosyan mənimlə telefon danışıqlarında da, Tehrandakı ikitərəfli danışıqlarımızda etiraf edirdi ki, Dağlıq Qarabağda olan separatçı qüvvələr, hərbi proseslərə rəhbərlik edənlər çox hallarda Ermənistan rəhbərliyinə tabe olmurlar. Şuşanın işğalı da həm xaricdən onları dəstəkləyənlərin təhriki ilə, həm də separatçıların öz istəyi ilə həyata keçirildi. Təəssüf ki, Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparanlar bu prosesin o istiqamətdə inkişaf etməsinə əlverişli şərait yaratdılar. Hamı bir yumruq kimi birləşib ümumi düşmənə qarşı mübarizə aparmaq əvəzinə hakimiyyət uğrunda mübarizə apardı, nəticədə Şuşa işğal olundu, arxasınca da Laçın getdi. O vaxt başqa dövr idi, indi başqa dövr.

İndi məsələnin siyasi müstəvidə həll olunması üçün imkanlar böyükdür. Ermənistanın uzun illər blokadada olması onun iqtisadiyyatına mənfi təsir göstərir, o bir çıxış yolu aramalıdır. Rusiyaya gəlincə, əgər Gürcüstanda baş verən hadisələr Azərbaycanda da təkrarlansa, bu, Moskvanın Cənubi Qafqazda imicinə böyük zərbə ola bilər. Kreml də məsələnin danışıq yolu ilə həllində maraqlıdır. Qərb ölkələrinin də öz maraqları var. Üst-üstə düşən maraqları nəzərə alsaq, Dağlıq Qarabağ məsələsinin həll olunması üçün münbit şərait var.

- Necə hesab edirsiniz, sülh danışıqlarının gedişatında Minsk qrupunun vasitəçiliyindən istifadə etmək lazımdır, yoxsa elə tək Rusiyanı vasitəçi kimi tanımaq bəsdir?

- Sözsüz ki, indiki şəraitdə Minsk qrupunun vasitəçiliyindən imtina etmək lazım deyil. Əgər Minsk qrupundan imtina edilərsə, danışıqlar prosesi pozular. Çünki Minsk qrupundakı başqa ölkələrin, o cümlədən həmsədrlər ABŞ və Fransanın da bu regionda öz təsir mexanizmləri var. Müəyyən rıçaqlar var ki, onlar həm separatçılara, həm Ermənistan rəhbərliyinə təsir göstərə bilərlər. Həm də bizim özümüzdə də müəyyən proseslər gedər ki, məsələnin həllinə mənfi təsir göstərər. Minsk qrupunun vasitəçiliyini saxlamaq lazımdır. O bəyannamədə də xüsusi vurğulanır ki, danışıqlar Minsk qrupunun vasitəçiliyi ilə davam etdirilsin.


«Media forum»

Hiç yorum yok: