ƏHMƏDİNEJAD AZƏRBAYCAN DİLİNƏ “VURULUB”
İrandakı seçkilərin taleyinin Təbriz başda olmaqla, Azərbaycanda həll olunacağını artıq prezident Mahmud Əhmədinejad da başa düşür. Təbrizin “Təxti” stadionunda tərəfdarları qarşısında çıxış edərkən o, bir sıra mesajlarla Azərbaycan seçicisinin səsini qazanmağa çalışıb. Ötən çıxışında türkcə şeir söyləyən İran prezidenti bu dəfə illərdir ibtidai məktəblərdə belə işlədilməsini yasaq etdiyi Azərbaycan türkcəsinin zənginliyindən danışıb. Əhmədinejad çıxışının bir hissəsini Azərbaycan dilində söyləyib.
“Azərbaycan dili ən mükəmməl, zəngin, dolğun və gözəl dillərdən biridir. Bu dil əslində İran xalqının mədəniyyətinin dayağıdır. Azərbaycan dili İran mədəniyyətinin sərmayələrindən biridir. Elə buna görə də mən Ali Mədəni İnqilab Şurasındakı dost və həmkarlarımdan bu dilin qorunması və ali təhsil ocaqlarında tədris olunması üçün şərait yaradılmasını xahiş etmişəm. Əlbəttə, onlar bu dilin tədris olunmasından nigaran olduqlarını deyiblər. Mən isə onlara bildirdim ki, siz nə üçün müstəmləkəçilik dili sayılan ingilis dilinin yayılması qarşısında susursunuz, Azərbaycan dilinin yayılmasından isə narahat olursunuz” - deyə əlavə edib.
“Media forum”un xəbərinə görə, M.Əhmədinejad 8 il Ərdəbil vilayətinin ostandarı olduğundan Azərbaycan türkcəsi ilə yaxından tanışdır.
Cavid TURAN
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder