ERMƏNİNİN MÜSƏLMAN XİLASKARI
Ötən həftə gündəmin əsas məsələlərindən biri İran adlanan yerlə Azərbaycan arasında qarşılıqlı xəbərdarlıq bəyanatları və Tehrandan Bakıya ünvanlanan təhdidlər, habelə İran xüsusi xidmət orqanlarının Bakıda üstü açılan terror planı oldu. Növbəti gərginliyin yaranmasına İsrail prezidentinin Bakıya səfəri səbəb olub və İran buna ordu komandanı səviyyəsində etiraz bildirərək Bakını «sionist rejimlə» əlaqələrdən çəkinməyə çağırıb. Buna cavab olaraq rəsmi Bakı bildirib ki, İranın Azərbaycanın işlərinə qarışmasına yol verilməyəcək.
Azərbaycan tərəfi İrana xatırladıb ki, Ermənistanla bu ölkənin münasibətlərinə qarışmadığı kimi Tehran da İsrail prezidentinin səfərinə qarışmalı deyil. Eyni zamanda məlum olub ki, İran Xəzərin Azərbaycan sektorunda yerləşən mübahisəli «Alov» yatağında işlərə başlamağa hazırlaşır. İran xüsusi xidmət orqanlarının «Hizbullah» təşkilatı vasitəsilə Bakıda hazırladığı terror planlarının üstünün açılması isə bu ölkənin Azərbaycana münasibətinin heç də dostyana olmadığını bir daha nümayiş etdirib.
İndiyədək heç vaxt İranın Ermənistanda bu kimi təxribatlar hazırladığını eşidən olmayıb. Əksinə, İran Ermənistanı həmişə müdafiə edib və ən çətin məqamlarda ona həlledici dəstək verib. Bu dəstək 90-cı illərin əvvəllərində Azərbaycan ordusunun Qarabağda uğurlu hücum əməliyyatları apardığı bir vaxtda Ermənistanın və onun ordusunun sıxışdığı zaman da verilib, ötən ilin avqustunda Gürcüstanda gedən müharibə zamanı Ermənistana gedən yeganə quru kommunikasiyalarının kəsildiyi vaxtda da. Qarabağda gedən hərbi əməliyyatlar zamanı yanacaq qıtlığı ilə üzləşən erməni ordusunun öz tanklarını tələm-tələsik İrandan gələn mazut tankerlərindən dizellə doldurub Azərbaycan əraziləri üzərinə hərəkət etdiyini də yəqin çoxları unutmayıb. İranın Ermənistanla siyasi münasibətləri də həmişə ən yüksək səviyyədə olub, heç vaxt Tehran Azərbaycanla olduğu kimi İrəvanla təhdid dilində danışmayıb. İki ölkənin prezidentləri və digər rəsmi şəxslər dəfələrlə qarşılıqlı səfərlər edərək bir-birilərinin ünvanına ən isti mesajlar veriblər. Bəs müsəlman ölkəsi olan İranın ona qonşu olan iki Cənubi Qafqaz ölkəsinə münasibətində bu fərqlər haradan qaynaqlanır? Müsəlman ölkəsinin ona qonşu digər müsəlman ölkəsi ilə terror və təhdidlə danışdığı halda xristian ölkəsi olan digər qonşusu ilə bu cür dost münasibətinin səbəbləri nədir?
Bu sualların cavabları yəqin ki, çoxlarına aydındır. Lakin ortada görünən səbəblərdən başqa görünməyən səbəblər də var və bunları açıb göstərmək aktual hesab oluna bilər. Şübhəsiz ki, səbəblər arasında həm tarixi, həm də geosiyasi olanları var. Birincisi, İran qonşuluğunda Azərbaycan adlı müstəqil dövlətin yaranması faktını həzm edə bilmir və bunu hər addımda büruzə verir. Səbəb isə İranda yaşayan on milyonlarla azərbaycanlıdır. İranda nəzərə alırlar ki, şimalda Azərbaycan adında müstəqil dövlətin mövcudluğu Cənubdakı azərbaycanlılar üçün nə dərəcədə güclü stimuldur. Ona görə də İran əvvəldən Azərbaycanın zəifləməsində, parçalanmasında maraqlı olub. Dəfələrlə Azərbaycanın yerləşdiyi ərazilərin əslində İrana məxsus olduğunu müxtəlif səviyyələrdə iddia edib. İranda ayətullahların nəzarətində olan mətbuat müntəzəm olaraq Azərbaycan əleyhinə təbliğat aparıb, ancaq heç vaxt Ermənistanın şiə, müsəlman ölkəsinin ərazisini işğal altında saxlamasını pisləməyib.
Digər mühüm səbəb isə Azərbaycanın müstəqillik əldə etdikdən sonra etdiyi strateji seçimdir. İstər Əbülfəz Elçibəyin prezidentliyi dövründə, istərsə də ondan sonra hakimiyyəti ələ alan Heydər Əliyev zamanında Azərbaycanın strateji seçimi Qərbə yaxınlaşmaq olub. Bura Qərb şirkətləri ilə imzalanan neft müqavilələri və Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşası, ABŞ-la hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq daxildir. Bu siyasi kurs indi də davam edir. Uzun müddət Azərbaycan əsasən İranın reaksiyasından ehtiyat edərək İsraillə siyasi səviyyədə münasibətləri inkişaf etdirməkdən çəkinib. Lakin yəhudi dövləti ilə daim yaxşı münasibətlərdə olub, təhlükəsizlik sahəsində yaxınlıq edib. İran isə heç şübhəsiz ki, onun qonşuluğunda Qərblə, İsraillə bu cür münasibətlərə malik ölkənin varlığından narahat olmaya bilməz. Geosiyasət prinsiplərini rəhbər tutan İran üçün Azərbaycana qarşı ona düşmən Ermənistanı müdafiə etmək, gücləndirməkdən təbii variant ola bilməzdi. Söhbət geosiyasi maraqlardan getdiyinə görə din və müsəlman həmrəyliyi məsələləri də çoxdan arxa plana itələnmiş olur. Beynəlxalq münasibətlər sisteminin tarixində bir ölkənin onun maraqları ilə uzlaşmayan digər ölkəyə qarşı onun düşmənini müdafiə etməsinə dair nümunələr kifayət qədərdir. Məsələn, Rusiya ABŞ-la çəkişən Venesuelanı dəstəkləyir, ABŞ isə Rusiyanın təsirindən uzaqlaşmaq istəyən keçmiş sovet respublikalarına güclü dəstək verir.
Siyasət şöbəsi.musavat
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder