azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

12 Aralık 2008 Cuma

AKP hökuməti Ermənistanla sərhədləri açmağa cürət edə bilməz

AKP hökuməti Ermənistanla sərhədləri açmağa cürət edə bilməz

Nəsib Nəsibli: "Çünki bu Qarabağın işğalına haqq qazandırması demək olardı"
Fazil Mustafa: "Qarabağ münaqişəsi həllini tapmadan sərhədlərin açılması baş verməyəcək"

Türkiyə-Ermənistan sərhədlərinin açılması ətrafındakı müzakirələr səngimir. Qeyd edək ki, hələlik rəsmi Ankara sərhədlərin açılıb-açılmayacağına dair rəsmi qərar verməsə də, ölkə daxilində aparılan ictimai təbliğat daha çox sərhədlərin açılması yönümündə olduğuna görə Azərbaycanda da bu məsələ ilə bağlı narahatçılıqlar getdikcə artır.

Hətta bəzi versiyalarda bu, rəsmi Ankaranın Türkiyənin bu vaxta qədər apardığı siyasi xəttə zidd olan addım kimi dəyərləndirilərək, belə bir addımın atılmasının Azərbaycan-Türkiyə münasibətlərində də ciddi problemlər yarada biləcəyi istisna edilmir. Lakin sərhədlərin açılacağına inanmayanlar da var. Millət vəkili, politoloq Nəsib Nəsibli bildirib ki, hələlik Türkiyə-Ermənistan danışıqlarının hansı məsələlər üzrə aparıldığı barədə kifayət qədər informasiyalar olmadığına görə rəsmi Ankaranın sərhədləri açacağı barədə səsləndirilən fikirlər də reallığı əks etdirmir. "Tutaq ki, Türkiyə Ermənistanla sərhədləri açır. Amma beynəlxalq hüquqda qarşılıq deyilən bir termin var. Yəni Türkiyə Ermənistanla sərhədlərini açırsa, Ermənistan tərəfdən də buna qarşılıq olaraq nəsə verilməlidir. Ermənistanın Türkiyəyə veriləcək nəyi var ki? Birtərəfli şəkildə isə heç vaxt əlaqələr qurula bilməz"- deyən millət vəkili onu da əlavə edib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi adi məsələ deyil və buna Türkiyənin özündə də kifayət qədər həssas yanaşılır. "Mən AKP-də təmsil olunan insanları və bu partiyanın ideologiyasını sevmirəm. Ancaq bilirəm ki, AKP hökuməti Ermənistanla sərhədləri açmağa cürət edə bilməz. Çünki Qarabağ məsələsi həll olunmadan belə bir addımın atılması Türkiyənin Ermənistanın işğalına haqq qazandırması demək olardı"- deyən millət vəkili sərhədlərin açılmasının Türkiyənin inkişafında hər hansı irəliləyişlər etməyəcəyini deyib. AKP hökumətinin millətçiləri sıxışdırmaqla bu siyasəti gündəmə gətirməsinin "Ergenekon" hadisələri ilə bağlılığı məsələsinə gəlincə isə Nəsib Nəsibli bildirib ki, "Ergenekon" sonu olmayan bir məsələdir və AKP-nin bu məsələni həll edib-edə bilməyəcəyini qarşıdakı proseslər göstərəcək. "Amma burada söhbət təkcə "Ergenekon"la bağlı deyil. Türkiyə cəmiyyətinin özündə kifayət qədər milliyyətçi əhval-ruhiyyəsi güclüdür. Türkiyə üçün DQ məsələsi birinci məsələ olmasa da, həlli vacib olan məsələdir. Ona görə də inanmıram ki, Türkiyə Ermənistanla sərhədlərini açsın".

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin yenidən gündəmə gəlməsi rəsmi Ankaraya edilən beynəlxalq təzyiqin masştabı ilə bağlıdır. Həm Avropa Birliyindən, həm də ABŞ tərəfindən Türkiyəyə güclü təzyiqlərin olduğunu bildirən millət vəkilinə görə, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan sərhədlərin açılması baş verməyəcək. Rəsmi Ankaranın bütün müzakirələrdə sərhədlərin açılması üçün DQ münaqişəsinin həllini əsas şərt kimi önə çəkdiyini qeyd edən millət vəkilinə görə, bu problemin həllini tapması Türkiyənin özü üçün də strateji məsələdir. O ki qaldı rəsmi Ankarada Ermənistana qarşı son vaxtlar loyal münasibətin müşahidə edilməsinə, millət vəkili buna da böyük dövlətlərin münasibətləri müstəvisində baxmağın tərəfdarıdır. Onun fikrincə, son dövrlər Rusiya-Türkiyə münasibətlərində ciddi dəyişikliklər baş verib. Türkiyə və Rusiyanın əsas maraqlarının kəsişdiyi yerin Ermənistan olduğunu vurğulayan millət vəkili hesab edir ki, böyük dövlətlərin Ermənistanla bağlı apardığı siyasətə baxmayaraq rəsmi Ankara öz gündəliyindən DQ münaqişəsinin həllini çıxarmır və bunu etməyəcək də. "Əgər bu gün Ermənistan hansısa himayədarlarının hesabına belə iddialarla çıxış edirsə, Türkiyə bu addımları atsa, sabah Ermənistan daha böyük iddialarla çıxış edə bilər. Ona görə də mən sərhədlərin açılmasını gözləmirəm".
Vüsalə Rafiqqızı

Hiç yorum yok: