azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Aralık 2008 Çarşamba

Azərbaycan nümayəndə heyətinin Türkiyənin Qars və İğdır şəhərlərinə səfərləri başa çatıb

Azərbaycan nümayəndə heyətinin Türkiyənin Qars və İğdır şəhərlərinə səfərləri başa çatıb
BAŞ KONSUL HƏSƏN ZEYNALOV: "KƏRBƏLAYİ İSMAYILIN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ ƏN BÖYÜK UĞURLARIMDANDIR"

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə aparıcı media orqanları rəhbərlərinin və jurnalistlərinin Türkiyənin Qars və İğdır şəhərlərinə səfərləri başa çatıb. Səfərin sonuncu günü - dekabrın 4-ü nümayəndə heyətinin İğdır şəhərində ermənilər tərəfindən qətlə yetirilən şəhid türklərin şərəfinə ucaldılmış muzey-abidə kompleksi ilə tanışlıqla başlanıb. Sonra qonaqlar erməni-rus işğalçılarına qarşı mübarizədə qəhrəmanlıqlar göstərmiş Kərbəlayi İsmayılın, ermənilər tərəfindən soyqırımına məruz qalaraq yurdlarından - tarixi Azərbaycan-Türk torpaqları olan İrəvan, Vedibasar, Zəngibasar və digər bölgələrdən zorla köç edilmiş soydaşlarımızın xatirəsinə ucaldılmış abidənin rəsmi açılış mərasiminə qatılıblar. İğdır yaxınlığındakı Daşburun kəndində yerləşən bu abidənin inşasının təşəbbüsçüsü Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalovdur. Mərasim görkəmli tarixi simaların - Mustafa Kamal Atatürkün, Heydər Əliyevin və hər iki dövlətin müstəqilliyi uğrunda şəhid olanların xatirələrinin anımı ilə başlayıb. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra mərasim iştirakçılarına Kərbəlayi İsmayılın həyatına və keçdiyi mübarizə yoluna dair qısa arayış verilib. Bildirilib ki, Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. Ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri türk torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizədə keçirib. 1931-ci ildə o, Araz çayını keçərək Daşburuna gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bundan sonra o, daşburunlularla birlikdə türk torpaqlarını qorumaq üçün mücadilə aparıb. Kərbəlayi İsmayıl 1948-ci ildə 78 yaşında vəfat edib. Tədbiri açan Daşburun bələdiyyəsinin rəhbəri Rza Qumtəpə bildirib ki, həmyerlilərinin ata və babaları erməni-rus təcavüzü ilə üzləşib. Bu səbəbdən onlar Vedibasar və Zəngibasardakı doğma yurdlarını, el-obalarını tərk edərək burada məskunlaşıblar. R.Qumtəpə, həmçinin Daşburun qəsəbəsinin tarixinə dair də maraqlı faktlar açıqlayıb. Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov abidənin ucaldılmasında əməyinin olduğuna görə fəxr etdiyini dilə gətirib. Abidənin ərsəyə gəlmə tarixçəsindən ətraflı bəhs edən baş konsul onu türk-azəri birliyinin yeni təcəssüm simvolu kimi dəyərləndirib, bu günü həyatında fəaliyyətinin ən uca nöqtəsi və ən böyük uğuru kimi qiymətləndirib. Millət vəkili Nizami Xuduyev Azərbaycan xalqının uzun illər Kərbəlayi İsmayıl kimi qəhrəmanların həyat yolu barədə təsəvvürə malik olmamasından təəssüfləndiyini bildirib: "Heç şübhəsiz, bu gün türk tarixinin önəmli hadisəsi baş verir. Mərhum Fərman Kərimzadənin əsəri əsasında çəkilmiş "Axırıncı aşırım" bədii filmi olmasaydı, biz yəqin ki, Kərbəlayi İsmayılın, bütövlükdə Azərbaycan xalqının rus-erməni işğalına qarşı apardığı silahlı mübarizəsi haqqında məlumatsız qalacaqdıq. Biz azərilər uzun illər sovetlərin tərkibində olmuşuq və obyektiv səbəblərdən məsələyə dəyər verə bilməmişik". "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Xalq qəzeti"nin şöbə müdiri Tahir Aydınoğlu çıxışlarında türk-azəri birliyinin müxtəlif dönəmlərdəki durumuna nəzər salıblar. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı diqqəti 1918-ci ildə Bakının erməni-daşnaq birləşmələrindən azad edilməsində türk ordusunun müstəsna roluna çəkib. O, I Dünya müharibəsi illərində Azərbaycandan Osmanlı türklərinə edilən dost yardımlarına, həmçinin çar Rusiyasına əsir düşmüş türk əsgər və zabitlərinin azadlığa çıxmaları istiqamətində Azərbaycan ziyalılarının mübarizəsinə dair də maraqlı faktlar açıqlayıb. "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli belə bir ehtiramı önəmli hadisə kimi dəyərləndirməklə yanaşı, Qarsda erməni-türk birliyini əks etdirən abidənin də ucaldılmasından təəssüf hissi ilə söhbət açıb. O, tarixi faktlara müraciət edərək bu cür halların sonradan böyük fəsadlarla müşayiət oluna biləcəyinin adi ehtimaldan deyil, dürüst gerçəklikdən qaynaqlandığını vurğulayıb. Çıxışlardan sonra mərasim iştirakçıları abidə barədə ətraflı tanış olaraq onun memarlıq və digər xüsusiyyətləri barədə məlumat toplayıblar. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov media təmsilçilərinin üçgünlük səfərlərinin yekunları barədə danışarkən bildirib ki, jurnalistlərimiz əvvəllər də hər iki bölgənin qonağı olublar. Əgər ilk iki tədbir əsasən tanışlıq xarakteri daşıyırdısa, bu dəfə missiya fərqli olub: "İndi biz əlaqələrin daha da inkişafında, mediamızın bölgədəki qlobal proseslər fonunda olayları ətraflı, dərin analitik düşüncə tərzi ilə işıqlandırmasında maraqlıyıq. İğdır və Qars səfərlərini Türkiyə daxilindəki yaşantıları və insanların bizim üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə münasibət tərzini öyrənmək nöqteyi-nəzərdən əlamətdar hadisə kimi dəyərləndirirəm. Onu da deməliyəm ki, mövcud təməlin qurulmasında baş konsulumuz cənab Həsən Zeynalovun müstəsna xidmətləri var".

Hiç yorum yok: