azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Ocak 2009 Cuma

“HİZBULLAH” İSRAİLƏ İKİNCİ CƏBHƏ AÇMAĞA HAZIRLAŞIR

“HİZBULLAH” İSRAİLƏ İKİNCİ CƏBHƏ AÇMAĞA HAZIRLAŞIR
Yaxın Şərqdəki savaş genişlənə bilər
Türkiyə və Misir qanlı qırğını dayandırmaq üçün diplomatik təşəbbüslərə başlayır



İsrail ordusu Fələstinin Qəzza zolağında hərbi əməliyyatları tezliklə dayandırmasa, Livanın cənubuna nəzarət edən “Hizbullah” qruplaşması bu ölkəyə qarşı ikinci cəbhə açacaq. Bu barədə Londonda nəşr edilən ərəb qəzeti “Əl-Həyat” “Hizbullah” rəhbərliyindəki şəxslərdən birinə istinadən xəbər yayıb. İsrail mənbələri isə məlumat verir ki, ölkənin Livanla sərhədlərində təhlükəsizlik tədbirləri gücləndirilir və “Hizbullah”ın “Həmas”a dəstək üçün ikinci cəbhə açması ehtimalına qarşı bölgəyə hərbi qüvvələr yerləşdirilir.
İsrail təhlükəsizlik qüvvələrindəki mənbə Livan ərazisindən mümkün raket zərbələrinin qarşısnı almaq üçün tədbirlərin görüldüyünü açıqlayıblar.
“əL-Həyat” qəzetinin məlumatına görə, İsrailin Qəzza zolağında artıq dördüncü gündür davam edən əməliyyatların qarşısını almaq üçün “Hizbullah”la yanaşı, Türkiyə və Misir də tədbirlər hazırlayır. Bir gün əvvəl xarici işlər naziri Əli Babacan Ankarada Misir xarici işlər naziri Əhməd Əbu əl-Reytlə görüşü zamanı dörd bənddən ibarət atəşkəs planını təqdim edib. Plana hər iki tərəfin atəşi dayandırması, sərhəd-keçid məntəqələrinin açılması, Qəzza zolağının blokadasına son verilməsi və atəşkəsə dair beynəlxalq təminat daxildir. Qeyd edək ki, “Hizbullah” lideri Həsən Nəsrallah Fələstin ərazilərində baş verənlərə görə Misiri ittiham edib. O bəyan edib ki, Misir bölgəyə silah keçirilməsinə imkan vermək üçün sərhədləri açmalıdır. Əks halda törədilən cinayətin iştirakçısı olacaq.

İranda da fələstinlilərə və “Həmas”a kömək etməyin yollarını axtarırlar. Yerli mətbuata istinadən yayılan xəbərlərə görə, minlərlə könüllü Qəzza zolağına gedərək İsrailə qarşı döyüşməyə hazırdır. İsfahan Universitetində tələbələr İsrailə qarşı döyüşmək üçün könüllülər dəstəsinə yazılırlar. Dini lider ayətullah Əli Xamneyi İran müsəlmanlarını İsrailə qarşı cihada çağırıb. O deyib ki, bu qanuni özünümüdafiə müharibəsində həlak olan hər kəs şəhid sayılacaq. Tehranda isə on minlərlə adamın iştirakı ilə İsrailə qarşı nümayişlər keçirilir. Lakin İranın indiyədək maliyyə dəstəyi verdiyi “Həmas”a hərbi yolla kömək etmək imkanları məhduddur. Qəzza zolağına könüllülərin və silah-sursatın keçirilməsi demək olar ki, mümkün deyil. Bölgə tam blokadadadır, Misir isə Qəzza zolağı ilə sərhəddəki keçid məntəqəsini açmır. İsrailin “Həmas”a qarşı bu cür şiddətli güc tətbiqinin İrana mesaj olduğu haqda yazmışdıq.
İsrail mətbuatı isə xəbər verir ki, əməliyyatlarda İranın nüvə obyektlərini dağıtmaq üçün ABŞ-dan bir neçə ay əvvəl alınan GBU-39 “ağıllı bombaları” tətbiq olunur. 113 kiloqramlıq bunkerdağıdan bu bombaların dağıdıcı gücü 900 kiloqramlıq adi bombalara ekvivalentdir. Bu ilin sentyabrında ABŞ Konqresi İsrailə 1000 ədəd belə bomba satılmasına icazə verib. Hazırda İsrail aviasiyası həmin bombalardan “Həmas” döyüşçülərinin Misirlə sərhəddə qazdıqları tunelləri dağıtmaq üçün istifadə edir. Bu fakt İsrailin Qəzza zolağında başlatdığı məliyyatların İranın nüvə obyektlərini vurmaq yönündə məşq olduğunu bir daha təsdiq edə bilər.
Xəbərlərə görə, İsrail aviasiyası dekabrın 30-na keçən gecə Qəzza zolağına yeni zərbələr endirib. Bu zərbələr nəticəsində onlarla adamın öldüyü bildirilir. Fəlsətin mənbələri dörd günlük hava zərbələri nəticəsində ölənlərin sayının 400-ə yaxınlaşdığını xəbər verib. 2 minə yaxın adam yaralıdır. Ölənlər arasında azı 60 dinc sakin var, qalanlar “Həmas” üzvləridir. Hava zərbələrinin ardınca İsrail milyon yarıma yaxın adamın yaşadığı Qəzza zolağını qurudan və dənizdən da artelleriya atəşinə tutur. “Həmas” döyüşçüləri isə gecə İsrail ərazilərinə raket zərbələri endiriblər, 2 nəfərin öldüyü bildirilir. Şahidlərə istinadən yayılan xəbərlərə görə, İsrail aviasiyası gecə “Həmas”ın bir neçə inzibati binasına, o cümlədən İsmayıl Haniyənin evinə raket zərbəsi endirib. Baş nazir Ehud Olmert hökumətin iclasında bildirib ki, atəşkəs haqda çağırışları eşitmək istəmir və indi əsas diqqəti Qəzza zolağında terror infrastrukturunun dağıdılmasına yönəltmək lazımdır. Parlament müxalifətinin lideri Benyamin Netanyahu ilə görüşən baş nazir ona əməliyyatların gedişi haqda məlumat verib. O, xahiş edib ki, Netanyahu İsrailin başlatdığı əməliyyatın beynəlxalq ictimaiyyətə izah edilməsi missiyasını üzərinə götürsün. İsrailin baş naziri Yehud Olmert deyib ki, bombardman əməliyyatın hələ ilk mərhələsidir. Məlumatlara görə, İsrail Qəzza zolağı boyu quru qoşunlarını və tank birləşmələrini cəmləşdirməkdə davam edir.
Baş verənlər İsrailin hava zərbələrinin ardınca bölgədə quru əməliyyatına da başlayacağı, Qəzza zolağını işğal edib oradakı “Həmas” hökumətinin fəaliyyətinə son verəcəyini göstərir. Lakin ekspertlər qeyd edirlər ki, İsrailin bölgəyə quru qoşunları yeritməsi yeni və uzunmüddətli qarşıdurmanın əsasını qoyacaq. Bu halda İsrail əsgərlərinin Qəzza zolağında hər gün hücumların hədəfi olması qaçılmazdır.
Bu arada məlum olub ki, Türkiyə İsrailin ona xəbər vermədən bölgədə əməliyyata başlamasından sonra Suriya ilə bu ölkə arasında indiyədək göstərdiyi vasitəçilik missiyasını dayandırıb. İsrailin hərəkətlərini kəskin pisləyən Türkiyə bölgədə atəşin dayandırılması üçün diplomatik təşəbbüsə hazırlaşır. Yerli mətbuatın xəbərlərinə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan bölgədə yaranmış vəziyyətlə bağlı bu gün Suriya, İordaniya, Misir və Səudiyyə Ərəbistanına səfərə çıxacaq. Hökumət sözçüsü Cəmil Çiçək bu qərarın Nazirlər Kabinetinin iclasında verildiyini bildirib. O deyib ki, İsrailin hədsiz güc tətbiqi bölgədə sülhə olan ümidləri heçə endirib. Çiçək Türkiyənin hazırda Qəzza əhalisinə təxirəsalınmaz humanitar yardım göndərilməsini təşkil etdiyini də deyib. Onun sözlərinə görə, baş nazir bölgə ölkələri ilə müzakirələr zamanı İsrailin əməliyyatlarının dayandırılması və atəşkəs yaradılması səyləri nəzərdən keçiriləcək.
QISA ARAYIŞ: İslam Müqavimət Təşkilatı adı altında təsis edilən “Həmas” 1987-ci ildə Fələstin ərazilərində şeyx Əhməd Yasin tərəfindən qurulub. “Həmas” o vaxt Misirin radikal “Müsəlman qardaşları” təşkilatının Fələstin fraksiyasının əsasında yaradılıb. Təşkilatın mənzil-qərargahı Tehranda yerləşir. Lakin İran xüsusi xidmət orqanlarının nəzarətində fəaliyyət göstərən “İslami cihad” qruplaşmasından fərqli olaraq “Həmas” mübarizə strategiyasını və metodlarını seçməkdə sərbəstdir. Hərəkatın İordaniya, Livan və Pakistanda da mərkəzləri fəaliyyət göstərir. “Həmas”ın xarici əlaqələrini qurmaqla məşğul olan siyasi Büroya 1996-cı ildən Xalid Maşal başçılıq edir. Hazırda o, Suriyada yaşayır. “Həmas” İsraillə münaqişəni İslam və yəhudilik arasında müqəddəs müharibə kimi təqdim edir və onunla barışmır. Həmçinin “Həmas” islamın yayılması və dünyada islam qayda-qanunun hökm sürməsi ideologiyasına əsaslanır. “Həmas”a görə, istənilən yəhudi düşməndir, Fələstin ərazilərinin yəhudilərdən azad olunması isə müqəddəs vəzifədir. Hərəkatın illik büdcəsi təqribən 30 milyon dollardır. Həması yaradan Şeyx Əhməd Yasin 2003-cü ildə İsrail aviasiyasının dəqiq zərbəsi nəticəsində öldürülüb. Onun yerini tutan Əhməd Əiz ər-Rantisi də bir neçə ay sonra eyni aqibətlə üzləşib. Hazırda Qəzza zolağı “Həmas”ın siyasi şurasının üzvlərindən İsmayıl Xaniyənin nəzarətindədir. Təşkilatın liderinin kimliyi isə gizlidir.
Fərhad MƏMMƏDOV
845 dəfə baxılıb

Hiç yorum yok: