azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Aralık 2008 Çarşamba

Niyazinin "Rast"ı Türkiyədə səsləndirilib

Niyazinin "Rast"ı Türkiyədə səsləndirilib
XALQ ARTİSTİ MƏNSUM İBRAHİMOV: "TÜRKİYƏDƏ AZƏRBAYCAN SİMFONİK MUSİQİSİ VƏ OPERA SƏNƏTİNƏ BÖYÜK MARAQ GÖSTƏRİLİR"

Noyabrın 28-də maestro Niyazinin "Rast" simfonik muğamı Türkiyədə səsləndirilib. Qardaş ölkədən gələn dəvət əsasında reallaşan səfərdə bu əsəri İzmir simfonik orkestrinin müşayiətilə xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovdan ibarət üçlük təqdim edib. Bu günlərdə qardaş ölkədən qayıdan Mənsum İbrahimov səfər təəssüratlarını qəzetimizin oxucuları ilə paylaşıb: "Biz konsertdən üç gün qabaq Türkiyəyə məşq etmək üçün getdik. Orkestrə dirijorluq üçün dəvət alan əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovla birgə üç gün məşqimiz oldu. Noyabrın 28-də İzmir Mədəniyyət Sarayında Türkiyənin yüz nəfərlik orkestrinin müşayiətilə böyük maestro Niyazinin "Rast" simfonik muğamı səsləndirildi. Konsert anşlaqla keçdi və böyük maraqla qarşılandı. Konsert Türkiyənin dövlət televiziyası - TRT-1 tərəfindən yayımlandı. Əlavə olaraq həmin televiziya bizimlə bağlı reportaj da hazırladı. Məlumdur ki, Türkiyənin müxtəlif ali məktəblərində çox sayda azərbaycanlı tələbə təhsil alır. Biz həmin tələbələrlə görüş keçirdik. Onları maraqlandıran suallara cavab verdik. Ümumiyyətlə, səfərlə bağlı zəngin təəssüratımız var. Orada bir sıra təkliflər aldıq. Təkliflər sırasına yeni konsertlərin təşkil edilməsi də daxil idi. Türklər "Leyli və Məcnun" operasını yenidən öz opera səhnələrində görmək arzularını dilə gətirdilər. Türkiyə ictimaiyyəti ifamızda "Leyli və Məcnun" operası ilə tanış olublar. İndiyədək üç dəfə İstanbul şəhərində bu opera nümayiş etdirilib. Amma "Rast"ı Türkiyə dinləyicisi ilk dəfə eşitdi. Bu səfər zamanı, "Rast"ın təqdimatında Türkiyədə Azərbaycan simfonik musiqisi və opera sənətinə böyük maraq göstərildiyinin bir daha şahidi oldum. Yaxın gələcəkdə Türkiyə tərəfi Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər əlaqədar qurumların koordinasiyası ilə "Leyli və Məcnun"un yenidən orada nümayiş olunmasını nəzərdə tutur". Türkiyədə opera musiqisinin səviyyəsinin çox yüksək olduğunu deyən M.İbrahimov qardaş ölkədəki simfonik orkestrlərin çox səriştəli olduğunu, "Rast" simfonik muğamını da möhtəşəm ifa etdiklərini nəzərə çatdırıb: "Türkiyədə ümumiyyətlə 6 opera teatrı var. Ankara, İstanbul, İzmir kimi böyük şəhərlərdə fəaliyyət göstərən bu teatrlar səriştəli heyətinə görə seçilir. Bizim ölkədən bir çox musiqiçilər Türkiyənin opera teatrlarında çalışırlar". M.İbrahimov Türkiyənin dövlət televiziyasında hər həftənin şənbə günü efirə verilən "Sən türkünü söylə" adlı sənət musiqisi yarışması barədə də fikirlərini bölüşüb: "Sözügedən müsabiqədə tələbəm Qızılgül Babayeva da iştirak edir. Müsabiqə təşkilatçılarının dediyinə görə, türkiyəli tamaşaçılar onu çox fəal şəkildə dəstəkləyir və Qızılgülə çoxlu səs göndərirlər".
Sevinc MÜRVƏTQIZI

Hiç yorum yok: