azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Ağustos 2008 Pazar

İslamda daşqalaq cəzası varmı?

İslamda daşqalaq cəzası varmı?
V. SADIQLI

Son illər istər xarici kütləvi informasiya vasitələrində, istərsə də ölkə mətbuatında bir sıra Şərq ölkələrində zinada suçlanan şəxslərin daşqalaq cəzasına məhkum edilməsi barədə yazılar gedir, bu cəzanın icrasını əks etdirən materiallar da yayımlanır. Bir sıra ərəb ölkələrində, Pakistanda, İranda daşqalaq hələ də qalır. Bu cəza ağlagəlməz üsullarla həyata keçirilir. Müqəssir öz doğmalarının, o cümlədən uşaqların gözü önündə daşqalaq olunur. Kişilər qurşağacan, qadınlar isə çiyninə qədər torpağa basdırılaraq canı çıxana qədər daşlanır. Bu ölkələr tamamən və ya bir qədər şəriət qanunları ilə idarə edildiyindən beynəlxalq aləmdə belə təsəvvür yaranır ki, bu tükürpədici edam aktları islam dininin tələbləridir. Doğrudanmı, Allah-taala zinaya yol vermiş şəxsləri bu yolla cəzalandırmağı tövsiyə edir?



Ən böyük

günahlardan biri



Zina bütün səmavi dinlərdə pislənilir. Tövrat da, İncil də, Quran da ailəni cəmiyyətin təməl daşı kimi götürür və vəfa, sədaqət, ismət və iffəti insanlığın vacib elementi sayır. Zina isə ailə institutunun dağılmasına yönəlmiş bir hərəkətdir, iyrəncdir, zülmdür, qeyri-insani hərəkətdir. Tövratda zina ən böyük günahlardan biri kimi verilir və bu suçu işləmiş adamların cəzasının daşqalaq olduğu deyilir: "Əgər bir nəfər ərdə olan bir qadınla yatarkən yaxalanarsa, həm qadınla yatan kişi, həm də qadın hər ikisi öldürülməlidir. Bu yolla şəri İsraildən uzaqlaşdırın" (Təsniyə 22-22). Bu, Tövratın hökmüdür. Amma bu gün İsraildə daşqalaq cəzası yoxdur. Zina İncildə də pislənilir. Amma İncildə daşqalaq cəzası yoxdur. Əksinə, bu cəzaya etiraz olduğu görünür. Yəhyanın müjdəsində deyilir ki, bir gün din alimləri və fəriseylər zina üstündə tutulmuş bir adamı İsa peyğəmbərin yanına gətirir və daşqalaq olunmasını istəyirlər: "Müəllim, Musa Qanunda bizə əmr edib ki, bunun kimiləri daşlayaq. Bəs sən nə deyirsən?" (Yəhyanın müjdəsi 8:5) İsa peyğəmbər onlara deyir: "İçinizdə kim günahsızdısa, ilk daşı o atsın". Bunu eşidəndə ağsaqqaldan tutmuş ən kiçiyinə qədər hamı gedir. İsa peyğəmbər qadına deyir: "Mən səni mühakimə etmirəm. Get, bundan sonra günah işləmə" (Yəhyanın müjdəsi 8:6-11). İsa peyğəmbərin "kim günahkar deyilsə, birinci daşı o atsın" deməsi ona qədər mövcud olan daşqalağa etiraz idi.



"Allahın dininin

buyurduğu bu cəzaya

görə..."



İslamda evli, ya subay olmasından asılı olmayaraq kəbindənkənar əlaqə günah sayılır: "Zinaya yaxın durmayın, çirkin bir əməldir, pis bir yoldur bu" (İsra 32).

Quranda bu suçu işləmiş adamlar üçün konkret cəza da var.

Nisə surəsində deyilir: "15. Qadınlarınızdan zinakarlıq edən varsa, bunu sübut üçün dörd nəfər şahid gətirin öz içinizdən. Şahidlik etsələr, beləsini evdə tutub saxlayın ölüncəyə qədər, yaxud bir yol açıncaya qədər Allah ona. 16. İçinizdən iki nəfər zinakarlıq edərsə, əziyyət verin onlara. Tövbə edib islah olunsalar, əl çəkin onlardan. Tövbələri qəbul edəndir, Rəhimdir Allah". Göründüyü kimi, burada edamdan, daşqalaqdan söz getmir. Üstəlik, on beşinci ayədə "Allah bir qapı açıncaya qədər" sözləri hansısa güzəştin olmasını, yeni bir ayə endiriləcəyini nəzərdə tutur. Yəni, zina edilməsi fərdin sonu deyil. Daha sonralar endirilən Nur surəsində (bu surə endirilmə ardıcıllığına görə yüz ikincidir) çubuqvurma cəzasının tətbiqi ilə ömürlük həbsin aradan qaldırıldığını görürük: "Zinaya yol vermiş qadına və kişiyə - hər birinə yüz sayda kötək vurun. Allaha və axirət gününə iman gətirmisizsə, Allahın dininin buyurduğu bu cəzaya görə nəbadə onlara rəhminiz gələ. Bir dəstə mömin də şahidlik eləsin onların aldığı bu cəzaya" (Nur 2).

Budur zina etmiş şəxslər barədə Quran hökmü.



Quranda "rəcm"



Amma əsrlər boyu zina üçün cəza deyiləndə ağıla daşqalaq gəlir. Bu mənada işlənən söz "rəcm"dir. Ərəb dilində bu söz daşlayıb öldürmək, daş atmaq, daşa tutmaq, söymək, qovmaq mənası verir. Quranda "rəcm" sözü daha çox şeytanla bağlı, qovulma mənasında işlədilir: "Elə isə çıx oradan, sən artıq qovulmuşsan" dedi Allah" (Hicr 34). Quranda bəzi peyğəmbərlərin qovulması, daşa basılması mənasında da "rəcm" işlənir. Və bütün hallarda bu, bütpərəstlərin üslubu, davranış tərzi, hədəsi kimi verilir: "Dedilər: "Ey Şuayb, dediklərinin bir çoxunu anlamırıq, biz səni zəif görürük. Qəbilən olmasaydı, səni daşa basardıq. Yoxdur sənin bizə görə bir dəyərin" (Hud 91)...



Bəs daşqalaq

hardan gəlir?



Zina etmiş şəxslər üçün cəza növü olaraq Quranda "rəcm" sözü işlənmir! Bəs zina üçün daşqalaq cəzası haradan çıxdı? Təbii ki, uydurma hədislər, rəvayətlər, əfsanələr əsasında belə bir cəza əsrlərdir tətbiq olunur. Bəs Quranda olmayan bu tükürpədici cəza növü hansı əsaslarla legitimləşdirilib? Nəyə görə şirk daha ağır cəza olduğu halda müşrik tövbə edərsə, onun tövbəsi qəbul edilir, amma zinaya yol vermiş şəxs öldürülür, özü də ağır işgəncələrlə.

Birinci uydurma: peyğəmbərimiz daşqalaq tətbiq edib. Deyilənə görə, peyğəmbərimizin zamanında Yəsribdə (Mədinə) yəhudilər arasında daşqalaq cəzası tətbiq olunurmuş. Bir dəfə Mədinə sözləşməsinə uyğun olaraq yəhudilər iki zina etmiş günahkarı cəzanın tətbiqi üçün peyğəmbərimizin yanına gətiriblər. Tanrı Elçisi onlardan Tövratda zinaya hansı cəzanın nəzərdə tutulduğunu soruşub. Tövratı gətiriblər və oradan rəcm barədə ayəni oxuyublar. Bundan sonra zinaya yol verən həmin yəhudilər peyğəmbərimizin əmri ilə daşqalaq edilib (Buxari, "Hüdud" 24, Müslim, "Hüdud" 27, Tirmizi, "Hüdud", 10, Macə, "Hüdud" 10). Olsun. Amma bu, daşqalağın müsəlmanlara tətbiqi üçün əsas ola bilməz. Daşqalaq tərəfdarları bu cəzanın müsəlmanlara tətbiqi faktlarının olduğunu da deyir, rəvayətlər söyləyirlər. Amma aydın Quran ayəsi gələndən sonra daşqalağın icra olunması imkansız idi.

İkinci uydurma: Nur surəsinin ikinci ayəsində subay zinakarlar nəzərdə tutulur. Mərhum Z.Bünyadovla V. Məmmədəliyevin 1992-ci ildə nəşr olunan Quran açıqlamasında da bu ayədə subayların nəzərdə tutulduğu iddia edilir. Bir qədər dəqiq desək, ayənin məalı bitəndən sonra oraya cümlə əlavə olunur: "Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun". (Bu, subay kişiyə və ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir). Maraqlıdır, hansı əsasla iddia edilir ki, burada söhbət subaylardan gedir? Bu cür əlavələr Quran mətninə müdaxilədir. "Zina" sözünün ərəbcədə həm subaylar, həm də evlilər üçün işləndiyi isə heç kəsdə şübhə doğurmur. Quran təfsirçilərindən Məhəmməd Əsəd Nur surəsinin ikinci ayəsinin təfsirində bunları yazır: "Zina bir-biri ilə evli olmayan bir kişi ilə bir qadın arasında - BUNLARIN HƏR BİRİ BİR BAŞQASIYLA EVLİ OLSUN, YA OLMASIN - ixtiyari olaraq gerçəkləşdirilən cinsi münasibət deməkdir. Bu səbəblə Qərb dillərinin bir çoxundan fərqli olaraq ərəbcədə evli bir kişinin başqa bir qadınla, ya da evli bir qadının ərindən başqa bir kişi ilə cinsi münasibətdə olması ilə (adultery) subaylar arasındakı cinsi münasibətin (fornication) arasında adlandırmada bir fərq yoxdur; yəni hər iki suç zina adlandırılır". Bundan başqa, İsra surəsində "Zinaya yaxın durmayın, çirkin bir əməldir, pis bir yoldur bu" (İsra 32) deyilir, bəs burada hansı zinadan söz gedir? Bəs burada necə? Məncə, hörmətli mütərcimlər üçün bunun fərqi yoxdur, ona görə mötərizə açıb heç nə yazmayıblar. Çünki əsas olan daşqalağı legitimləşdirmək idi.

Bundan başqa, Quranda zinaya yol verən cariyələr haqda belə deyilir: "Sizlərdən kimin mömin subay qadınla evlənməyə çatmırsa gücü, alsın mömin cariyələrdən birini. Çox yaxşı bilir Allah sizin imanınızı. Hamınız bir soydansınız, insansınız. Eləsə sahiblərinin izni ilə evlənin onlarla o şərtlə ki, ismət-abır gözləyələr, gizli bir dostu olmaya onların. Mehrlərini də insafla verin. EVLƏNDİKDƏN SONRA ƏXLAQSIZLIQ ETSƏLƏR, HÜRR QADINA VERİLƏN İŞGƏNCƏNİN YARISI DÜŞÜR BUNLARA" (Nisə 25). Göründüyü kimi, evli olan zinakar cariyələrə verilən cəza "hürr qadına verilən işgəncənin yarısı"dır. Təbii ki, burada Nur surəsində nəzərdə tutulan yüz çubuq cəzasının yarısı - əlli çubuq vurulması nəzərdə tutulur. Daşqalaq yolu ilə öldürmənin yarısı nəzərdə tutula bilərmi? Qurani-Kərimdə sanki belə yanlış izahların olacağı nəzərə alınaraq ayələrin çox aydın olduğu deyilir. "Nur surəsinin ikinci ayəsində subaylar nəzərdə tutulur" fikri də sanki önlənilib. Həmin surənin elə birinci ayəsində deyilir: : "Bu, bir surədir, onu nazil edərək FƏRZ BUYURMUŞUQ HÖKMLƏRİNİ. İbrət alasız deyə AYDIN AYƏLƏR nazil eləmişik bu surədə"

Üçüncü uydurma: daşqalaqla bağlı ayə varmış, bu ayəni keçi yeyib. (İbn Macə "Nikah" 36,1944; ibn Hənbəl 5/131,132,183; 6/269). Bəllidir ki, Quran ayələri hələ peyğəmbərimizin zamanında əzbər öyrənilmişdi. Bir keçi əzbər bilinən Quran ayəsini necə aradan qaldıra bilərdi? Zina belə bir böyük günah olduğu halda onun cəzası ilə bağlı ayənin "unudularaq" Quran kitab şəkildə yığılarkən keçinin müdaxiləsi üzündən diqqətdən kənarda qalması, Müqəddəs Kitaba daxil edilməməsi nə qədər məntiqə uyğundur?

Dördüncü uydurma: rəşidi xəlifə Ömər ibn Xəttab daşqalaqla bağlı ayə olduğunu və bu ayənin Qurandan kənarda qaldığını bilib, amma onu bərpa etməyə cəsarəti çatmayıb.

Hədis kitabları daşqalaq məsələsində rəşidi xəlifə Ömər ibn Xəttabdan da istifadə etməyə çalışıblar. Guya o deyib: "Gələcəkdə bəzi şəxslər peyda olacaq və "daşqalaq cəzasını Quranda tapa bilmirik" deyib onu inkar edəcəklər. Bu şəxslər oxun yaydan çıxdığı kimi dindən çıxacaqlar. Əgər xalqımın "Ömər Qurana əlavə edir" deməyindən qorxmasaydım, bu ayəni Qurana yazardım" (Buxari 93/21, Müslim "Hüdud" 8/1431, Əbu Davud 41/1). Ömər ibn Xəttab kimi peyğəmbərimizə yaxın olan bir şəxsin Allahdan yox, camaatdan qorxmasını düşünmək düzgün olmaz. Doğrudanmı o, "Zalımlardan qorxmayın, Məndən qorxun ki, tamamlayım sizə olan nemətimi" (Bəqərə, 150) ayəsindən xəbərsiz olub? Üstəlik, onun xarakteri də tarixdən çox yaxşı bəllidir. "Qurandan kənarda qalan" ayəni Qurana daxil etmək məsələsində onun kimlərdənsə qorxduğunu düşünmək son dərəcədə gülüncdür.

Rəvayətlərin birində deyilir ki, Əhzəb surəsi 73 ayə deyilmiş, Bəqərə surəsi qədər böyük imiş. Orada "Yaşlı kişi və qadın zina edərsə, Allahdan bir cəza olaraq mütləq onları rəcm edin. Allah əzizdir, Həkimdir" ayəsi varmış. Bəs onda "Quranı biz endirdik, Biz də onu qoruyacağıq" (Hicr 9) ayəsini necə başa düşək?

Zina çox ağır suçdur, qəbul edirik. Bəs Quranın bütövlüyünə şübhə eləmək, orada naqislik arayıb özündən ayə artırmaq necə? Görəsən, buna hansı cəza düşür?!
Vasif SADIQLI
525

Hiç yorum yok: