Müstəqil Azərbaycan bütün dünya azərbaycanlılarının dayağıdır
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyevdir
Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq bəşər sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, iş tapmaq, təhsil almaq məqsədilə doğma vətəni tərk edərək başqa ölkələrdə məskunlaşmışlar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.
Uzun bir dövr vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olmuş, sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan verməmişdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırmağa başlamışdı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran) dağılması zamanı qoyuldu. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Düz 17 ildir ki, Azərbaycanın milli bayramları sırasına bir möhtəşəm tarix də əlavə olunub: 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Müstəqil Azərbaycan dövlətçiliyi ilə bağlı bütün bayramlarımız kimi bu əlamətdar günün müəllifi də xalqımızın ümummilli lideri Heydər Əliyevdir. O dövrün hadisə və proseslərini həssaslıqla izləyənlər 1991-ci ilin 16 dekabrını yaxşı xatırlayırlar. Azərbaycan üçün çox ağır anlar idi. Dövlət müstəqilliyinə yenicə qovuşmuş Azərbaycan, bu nemətin şirinliyi ilə birgə tarixin acıları ilə də qarşı-qarşıya dayanmışdı. Azərbaycana qarşı yönələn təzyiqlərin, iddiaların ardı-arası kəsilmirdi. Xarici güclər regionun ən əhəmiyyətli məkanında yerləşən, zəngin təbii sərvətlərə, infrastruktura, insan potensialına malik bu ölkəyə yağlı tikə kimi yanaşır, tarixin təbəddülatlı anında gələcək inkişaf yolunu dəqiq müəyyənləşdirməyə, bu yolda ilk addımlarını atmağa hələ macal tapa bilməmiş Azərbaycanı formal müstəqillik pərdəsi altında, əslində, öz müstəmləkələrinə çevirməyə çalışırdılar. Bu ağır anlarda blokada şəraiti ilə üzləşərək mərkəzdən uzaq düşmüş Naxçıvan Muxtar Respublikası, ulu öndər Heydər Əliyevin muxtar respublkanın Ali Məclisinin Sədri kimi çalışdığı kabinet Azərbaycanın əsas beyin mərkəzi idi. Burada bütün ömrünü mənsub olduğu xalqın rifahına, Azərbaycan dövlətinin tərəqqisinə həsr etmiş qüdrətli dövlət adamı, respublikanın üzləşdiyi fəlakətli durumdan çıxış yolları haqqında düşünürdü. Dünyanın bütün qütblərində yaşayan soydaşlarımızın milli maraqlar ətrafında bir araya gələrək, bu çətin vəziyyətdən çıxmaqda Azərbaycana dəstək verməsi də, dahi strategin təsəvvüründə respublikanın xilasına yol açacaq vasitələrdən biri ola bilərdi. Elə bu məqsədlə də Heydər Əliyev Naxçıvan Ali Məclisinin 1991-ci il tarixli iclasında dünya azərbaycanlılarına üz tutdu. Onları birliyə, həmrəyliyə, Azərbaycanın köməyinə səslədi. Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: "Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır". Azərbaycanlıların yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış, illərdən bəri müxtəlif təzyiqlər qarşısında özünə qapılıb daxilində toplanan yaradıcılıq enerjisini reallığa çevirmək üçün əlverişli məqam gözləyən mübariz, mətin bir xalqın azadlıq ruhunun hayqırtısı idi. Məhz ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi hər il 31 dekabrda Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə qərar çıxardı. Beləliklə, bu gün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi tarixdə sabitləşdi. Əgər diqqətlə nəzərdən keçirsək, görərik ki, ulu öndərin bu çağırışında, düz 17 il öncə belə bir qərarın qəbulunda zərrə qədər də olsun emosional çalar, başqa xalqlara, mədəniyyətlərə qarşı yönəlmiş hər hansı aqressiv element yoxdur. Baxmayaraq ki, həmin dövrdə, əsasən, bu elementləri stimullaşdıranları qəhrəman hesab edərdilər. Millətçilikdən danışan kəslərin kimliyinin fərqinə belə varmadan, başqa xalqlara qarşı daha emosional şüarlar səsləndirənləri yuxarı başa keçirərdilər. Amma Heydər Əliyevin çağırışı belə notlardan, belə yanaşmalardan uzaq idi. Bu çağırış Azərbaycanın etnik-mədəni rəngarəngliyini nəzrdən qaçırmayan müdrik bir dövlət adamının, ölkənin gələcək taleyi ilə bağlı uzaqgörən strategiyasına əsaslanırdı. Qısa bir müddət keçəcək, bu tarixi qərar yenə də hər cür emosionallıqdan uzaq şəkildə mükəmməl azərbaycançılıq ideologiyasına, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevriləcəkdir. Ulu öndər xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra da xaricdə yaşayan azərbaycanlıların birliyi və təşklatlanması məsələsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmiş, müxtəlif xarici ölkələrə çoxsaylı səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğılarına daim böyük həssaslıqla yanaşmışdır. Azərbaycanın diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər xarici ölkələrdəki səfirliklərimizi də diaspor quruculuğu prosesinə cəlb etmiş, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında real iştiraka istiqamətləndirmişdir. Ulu öndərin hər il dekabr ayının 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Azərbaycan xalqına müraciəti, bu münasibətlə respublikamızda və xaricdə keçirilən ardıcıl tədbirlər də xalqımızın özünüdərki, mənəvi bağlılığı istiqamətində atılan mühüm tarixi addımlardandır. Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azəbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirə edilməsini nəzərə alaraq, 2001-ci ilin may ayının 23-də xüsusi sərəncam imzalamış, həmin sərəncama uyğun olaraq 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş dünya azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmişdir. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Heydər Əliyevin bu möhtəşəm mərasimdəki proqram xarakterli nitqi Azərbaycan diasporu qarşısındakı vəzifələri, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmişdir. Qurultaydan bir neçə ay sonra Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. 2002-ci il dekabr ayının 27-də isə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Dünyada fəaliyyət göstərən Azərbaycan icmaları ilə məşğul olan dövlət orqanının yaradılması və müvafiq qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirdi. Soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin genişləndirilməsini təmin etdi, haqq səsimizin dünyaya çatdırılmasına stimul verdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Heydər Əliyev Sarayında keçirilmiş təntənəli bir toplantıda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqində bu sözlər diqqəti cəlb edir: "Bugünkü müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının dayağıdır və bütün dünya azərbaycanlıları üçün örnəkdir. Mən əminəm ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da müstəqil Azərbaycan Respublikasına öz doğma münasibətlərini daim göstərəcəklər və bizim həmrəyliyimiz günü-gündən artacaqdır. Dünya azərbaycanlılarında millilik, milli vətənpərvərlik hissləri günü-gündən artır, bu da bizim həmrəyliyimizin güclənməsinin rəmzidir. Mən əminəm ki, bütün bu proseslər bundan sonra daha da inkişaf edəcəkdir". Bu gün təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hazırda nəinki ölkəmizdə, eyni zamanda, bütün dünya ölkələrində keçirilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ölkə ziyalıları öz təəssüratlarını bizimlə bölüşdülər.
RƏFİQƏ KAMALQIZI
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder