azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

30 Aralık 2008 Salı

Türkiyə bizi satarmı?

İlham TUMAS


Türkiyə bizi satarmı?





(İçimizdəki beyinsizlərin əməlləri üzündən bizi həlak edərmisən, Allahım?
Qurani-Kərim)


Artıq əlcək atılıb. Osmanlı qardaşlarımızın Ermənistanla sərhədi açmağa hazırlaşdıqları haqda xəbər Azərbaycanda və Türkiyənin ayrı-ayrı bölgələrində qəzəblə qarşılandı. Müxtəlif reaksiyalar verilir, cürbəcür şərhlər, bəyanatlar KİV-də yer alır. Düşmənlər, ürəyiqurdlular, iranpərəstlər, rusiyapərəstlər, daha nə bilim, nə "pərəstlər" Türkiyəyə, indiki türk hökumətinə illərdən bəri qəlblərində gəzdirdiklərini açıq-aşkar söyləmək üçün gözəl fürsət qazanıblar. Allah uğur verməsin...

Hər "qardaş"a öz "yetim"i

İndi məsələnin mahiyyətinə varmaq, baş verməsi ehtimal olunan bu "açılma" olayına soyuq başla yanaşmaq əvəzinə, insanlarımız daha çox köhnə ənənəyə sadiq qalaraq, "qardaş Türkiyə belə şey yapmamalıdır" deyə hayqırmağa üstünlük verirlər. Heç kim düşünmür ki, daha "qardaş-qardaş" oyunu getmir. Və bu oyun hər zaman görüntüdən savayı bir şey də olmayıb. Çünki "qardaş"ın nə yapdığını, nə yapacağını, ən önəmlisi isə nə yapmalı olduğunu ondan gözəl bilən bir kəs yoxdur. Və təbii ki, "qardaş" olsa belə, bu qardaşın 70 milyonluq "yetimləri" heç də biz "qardaş"ın 7 milyonluq yetimlərindən əskik deyil.

Haşiyə:

Ötənlərin birində Ərdoğan şəhərə başmaq seyrinə çıxmışdı. Bir qadın baş nazirə yaxınlaşıb, "mənim 7 yetimim var, mənə yardım edin" deyəndə, "ağ lampaçı" ona "sizin 7, mənimsə 70 milyon yetimim var" deyə cavab vermişdi.

O gün hörmət etdiyim politoloqlardan birinin müsahibəsini oxudum. Deyir, "bizi ruslara Atatürk təhvil verdi", nə bilim, "Türkiyə rəhbərliyi bizi satıb" və sair. Özü də tarixdən bolluca sitatlar gətirir. Türkiyə Cümhuriyyətinin qurulmasından başlamış, 20 Yanvar faciəsinə qədər. O, Türkiyənin Ermənistanla sərhədləri açmasını "türk xalqına, türk millətinə və Türkiyənin özünə böyük xəyanət" kimi dəyərləndirir. Sözlərindən belə çıxır ki, Türkiyənin işi-gücü yoxdur, siyasətini elə yalnız o biri "qardaşları"nın mənafeyinə uyğun şəkildə qurmalıdır, vəssalam.
Bəs, əslində, Türkiyə dövləti "nəçidir" və "nəçi" olmalıdır?
Bu məqamda Arximedsayağı evrikalar görüntüsü ilə qəzet səhifəsinə qəzəblə çırpılan bir sıra məsələlərə aydınlıq gətirməliyəm. Prinsipcə, müəllim düz deyir: "Türkiyə bizi satıb"! Bəli, bəli, satıb. Hələ bu "satış"ı əsaslandırmaq üçün bu cənabın tarixdən gətirdiyi faktlardan daha dəhşətli şeylər var. Əminəm ki, o, Atatürklə Leninin, İsmət İnönü ilə Çiçerinin yazışmalarından, cənab Molotovun, Mikoyanın Türkiyəyə səfərlərindən, orada apardıqları danışıqlardan, "bizə silah, sizə Qafqasiya" şərtindən, "Boğaz"larda boynuna daş bağlanıb batırılan Müstafa Sübhi və digər kommunist "desant"larının əhvalatından, həmçinin erməni, kürd probleminin ixracından da yaxşı xəbəri var.

Bəs "dövlətpərəstlik" nədir?

Hamı təsdiqləyər ki, hər bir dövlətin təşəkkül tapdığı ilk dövrlərdə onun qurucuları tərəfindən əsrlərə hesablanmış qlobal miqyaslı proqramlar və şərtlər cızılır. Sonradan dövlətdə baş verən hakimiyyət dəyişiklikləri və bir iqtidarın gəlib, o birinin getməsiylə qurucular tərəfindən cızılmış bu xətt qətiyyən pozulmur. Təbii, elə düdəmə dövlətlər də qurulub ki, onlarda belə şərtlər olmayıb, ancaq bu cür dövlətlər tarixin amansız sınaqları qarşısında davam gətirməyərək, dağılıblar. Ancaq bu şərt olursa, sonradan da həmin şərtə əməl olunursa, həmin dövlətə zaval yoxdur.
Məsələn, dünya nəhəngi ABŞ-ın əsrlərdən bəri sürüb gələn çox mühüm və dəyişməz şərtləri var ki, bunlardan biri də "Monre doktrinası"dır. Amerikan dövlət xadimi Monrenin cızdığı və artıq əsrlər boyu Amerika dövlətinin yürütdüyü xarici siyasət kursunun ana xəttini təşkil edən bu doktrinanın 3 şərti var:
1. Noncolonization
Cənubi və Şimali Amerika bundan sonra Avropa gücləri tərəfindən koloniyalaşmaya məruz qalmamalıdır.
2. No Transfer
Birləşmiş Ştatlar Yeni Dünya koloniyalarının bir Avropa gücündən, o biri Avropa gücünə keçməsinə laqeyd deyil.
3. Nonitervention
Birləşmiş Ştatlar Avropa işlərindən kənarda duracaq.

Beləliklə, bu 3 şərt ABŞ-ın uzun illər boyu bütün dünyada hegemon dövlət kimi formalaşmasına böyük zəmin yaradıb.

Axı, kimə aydın deyil ki, dövlətini qurmaq və onu möhkəmləndirmək üçün çox şeyləri qurban verməlisən.

Haşiyə:
Bu "qurban" məsələsi bizim qardaş Türkiyəyə də aiddir. "Atatürk bizi Rusiyaya satdı" deyəndə gərək nəzərə alaq ki, bu, satılma deyil, əslində, Atatürkün dövlət qurma işi idi və bu ənənə Ərdoğan hakimiyyətinin kəşfi deyil, Türkiyə dövlətinin Atatürk tərəfindən qoyulan vazkeçilməz şərtidir. Və nə qədər acı olsa da, həmin dövrün şərtlərinə görə, Atatürk tək Azərbaycanı və "Qafqasiya"nı deyil, Kipri, Mosulu, Kərkükü.... də quracağı möhtəşəm Türkiyəyə qurban verdi.

Türk dünyası bir yana, Azərbaycan bir yana

Ümumiyyətlə, qurulmuş dövləti möhkəmləndirmək üçün məmləkətin yekə kişiləri əllərindəki bütün vasitələrdən istifadə ediblər. Lazım olsa, bu yolda öz millətinin, dövlətini qurmaq üçün dəridən-qabıqdan çıxdığı xalqının belə cari haqlarını tapdalayıb, qanını töküb, günahlı-günahsız asıb, güllələyib. Bəli, dövlət qurmaq və dövləti möhkəmləndirmək sənəti məhz bunlardan ibarətdir: savaş, qan, güc, qurban...

Təsəvvür edin, milyonlarla insanın qanı bahasına qurulmuş bir dövlət özünün möhkəmləndirilməsi üçün hansısa "qardaş" dövlətin problemlərini çiyinlərində nə qədər daşıyar, nə qədər daşımağa borcludur və ümumiyyətlə, daşımalıdırmı? Bir dövlət ki, yaradılanda öz xalqının belə cəsədləri üstündən keçib, həmin dövləti idarə edənlər onu hansısa "qardaş" dövlətin xalqının problemlərinə qurban verərlərmi? Hörmətli politoloqu bilmirəm, ancaq mənim üçün bütün türk dünyası bir yanda, Azərbaycansa bir yanda olsun və "ya bütün türk dünyası, ya da Azərbaycan məhv olmalıdır" kimi şərt qoyulsun, mən düşünmədən Azərbaycanı seçərdim və türk dünyasının məhvi ilə sonuclansa belə, qanlar bahasına qurulmuş öz Dövlətimi, qanlar bahasına qurulmuş digər türk dövlətlərinin cəmisindən yüksəkdə tutardım. Məncə, bu "dövlət eqoizmi" o biri "qardaşlar"ımıza da aiddir...

İndisə Türkiyə "qurban"ları haqda

Bir qədər əvvəldən başlamaq zorundayam. O zamandan ki, Türkiyə dövləti təşəkkül tapdı. Ümumiyyətlə, həmin dövrlərə səthi də olsa, aydınlıq gətirmək zorundayıq. Çünki yuxarıda dediyimiz kimi, bu gün Türkiyənin Ermənistanla sərhədi açmaq məsələsi, çoxlarının fikirləşdiyi təki, indiki Ərdoğan hakimiyyətinin xislətində deyil, Türkiyə dövlətinin bərqərar olandan özündə ehtiva etdiyi və öndər Atatürkün qoyduğu siyasətin nüvəsindədir. Və qətiyyən Azərbaycana qarşı yönəlmiş siyasət deyil! Çünki bütün bunlar siyasət elminin əlifbasıdır və dövlət qurmaq işinə qərar vermiş nəhəng kişilərin əməl etməli olduğu yazılmamış klassik qanunlardır.
İndi görək, Türkiyə bugünkü Türkiyə olmaq naminə hansı "qurban"ları verib və onun verdiyi bu "qurban"lar sırasında Ermənistanla sərhədlərin açılması nə qədər önəm daşıyır?

Bu, millətin öz dövlətini qurma işində verməyə məcbur olduğu qurbanlarıdır ki, heç bizlər də bundan yan keçməmişik. İndi "ölüm-qalım" işinə çevrilmiş Qarabağ, artıq bizim olmayan Qərbi Azərbaycan torpaqları, bu yolda verdiyimiz şəhidlər... də Azərbaycanın öz dövlətini qurma prosesində canından ayrılan qurbanlar deyilmi?
Türkiyənin vəziyyəti daha qəliz olub və Atatürk bugünkü Türkiyəni qurmaq üçün daha böyük qurbanlar verib. Sonunda, vaxtilə bütün Avropaya hökm edən bir dövlət, Xilafətin son mənzili olan nəhəng Osmanlı İmperiyası indi müasir Türkiyənin "sığındığı" bu ərazi ilə kifayətlənməli oldu.
Və taleyin acı gərdişindən "qardaş" Türkiyənin xilafətdən qopub cümhuriyyət kimi qurulduğu ilk illərdə dürlü beynəlxalq konfranslarda, müxtəlif anlaşmalarda, müqavilələrdə verdiyi "qurban"lar dövr keçdikcə, ona da olmazın əziyyətlər bahasına başa gəldi, Bolqarıstandan qovulan türklərdən tutmuş, Kiprə, Mosula, Kərkükə qədər...
Ancaq elə Cümhuriyyətin ilk illərindəcə Qurtuluş Savaşında tökülən qanların əvəzi olaraq diplomatik görüşlərdə çox güzəştlərə gedilməsindən şikayətlənən böyük bir müxalifət yaranmışdı. Böyük Millət Məclisinin ayrı-ayrı bölgələrdən olan üzvləri Türkiyə Cümhuriyyətinin Lozanna konfransına göndərdiyi nümayəndə heyətinin əldə etdiyi nəticələri məmləkətin müstəqillik üçün apardığı Qurtuluş Savaşına bir üz qarası olduğunu iddia edirdilər. Ayrı-ayrı deputatların "Mehmetciyin süngüsüylə qazanılan möhşətəm qələbə Lozannada dəfn edildi", "bu müqavilədə kapitulyasiyon qoxusu var" kimi narazılıqları ilə yanaşı, əcnəbi diplomatların da Qurtuluş Savaşından qalib çıxmış türklərin, savaşdıqları kimi, danışıqlar apara bilmədiklərinə dair fikirləri var. Hər halda, İngiltərə nümayəndə heyətinin başçısı Lord Qurzonun aşağıdakı fikirləri nəhəng Osmanlının, Xilafətin son məskəni olan bu məmləkətin Cümhuriyyət qurmaq üçün hansı qurbanlara getdiyini anlamağa kömək edir: "Yunanıstan nümayəndə heyətinin rəhbəri Venizelos türk heyətinin tələblərini öyrənən kimi bir az ürəkləndi. Çünki bütün təmsilçilər türklərdən daha ağır şərtlər gözləyirdilər. Türklər isə bir çox mövzulara toxunmadıqları üçün o da bunların əvəzində xeyli güzəştlər əldə edə bildi".
Bütün bunlara rəğmən, Atatürkün də qol qoyduğu və böyük diplomatik uğur hesab etdiyi Lozanna müqaviləsi Böyük Millət Məclisi tərəfindən qəbul edildi.
İndi və elə o zaman da Türkiyənin iri dövlətlər qarşısında, əslində hansı şərtlərlə çıxış etməli olduğu haqda uzun-uzadı mübahisələr yapmaq olar. Ancaq bu mübahisələrin qara qəpik qədər də dəyəri yoxdur. Çünki ortada sərkərdə Atatürkün öz qanı və canı bahasına əjdahaların ağzından qurtardığı bir Türkiyə Cümhuriyyəti var. Bir də çoxillik daxili və xarici savaşlardan yorulmuş bir məmləkətin dərdlərini, onun hansı şərtlərlə və nə vaxt nəyəsə razı olub, iqtisadi yüksəliş dövrünə qədəm qoymalı olduğunu da bu məmləkətin baş Əsgərindən - Mustafa Kamal Paşadan qeyri kimsə bilməzdi. Atatürk bunu bilirdi və bildiyi kimi də yapdı! Həm də yapılması gərəkənlər tək bunlar da deyildi və böyük öndər onları da yapdı. Türkiyə yalnız Qurtuluş Savaşının deyil, həm də Mosulda, Kərkükdə böyük İmperiyadan sonra sahibsiz qalan yüzminlərin, yunanlar tərəfindən qanına qəltan edilən, ingilis baş naziri Dizraelinin "Qərbi Asiyanın açarı" adlandırdığı Kipr türklərinin qanı bahasına quruldu. Bugünkü Türkiyə "fəs inqilabı", "islamın dövlətdən ayrılması prosesi", Böyük Millət Məclisində əlini kürsüyə vurub "mən deyən olacaq" söyləyən Atatürkün zəhmiylə, günahlı-günahsız asılan, güllələnən, ölkədışına sürülən türk insanlarının həyatlarıyla quruldu. Türkiyə Cümhuriyyəti əsrlərin xilafətinə son verdi, dünya müsəlmanlarını "Allahın yerdəki kölgəsi"ndən mərhum etdi...

Qardaş köməyi, yoxsa dövlət marağı?

Maraqlıdır ki, bu boyda məmləkətin problemləri, dərdləri ilə tanış olmayan populist siyasilər Türkiyədən "qardaş" köməyi gözləyirlər və bunu da minnət kimi qonşu ölkənin boynuna yazırlar. Nə qədər nihilist səslənsə belə, məncə, heç kəsə sirr deyil ki, ötən əsrin əvvəllərində "Azəri qardaşlara köməyə qoşan" türk əsgərləri özləriylə təkcə "daşnak zülmünə qarşı süngü" yox, həm də Türkiyənin dövlət maraqlarını gətirmişdilər. Qanbir və dinbir qardaşlıq təkcə təmənnasız yardım ola bilməz axı. Ayrı-ayrı illərdə Bakıya, Naxçıvana, digər bölgələrə baş vuran, burada döyüşlər aparan, qan tökən türk paşalarına qardaşlıqdan ötə müqəddəs daha bir hiss hakim kəsilmişdi: Türkiyənin maraqları!
Əziz qardaşlarımız Bakıdan tutmuş Naxçıvana qədər bütün ərazilərin birinci Türkiyəyə mənsubluğuna çalışırdılar və buna iddia edirdilər. Yalnız bu iddianın baş tuta bilmədiyi təqdirdə isə ardından Azərbaycanın müstəqilliyi və bütövlüyü haqda tələb gəlirdi. Ancaq bu qardaşlıq yanğısının da sərhədləri sonsuz deyildi. Bu sərhədlər Türkiyənin dövlət maraqlarına zidd olan hər hansı olay, yaxud durumla bitirdi, necə ki, indiyə qədər dəfələrlə bitib. Türkiyənin dövlət maraqlarının başladığı yerdə isə "qurban"lar başlayır. Azərbaycanın sovetləşdirilməsi, Qafqazdan çəkilmə, erməni probleminin bu tərəflər ixracı və sair və ilaxır.
O zaman da belə idi, indi də belədir. Türkiyə - "qurbanlar" üstündə qurulmuş bu məmləkət, "qurbanlar"la da özünü möhkəmləndirməyə bu qədər meyllidirsə, buna sadəcə, normal və sakit yanaşmaq lazımdır. Və burada Ərdoğan hakimiyyətini ittiham etməyə, onu yalnız sözdə olan "türk birliyinə" xəyanət etməkdə suçlamaq yersizdir.

Bu Cümhuriyyəti Atatürk qurmuş

İndi də sərhədlərin açılıb-açılmaması məsələsi meydana çıxıb. Birincisi, əmin deyiləm, gündəmdə belə bir məsələ var. Olsa belə, bu informasiyalar hələ ki, ictimai rəyi yoxlamaq, mümkünlüyü istisna edilməyən bu "açılma"nın baş tuta biləcəyi halda, hansı reaksiyalar doğuracağını bəlirləmək üçündür. İkincisi, bu xəbərin daha çox dezinformasiya olduğuna inanıram.
Ancaq heç nəyə baxmayaraq, artıq şərhlər verilir. İndi bizlərdə hamı Ermənistan-Türkiyə sərhədinin açılmasının tək Azərbaycana deyil, həm də Türkiyənin özünə də vuracağı ziyandan bəhs edir. Ancaq nə etməli ki, başqa cür düşünənlər də yox deyil. Çünki bir qism də hesab edir ki, Türkiyənin Ermənistanla "alış-verişə" başlaması, bu dövlətlə normal münasibətlərdə bulunması Ermənistanı Rusiyanın cəngindən qurtarmağa hesablanıb. Guya, Ermənistan Türkiyədən asılı vəziyyətə düşəcək, ardından da Azərbaycana deyəcək ki, daha dost olduq, gəl, torpaqlarına sahib çıx...

O ki qaldı sərhədlərin açılmasının birbaşa Türkiyəyə xeyrinin olub-olmayacağına, bu artıq bizlik deyil. Təbii ki, "qardaş" kimi onu duyuq düşdüyümüz hansısa ziyandan xəbərdar etməyimiz lazımdır, ancaq dediyimiz kimi, "qardaş" özünə nə lazım olduğunu bizdən daha yaxşı bilir.

Əlqərəz, əgər Türkiyəyə Ermənistanla sərhədlərin açılması hava-su kimi lazımdırsa, bu "açılma" onun dövlət maraqlarına cavab verirsə, bütün sonrakı gedişlər ən incə nüanslarına qədər hesablanıbsa, ERMƏNİSTANLA SƏRHƏDLƏR AÇILACAQ! Heç nəyə baxmayaraq... Maraq var axı. İngilisin elə adı çıxıb...

Burası Türkiyədir, yavrum! Bu Cümhuriyyəti Mustafa Kamal Paşa Atatürk qurmuş! Bu məmləkətin mayası "qurban"larla tutulmuş! Burada dövlətə, dövlət maraqlarına namus məsələsi kimi yanaşarlar. Namus olan yerdəsə nə qardaşa baxarlar, nə bacıya...

ilham_tumas@mail.ru

LENT.AZ



Xəbərin oxunma sayı: 342

Hiç yorum yok: