Təbriz, 1999-cu il. Şəhriyarın ev muzeyini ziyarət edəndən sonra Səttarxanın da yaşadığı evi görmək istəyirəm.
Nə əvvəlki şah rejiminin dahi sairlə problemi olub, nə də indiki hakimiyyət onun irsinə qarşı çıxır. Şəhriyarın xatirəsi hətta rəsmi səviyyədə yad edilir.
Səttarxana münasibər isə fərqlidir. Azərbaycan milli hərəkatının lideri şah üsul-idarəsinə qarşı savaşıb. Düzdür, indi İran iqtidarında təmsil olunanlar da şaha qarşı çıxanlardan olublar.
Buna baxmayaraq dini hakimiyyət Səttarxanın anılmasına hər vasitə ilə mane olur. Hər il vəfatının ildönümündə məzarı üstünə toplaşanları zorakılıqla dağıdırlar. Təbrizdə Səttərxanın ev muzeyi də yoxdur, sadəcə hamının tanıdığı bir ev var .
Soraqlaşa-soraqlaşa axtarıb həmin evi tapıram. Qapını açan yoxdur, qonşulardan biri ev yiyəsinin harasa çıxdığını söyləyir. Bir azdan o gəlir. Səttarxanın nəticəsi olduğunu söyləyən gənc həkim bizi evə dəvət edir. Düşünürəm ki, hər halda bir iş sahibidir, ata babası haqqında çox danışmaz. Hansı ölkədə olduğumu da unutmamağa çalışıram.
Ancaq soydaşımız bütün düşüncələrimi alt-üst edir, Səttarxan hərəkatından yerli-yataqlı danışmağı bir yana, indiki siyasi vəziyyətdən narazılığını da açıq dilə gətirir. Onunla çox şeydən danışırıq, hərəkatda iştirak eləmiş quzey azərbaycanlılardan da.
Gənc həkim atasından bu haqda çox eşitdyini, Səttarxanın mübarizəsinə Arazın o tayından da dəstək gəldiyini hər zaman xatırladığını deyir. ...1878-ci ildə, Şuşada Məşədi Həşim Rzazadənin evində dünyaya gələn körpənin adını Abbas qoyurlar. Məşədi Həşim 3 qızdan sonra oğlunun doğulmasına çox sevinir.
O, Ağdam və Şuşa bazarlarında bal satırmış, ailəsini çox çətinliklə dolandırırmış. Uşaqlıq illərində varlıların mal-qarasını otaran Abbas sonra dərzi yanında şagirdlik eləyirmiş. Ancaq 6 nəfərlik ailə yenə sıxıntı içindəymiş. Həşimin qardaşı Məşədi Səlimsə varlı nəsildən olan Molla Mirzə Dadaşın qızı Məxmərlə ailə qurduğundan heç nəyə ehtiyacı yoxmuş, pula pul demirmiş. Amma qardaşına və onun ailəsinə heç kömək etmirmiş.
Məşədi Həşim yay-payız ona meyvə sovqatı göndərər və umurmuş ki, bəlkə Səlim zənbili pay-püşlə qaytara. Ancaq kiçik Abbas hər dəfə evə əliboş qayıdarmış. Bir dəfə oğlunu yenə qardaşıgilə göndərən Həşim ona deyir: “Əminə de ki, atam mənə pal-paltar ala blimir, bir az pul versin”. Bu xahiş də işə yaramır. Abbas yenə kor-peşman evə dönür.
Bir müddət sonra o, Abbası növbəti dəfə qardaşıgilə göndərir. Əmisinin cavabı çox kobud olur: “Sizə veriləsi pulum yoxdur, rədd ol get!” Bu sərt sözlərdən pərt olan Abbas hirslənib özündən çıxır: “Eybi yoxdur, qocalıb ölərsən, arvadın da mənə qalar!” Bunları deyib yerindən nə təhər götürülürsə, əmisi qaçıb ona çata bilmir.
Abbas olanları evdə anasına danışır. Ailələr arasında düşmənçilik yaranacağından qorxan qadın bərk qəzəblənir və oğlunu danlayır. Bundan sonra iki qardaş arasında gediş-gəliş dayanır. Bir gün xəbər gəlir ki, Məşədi Səlim xəstələnib ölüb. Dəliqanlı Abbas sözünün üstündə durur.
Əmisinin dul qalmış cavan və gözəl arvadını alır. Amma ailənin dolanışığı yenə dəyişmir. Vəziyyətdən çıxış yolu kimi Abbas Bakıya ğetməyə qərar verir. 1905-ci ilə təsadüf edən bu gəlişində o, inqilab ab-havasıyla rastlaşır. Bakı o illərdə inqilabi şəhər sayılırdı. Sankt-Peterburqda baş vermiş “qanlı bazar günü”nün əks-sədası Bakıya da çatmışdı. Şəhərdə sol cərəyanların, o cümlədən “Hümmət” təşkilatının gücü durmadan artırdı.
Rus bolşevikləri də Bakını nəzərdən qaçırmırdılar. Lenin partiyanın “vuran əli” Stalini Bakıya göndərmişdi. O, ətrafına quldur dəstəsi yığaraq bankları və varlı adamları soyurdu. Bolşeviklər bunun hesabına xəzinələrini doldururkən Quzey Azərbaycanın solçuları qonşu İranda baş qaldırmış xalq inqilabına necə dəstək vermək barədə düşündürdülər.
İran şahı bütün vasitələrlə azərbaycanlıların üsyanını yatırmağa çalışır, amma Güney Azərbaycan demokratik hərəkatının lideri Səttarxanla heç cür bacara bilmirdi. Çünki o, milli azadlıq və ədalət uğrunda savaşa başladığından əhali arasında tərəfdarları günü-gündən çoxalır, onun mübarizəsi hətta Arazın bu tayında da geniş əks-səda doğururdu.
O illər Nəriman Nərimanovun rəhbərliyi ilə Azərbaycanın müxtəlif bölgələrindən ən cəsur adamlar Səttarxana dəstək məqsədilə güneyə göndərilirdi. Onların arasında Abbas da vardı. Bakıda qazandığı inqilabi təcrübədən yararlanan Abbas Rəşt şəhərində mücahidlərdən ibarət silahlı dəstə toplayır.
Onun dəstəsi Rəşt, Ənzəli, Ərdəbil, Qəzvin, Girman və Mazandaran şəhərlərində şah qoşunlarına qarşı qızğın savaşlarda ad qazanır. Nəhayət, bu dəstə döyüşə-döyüşə Təbrizə gəlib çıxır. Təbrizin Əmirxiz məhəlləsində Abbası bir mücahid qarşılayıb Səttarxanın mənzil-qərargahına gətirir.
Səttarxanın “Hardan gəlmisiz” sualına Abbasın cavabı qısa olur: “Abbaş Həşim oğlu. Bakı komitəsinin göstərişi ilə gəlmişəm, dəstəm də özümlədir”. Elə ilk təmasdan Səttarxan bu şuşalı balasıyla dostlaşır və çox keçmir ki, mühafizə dəstəsində ona mühüm görəv verir. Bu dəstə ən mühüm tapşırıqları yerinə yetirir.
Abbas öz dəstəsiylə barrikadalarda vuruşur, digər dəstələr arasında əlaqə yaradır. Beləcə, Məşədi Abbas Səttarxanla 13 il çiyin-çiyinə savaşır. İran şahı xalq üsyanını yatırmaq məqsədilə 1909-cu ildə Təbrizə 40 minlik qoşun yollayır.
Burda inqilabçılar ölüm-dirim savaşına girişirlər. Abbasa və onun dəstəsinə Tehran polisinin rəisi Yefremxanın hərbi birlikləri ilə döyüşmək tapşırılır. Bu tapşırığı böyük məharətlə yerinə yetirdiyinə görə ona “mücahid Abbas” ləqəbi verirlər. Amma İranda ona Abbasxan deyənlər də az deyildi.
İnqilabın əfsanəvi liderlərinin - Səttarxanın və Bağırxanın adlarına bənzədərək. Məşədi Abbasın (Məşrutə inqilabı illərində o, bir neçə dəfə Məşhədə getmişdi) şücaəti haqqında xəbərlər İran şahının da qulağına çatır.
Bir gün o, Səttarxana namə göndərib onunla görüşmək istədiyini bildirir. Səttarxan bu görüşə Məşədi Abbası göndərir. Məşədi Abbasın oğlu, Böyük Vətən müharibəsi qəhrəmanlarından olan Surxayın xatirələrindən: “Atam ordakılara Azərbaycan xalqının şərəfinə badə qaldırmağı təklif edir. Bir anda məclisə sükut çökür, şah və qonaqları badələrini yerə qoyurlar, atamsa şərabı axıra kimi içib qonaqlığı yarımçıq tərk edir”.
İran şahı bərk qəzəblənir, onun dirisini və ya ölüsünü gətirənə başı ağırlıqda qızıl vəd edir. Elə milli hərəkat da şahın qurduğu hiylələrin qurbanı olur, Səttarxan yatağa düşür, onu məşəqqətli ölümə məhkum edirlər. Məşədi Abbas geri qayıtmağa qərar verir, amma Bakıda çox qalmayıb doğulub boya-başa çatdığı Qarabağa yollanır. ...Məşədi Abbas həyatının sonuna qədər mühüm vəzifələrdə çalışacaq, Ağdamda quruculuq işləri onun adıyla bağlı olacaqdı.
Ancaq vəfat etdiyi 1954-cu ilə qədər həyatının ən maraqlı və yadda qalan günləri kimi İrandakı mübarizə və Səttarxanla dostluq illərini xatırlayacaqdı. Çünki Güney Azəbaycanın azadlığı uğrunda mübarizə ülvi ideyalara söykənirdi. Quzey Azərbaycanda isə onu inqilabçı dostlarının satqınlığı, Mircəfər Bağırovun kinayəli baxışları və yalançı ittihamlarla sürgünə göndərilmək təhlükəsi gözləyirdi.
Elxan ŞAHİNOĞLU
9 Haziran 2009 Salı
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder