azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Ocak 2009 Perşembe

Prezident İlham Əliyev: “2008-ci il Azərbaycan üçün uğurlu olub”

Prezident İlham Əliyev: “2008-ci il Azərbaycan üçün uğurlu olub”

00:36 01-01-2009





Prezident İlham Əliyev Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, prezident təbrik nitqində 2008-ci ili Azərbaycan üçün uğurlu il adlandırıb.

Dövlət başçısı deyib ki, son dörd ildə Azərbaycan iqtisadi artım baxımından dünyada birinci ölkədir: “2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı və bunu bəyan etdi. Bu onu göstərir ki, Azərbaycanda aparılan ciddi, düşünülmüş iqtisadi islahatlar öz bəhrəsini verir və dünya miqyasında Azərbaycan çox böyük nüfuza malikdir”.

Azərbaycanda iqtisadiyyatın inkişafı üçün bütün lazımi tədbirlərin görüldüyünü söyləyən prezident ölkə iqtisadiyyatının 85 faizinin özəl sektorda formalaşdığını vurğulayıb: “Bu, böyük nailiyyətdir və onu göstərir ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafına xidmət edir və ölkəmizi gücləndirir. Biz bundan sonrakı illərdə də iqtisadi inkişafa böyük diqqət göstərəcəyik və əminəm ki, qarşıda duran bütün vəzifələrə nail olacağıq”.

“Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın uğurla başa çatdığını söyləyən dövlət başçısı son beş ildə ölkədə 750 min yeni iş yeri açıldığını, bunun da regionların inkişafına çox böyük təkan verdiyini qeyd edib.

Ərzaq təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlərin görüldüyün deyən İlham Əliyev kənd təsərrüfatında aparılan islahatlar, fermerlərə verilən güzəştlər, dövlət qayğısı, dövlət tərəfindən verilən kreditlərin uğurları şərtləndirən amillər olduğunu bildirib.

Azərbaycanda son beş ildə 1600 yeni məktəb tikildiyini qeyd edən prezident növbəti illərdə də bu siyasətin davam etdiriləcəyini vurğulayıb: “Ünvanlı sosial yardım proqramı icra olunur və bunun da çox böyük əhəmiyyəti var. Baxmayaraq ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı son beş il ərzində 49 faizdən 16 faizə düşüb, əminəm ki, 2008-ci ilin yekunlarına görə bu rəqəm daha da aşağı düşəcək, hələ ki, yoxsulluq şəraitində yaşayan vətəndaşlar var və dövlət onlara kömək üçün hər şeyi etməlidir. Ona görə ünvanlı sosial yardım proqramı bundan sonra da davam etdiriləcək və əminəm ki, Azərbaycanda yoxsulluq kimi ictimai bəla aradan qaldırılacaq”.

2008-ci ildə minimum əmək haqqı və minimum pensiyanın həcmi 50 faiz artırıldığını deyən prezident bu siyasətin davam etdiriləcəyini bildirib.

Yola saldığımız ildə məcburi köçkünlərin, qaçqınların sosial problemlərinin həlli və məşğulluğunun artırılması üçün bütün lazımi tədbirlər görüldüyün qeyd edən ölkə başçısı Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmadığını söyləyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllin ilə bağlı prosesdən danışan prezident münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün səylərin davam etdirildiyini vurğulayıb: “2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal altında qalan torpaqlarında vəziyyətlə bağlı çox önəmli qətnamə qəbul edilib. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü - Minsk qrupunun həmsədrləri bu qətnamənin əleyhinə çıxmışdı, qətnamə böyük səs çoxluğu ilə qəbul edildi. Bir tərəfdən bu, Azərbaycanın gücünü, artan nüfuzunu göstərir. Digər tərəfdən, onu göstərir ki, haqq-ədalət öz yerini tutmalıdır”.

Dünya ictimaiyyətinin Azərbaycanı dəstəklədiyini vurğulayan prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını bildirib: “Bunun başqa yolu yoxdur. Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcək. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün səyləri göstərəcəyik. Həm siyasi, həm diplomatik və lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin edir”.

Ordu quruculuğu sahəsində böyük işlər görüldüyünü bildirən ölkə başçısı bütün hərbi xərclərin 2 milyard dollara çatdığını qeyd edib: “2009-cu ildə bu rəqəm daha da artacaq. Biz bunu edirik, bunu etməliyik, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı istənilən yolla işğalçılardan azad edək. 2008-ci ildə keçirilən hərbi parad bizim hərbi gücümüzü hamıya göstərdi”.

Azərbaycan 2008-ci ildə enerji siyasətini də uğurla davam etdirib. Prezident ötən il həyata keçirilən layihələrdən danışıb, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərdiyini bildirib: “Azərbaycan, demək olar ki, qarşıda duran bütün neft-qaz məsələlərini uğurla həll edib. İxracın şaxələndirilməsinə nail olub. Bu gün Azərbaycan nefti və qazı həm ölkəyə xidmət göstərir, - Azərbaycanda qazlaşdırma artıq 85 faizə çatıbdır, - eyni zamanda, bu, bizə iqtisadi imkanlar yaradır, siyasi imkanlarımızı genişləndirir. 2008-ci ildə Bakıda keçirilən Enerji sammiti bunun bariz nümunəsidir. Bakıda qəbul edilmiş qərarlar nəinki Azərbaycanın gələcək enerji siyasətini möhkəmləndirir, eyni zamanda bölgədə, Avropada, geniş mənada dünyada yeni vəziyyətə gətirib çıxarılmasına xidmət göstərəcək”.

Energetika sektoruna böyük vəsait qoyulduğunu deyən ölkə başçısı son beş ildə Azərbaycanda 6 elektrik stansiyası tikildiyini, bir neçəsinin bərpa edildiyini bildirib.

2008-ci ildə böyük tarixi əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanıldığını xatırladan prezident nəqliyyat sektorundakı digər yenilikləri də qeyd edib.

Dünya azərbaycanlılarının həmrəyliyi gününə toxunan ölkə başçısı “Azərbaycan dövləti dünya azərbaycanlılarının təşkilatlanması üçün, həmrəyliyinin güclənməsi üçün öz səylərini göstərir və göstərməkdədir. Mən çox şadam ki, demək olar, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə bizim soydaşlarımız müvafiq təşkilatlarda fəaliyyət göstərirlər. Azərbaycan diaspor təşkilatları möhkəmlənir, güclənir və ölkəmizin maraqlarını təmin etmək üçün çox müsbət fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlıların məsələlərinin həlli üçün öz səylərini göstərir. Biz həmişə onları dəstəkləyəcəyik və bütün başqa ölkələrdə yaşayan azərbaycanlılar doğma Vətənə həmişə arxalana bilərlər”-deyə, vurğulayıb.

2008-ci ildə ölkədə prezident seçkiləri keçirildiyini qeyd edən İlham Əliyev Azərbaycan xalqının demokratik, azad şəkildə öz iradəsini ortaya qoyduğunu vurğulayıb: “Bu fürsətdən istifadə edərək, mənə göstərdiyi böyük etimada görə bir daha bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu böyük etimad və xoş münasibət məni daha da ruhlandırır. Mən beş il bundan əvvəl Azərbaycan xalqına söz vermişəm ki, ölkənin hərtərəfli inkişafı üçün əlimdən gələni edəcəyəm. Mən Azərbaycan xalqının rifahı, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi naminə çalışacağam. Bir daha demək istəyirəm ki, mənə göstərilən böyük etimad və inam məni həm çox ruhlandırır, həm də sevindirir. Mən bir daha Azərbaycan xalqına söz vermək istəyirəm ki, bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm ki, doğma xalqıma ləyaqətlə xidmət edim”.


LENT.AZ



Xəbərin oxunma sayı: 266

Hiç yorum yok: