Qonşu dövlət qondarma respublikaya sərmayə qoymaqla Qarabağ nizamlanmasında mövqelərini gücləndirməyə cəhd göstərir
İsrail prezidentinin Bakıya gözlənilən səfərinə sərt reaksiya verən qonşu İran nədənsə Ermənistan və separatçı Xankəndi rejimi ilə əlaqələrinin genişləndirilməsini özü üçün ayıb saymır. Şimon Peresin səfəri ilə bağlı rəsmi Bakının ünvanına kifayət qədər sərt bəyanatlar səsləndirən Tehran sözdə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini dəstəklədiyini desə də, ermənilərlə işbirliyini inkişaf etdirməkdə davam edir.
Ermənistanın «Mitk» analitik mərkəzinin eksperti Eduard Abramyanın sözlərinə inansaq, hazırda İran tərəfi qondarma Dağlıq Qarabağ respublikasının iqtisadiyyatına sərmayə qoymağa cəhd göstərir. Qonşu dövlətin bunu Ermənistan və İran-Ermənistan təşkilatları vasitəsi ilə etməyə çalışdığı bildirilir. Bu məsələdə Tehranı Araz çayına yaxın ərazilər daha çox maraqlandırır.
Erməni ekspertinin bildirdiyinə görə, hazırda Tehranda kifayət qədər aktiv və maliyyə cəhətdən möhkəm «İran-Ermənistan dostluq birliyi» adlı bir təşkilat fəaliyyət göstərir. Bu təşkilata İranın ictimai-siyasi elitasının nümayəndələri və məmurları ilə yanaşı biznes və xüsusi xidmət orqanlarının təmsilçiləri daxildir. Təşkilatın əsas vəzifələrindən biri İran üçün həm siyasi, həm də iqtisadi baxımdan sərfəli olan «erməni layihələri»nə dəstək verməkdir.
«İran-Ermənistan dostluq birliyi» qondarma Dağlıq Qarabağ respublikasına investisiya layihələrinin təşəbbüskarlarından biridir. Təşkilat üzvləri hesab edir ki, investisiyalar yerli ermənilər üçün yeni iş yerlərinin açılmasını stimullaşdıracaq və bununla da əhalinin sayı artacaq. Öz növbəsində İran bu sərmayələrin hesabına iqtisadi nöqteyi-nəzərdən Dağlıq Qarabağda mövqelərini gücləndirəcək və nəticədə bu, Türkiyə, Rusiya və ABŞ-la müqayisədə Qarabağ nizamlanmasında Tehrana daha ciddi siyasi rol oynamaq üçün imkan verəcək.
Bütün bunlar belə deməyə əsas verir ki, Fələstində «müsəlman təəssübkeşliyi» çəkən İran qonşu Azərbaycan müsəlmanlarının torpaqlarını işğal edən Ermənistan və hətta separatçı Xankəndi rejimi ilə hərtərəfli əlaqələri qurmağı və inkişaf etdirməyi özü üçün prioritet məsələ hesab edir. Fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur…
İlham Sultanov /ANS PRESS/
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder