azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

11 Aralık 2008 Perşembe

İRANDA AZƏRBAYCANLI SIYASI MƏHBUSLARI MÜDAFIƏ ASSOASIASIYASININ (ADAPP) AYLIQ HESABATI – NOYABR 2008-CI IL

İRANDA AZƏRBAYCANLI SIYASI MƏHBUSLARI MÜDAFIƏ ASSOASIASIYASININ (ADAPP) AYLIQ HESABATI – NOYABR 2008-CI IL
Wed, Dec 10th 2008

Son aylar İranda azərbaycanlı mədəni fəallar və tələbələrlə rəftar narahatlıq doğuracaq səviyyədə pisləşməkdədir. Fəallar özbaşına həbs olunur, məhkəməsiz, ittihamsız, vəkil tutmaq icazəsi olmadan və görüş haqqı verilmədən işgəncə və digər zorakılıq təhlükələri ilə üz-üzə qalırlar.


Kərəc və Tehran şəhərlərində tutulmuş mədəni fəalların son durumu


Noyabrın 9-da Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanaraq, müvəqqəti həbs edilən Tehrandakı «Pəyami-nur» universiteti hüquq fakültəsinin bakalavr pilləsinin tələbəsi Haşım Bərzgər 21 gün həbsdə saxlandıqdan sonra noyabrın 30-da girov müqabilində Evin zindanından azadlığa buraxılmışdır. Həbs edildikdən sonra o, Evin zindanının Təhlükəsizlik Nazirliyinin nəzarətində olan 209-cu korpusunda təkadamlıq kameraya yerləşdirilmiş və yalnız noyabrın 28-də cümə günü, azadlığa buraxılmasından iki gün əvvəl həmin zindandakı ümumi kameraya köçürülmüşdür. Bərzgəri bu müddətdə fiziki və mənəvi təzyiqlərə məruz qalmış, ona ailəsi ilə əlaqə saxlamaq və vəkil tutmaq icazəsi verilməmişdir. Eyni zamanda bu mədəni fəalın həbsindən sonra ailəsi məhkəmə və təhlükəsizlik orqanlarına onun tutulmasının səbəbi və saxlandığı yer barədə müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Üstəlik, Haşım Bərzgərin həyat yoldaşı Sevil xanım Əsədullahi noyabrın 17-də təhlükəsizlik orqanları tərəfindən telefonla hədələnmişdir ki, ərinin vəziyyəti ilə maraqlanmaqda davam etsə və bu barədə məlumat yaysa, onun barəsində ölçü götürüləcəkdir.


Noyabrın 13-də Sərdari-milli Səttarxanın ölümünün ildönümü ilə əlaqədar Tehran yaxınlığındakı Şah Əbdüləzim qəbristanlığında keçirilən mərasim təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsi ilə qarşılaşmışdır. Mərasim iştirakçılarından 10 nəfərə qədəri həbs olunmuş, onlardan bəziləri sorğu-suala tutularaq, bir neçə saatdan sonra həmən gecə azad edilmişlər; təhlükəsizlik məmurları onların bir neçəsinin mobil telefonlarını və sənədlərini alaraq, hələ də özlərində saxlamaqdadırlar.


Həmin mərasim zamanı tutulmuş Tehrandakı şəhid Rəcayi universitetinin müəllimi Abdullah Abbasi Cavan və Ərdəbil şəhərindəki Razi texnikumunun islam cəmiyyətinin sabiq katibi Hüseyn Hüseyni hələ də həbsdə saxlanılırlar. Onlara qısa bir telefon danışığından savayı, ailələri ilə əlaqə saxlamaq və ya görüşmək imkanı verilməmşdir. Bu iki mədəni fəalın ailə üzvlərinin dediyinə görə, onların həbs olunmasının ardınca Evin zindanına və Tehran inqilab məhkəməsinə dəfələrlə müraciət etsələr də, məsul şəxslər bu insanların həbsdə olduqlarını inkar etmişlər. Amma onlar özləri noyabrın 23-də evləri ilə qısa telefon danışığı zamanı Evin zindanının 209-cu korpusunda təkadamlıq kamerada saxlandıqlarını xəbər vermişlər. Əlaqədar orqanlar onların həbsi ilə bağlı ailələrinə hər hansı məlumat verməkdən imtina etdikləri üçün hələlik onlara qarşı irəli sürülən ittiham və tutulmalarının səbəbi barədə dəqiq informasiya əldə yoxdur. Əvvəllər müşahidə etdiyimiz halları nəzərə alsaq, bu fəalların işgəncəyə və digər təzyiq növlərinə məruz qalmaq qorxusunun olduğunu söyləyə bilərik.


Mühəndis Abbasi Cavan ötən il də (17 iyul 2007-ci il) Tehranda yaşadığı mənzilində həbs olunaraq, 130 gün Evin zidanının 209-cu korpusunda saxlanmışdı. Həmin həbs dövründə o, fiziki və mənəvi işgəncələrə məruz qalmışdı. Daha sonra o, Tehran inqilab məhkəməsinin 15-ci şöbəsi tərəfindən 5 il ərzində gerçəkləşmək şərtilə bir illik həbs cəzasına məhkum olundu. Azərbaycanın bu mədəni fəalının bacısı oğlu olan Hüseyn Hüseyni də əvvəllər təhlükəsizilik qüvvələri tərəfindən həbs edilərək, fiziki və mənəvi işgəncələrlə müşayiət olunan istintaqa məruz qalmışdır. Bu ilin iyun ayının axırlarında o, həbs olunaraq, bir ay müddətində Nəqədə (Sulduz) və Ərdəbil şəhərləri Təhlükəsizlik İdarələrinin təcridxanalarında saxlanmış, sonra isə 100 milyon riyallıq girov müqabilində azadlığa buraxılmışdı.


Bu arada Səttarxanı anma mərasimində həbs olunmuş daha bir nəfər – Tehran Azad universiteti mikrobiologiya fakültəsinin tələbəsi Sirus Hüseynnejad girov müqabilində zindandan azad edilmişdir. Hələlik ona qarşı hansı ittihamın irəli sürüləcəyi və nə vaxt mühakimə ediləcəyi bəlli deyil. Hüseynnejad azadlığa çıxdıqdan sonra həbs müddətində təhlükəsizlik qüvvələrinin onunla pis rəftar etməsi barədə xəbər vermişdir. O, bundan əvvəl də 2006-cı ilin may ayında Azərbaycan şəhərlərində keçirilən nümayişlərdə iştirak etdiyinə görə həbs olunaraq, 40 gün müddətində Evin zindanında təkadamlıq kamerada saxlanmış, həmçinin bir semestr təhsil hüququndan məhrum edilmişdi. Həmin nümayişlər rəsmi «İran» qəzetində nəşr olunmuş və əksər azərbaycanlıların təhqiramiz saydığı karikaturaya etiraz əlaməti olaraq keçirilmişdi.


Azərbaycan mədəni fəallarından daha biri – Tehran «Pəyami-nur» universiteti ingilis dili tərcüməçiliyi fakültəsinin tələbəsi və quru qoşunlarının 29 yaşlı çavuşu Firuz Yusifi Səttarxanı anma mərasimindən bir gün sonra, noyabrın 15-də həbs edilmiş və Evin zindanının 209-cu korpusuna göndərilmişdir. Yusifi dekabrın 8-də 24 gün həpsdə qaldıqdan sonra 500 milyon riyallıq girov müqabilində azadlığa buraxıdı. Cənab Yusifi «dövlət quruluşu əleyhinə təbliğat» da ittiham olunur.o həbs müddətində vəkil tutmaq haqqından məhrum edilməsinə qeyri-müəyyən durumuna və edilən təzyiqlərə etiraz əlaməti olaraq, aclıq aksiyasına əl atmağa məcbur olmuşdu.


Təbrizdə həbslər


Ötən həftələrdə Təbrizdə də bir neçə azərbaycanlı mədəni fəal və jurnalist həbs olunmuşdur ki, onlardan bəzilərinin harada saxlandığı bəlli deyil, onlara qarşı ittiham irəli sürülməmiş, yaxınları ilə görüşmək və vəkil tutmaq imkanından məhrum edilmişlər.


Jurnalist və qadın hüquqları müdafiəçisi Şahnaz Qulami noyabrın 9-da bazar günü Təbrizdəki evində Təhlükəsizlik Nazirliyi məmurları tərəfindən axtarış aparıldıqdan sonra həbs olunmuşdur və hələ də həbsdə saxlanmaqdadır. Noyabrın 15-də o, Təbriz Təhlükəsizlik İdarəsinin təcridxanasından Təbriz həbsxanasının qadın korpusuna köçürülmüşdür. Ailə üzvləri onun harada saxlandığını öyrənə bilsələr də, hələlik xanım Qulaminin nə üçün həbs olunduğu onlara aydın deyil. Jurnalist və «Azerwomen» vebloqunun sahibi Şahnaz Qulami sentyabrın 24-də Təbriz inqilab məhkəməsinin birinci şöbəsi tərəfindən «dövlət quruluşu əleyhinə təbliğat» ittihamı ilə altı aylıq həbs cəzasına məhkum edilmişdi. O, apelyasiya şikayətinə baxılmasını gözləyirdi və girov müqabilində azad edilmişdi. Bu jurnalist xanım ötən il Azərbaycanın müxtəlif şəhərlərində keçirilən nümayişlərin zorakılıqlı yatırılmasına etiraz bildirən məqalələr yazdığına görə bir ay, 1990-cı illərin əvvəllərində isə siyasi fəaliyyətinə görə 5 il həbsdə saxlanmışdır.



Təbrizdəki Azərbaycan mədəni fəallarından başqa biri – Cəmşid Zarei noyabrın 18-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuşdu. Zarei 9 gün müvəqqəti həbsdə saxlandıqdan sonra noyabrın 27-də cümə axşamı günü 20 milyon tümənlik girov müqabilində Təbriz həbsxanasından azad edilmişdir. Yaxınlarının dediyinə görə, o, demək olar, bütün həbs müddətini Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanaraq, fiziki və mənəvi təzyiqlərə məruz qalmış, bu müddətdə ona vəkili və ailəsi ilə təmas saxlamaq imkanı verilməmişdir. Sözügedən şəxs bu ilin may ayında Azərbaycandakı 2006-cı il may etirazlarının ikinci ildönümündə də tutularaq, üç ay həbsdə saxlanmış və bu yaxınlarda onun barəsində altı aylıq şərti həbs hökmü çıxarılmışdı.



Azərbaycanın tanınmış şairi, yazıçısı və jurnalisti Məhəmmədrza Ləvayi noyabrın 21-də cümə günü səhər Şərqi Azərbaycan ostanının Əhər şəhəri yaxınlığındakı Xoca bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq, naməlum yerə aparılmışdır.


Cənab Ləvayinin həbsindən iyirmi gündən də artıq vaxt keçməsinə baxmayaraq, ailəsi hələ də onun tutulmasının səbəbini və saxlandığı yeri bilmir, məhkəmə və təhlükəsizlik orqanları isə bu şairin həbsini öz üzərlərinə götürmürlər. Buna görə ciddi ürək ağrılarından da əziyyət çəkən Məhəmmədrza Ləvayinin zindandakı sağlamlığı ilə bağlı narahatlıq artmaqdadır. Məhəmmədrza Ləvayi bundan əvvəl Təbrizdə, Azərbaycan siyasi fəalarından Qulamrza Əmaninin və iki qardaşının dəfn mərasimində təhlükəsizlik məmurları tərəfindən həbslə hədələnmişdi.


Çıxarılmış hökmlər


Qərbi Azərbaycan ostanının Maku şəhərindən olan Sabir Beytullahi və Bəhmən Nəsirzadə adlı iki azərbaycanlı hüquq fəalı Xoy şəhər inqilab məhkəməsinin birinci şöbəsi tərəfindən bir il şərti həbs cəzasına məhkum edilmişlər. Bu şəxslərin məhkəməsi cari ilin oktyabr ayının 5-də bazar günü hakim Əlirza Novruzinin sədrliyi ilə qapalı şəkildə keçirilmişdir. Qiyabi surətdə çıxarılmış hökmdə bu şəxslər GAMOH təşkilatına üzv olmaqda, dövlət quruluşuna müxalif qurumun (GAMOH-un) xeyrinə təbliğat aparmaqda, Maku şəhərində vərəqələr yaymaqda, pantürkist və separatçı fəaliyyətlərdə, islam respublikası quruluşunu yıxmağa çalışmaqda ittiham olunurlar. Sabir Beytullahi 2004 və 2006-cı illərdə təqribən 6 ay Maku şəhər mərkəzi həbsxanasında və Maku Təhlükəsizlik İdarəsinin təcridxanasında saxlanmışdır. O, 2006-cı ildə Xoy inqilab məhkəməsi tərəfindən 6 ay həbsə məhkum edilmiş və hökmün icrası 4 il müddətinə təxirə salınmışdı.


Bundan əlavə, Əbhər şəhərindəki milli fəallardan Səfərəli Xoyini Zəncan şəhər inqilab məhkəməsinin birinci şöbəsində hakim Məsum Xaninin sədrliyi ilə keçirilən iclasda 6 ay həbsə məhkum edilmişdir ki, bu hökmun icrası iki il təxirə salınmış vəziyyətdə olacaqdır.


Əvvəllər Zəncan Azad universitetində «Şəhriyar» adlı tələbə nəşrinin baş redaktoru olmuş bu mədəni fəal 2007-ci ilin fevral ayında Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilmiş tədbirdə iştirakına görə Zəncandakı fəallardan bir neçəsi ilə birgə həbs olunmuş və 18 gün həmin şəhərin Təhlükəsizlik İdarəsinin təcridxanasında saxlanmışdı, sonra isə girov müqabilində azadlığa buraxılmışdı.


Hakim Məsum Xani hökmü Xoyiniyə verməkdən imtina etmiş və onun təkidlərinə cavab olaraq, demişdir: «Mən hökmu sizə verə bilmərəm, çünki siz onu İnternetdə yayacaq, ya da başqa bir ölkəyə təqdim edib siyasi sığınacaq alacaqsınız».


Azərbaycanın digər mədəni fəallarının vəziyyəti


İyul ayının 17-dən bəri 8 nəfər tələbə fəalı ilə birlikdə Təbrizdə müvəqqəti həbsdə saxlanan zabit və azərbaycanlı mədəni fəal Dariyuş Hatəmi bu yaxınlarda 50 milyon tümənlik girov müqabilində azadlığa buraxılmışdır. O da həmin tələbələr – Maqsud Əhdi, Mənsur Əminiyan, Aydın Xacei, Əmir Mərdani, Fəraz Zehtab, Səccad Radmehr, Məcid Makuyi və Ehsan Nəcəfi kimi «milli təhlükəsizliyə xələl gətirmək üçün qeyri-qanuni qruplar təşkil etmək və onlarda üzvlük»də və «dövlət quruluşu əleyhinə təbliğat»da ittiham olunur. Həmin şəxslərə qarşı irəli sürülən ittihamlara baxış üzrə ilk məhkəmə iclası 17 yanvar 2009-cu il tarixdə keçiriləcəkdir.


Dekabrın 1-də bazar ertəsi günü Təbriz inqilab məhkəməsinin 2-ci şöbəsində yazıçı və hüquq müdafiəçisi Həmid Valayiyə qarşı irəli sürülən ittihamlara baxış üzrə ilk iclas keçirilecekdi ama Həmidin ve müdafiəçisinin huzuruna baxmayaraq bu iclas keçirilməmiştir. Həmin iclasda o, «dövlət quruluşu əleyhinə təbliğat» ittihamı ilə mühakimə olunacaqdı. Həmid Valayi cari ilin iyun ayının 15-də Təbrizdə təhlükəsizlik məmurları tərəfindən həbs olunmuş və Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlandığı 13 gün ərzində işgəncə və zorakılığa, o cümlədən, döyülməyə və psixoloji təzyiqlərə məruz qalmışdır. Belə ki, verilmiş işgəncələr onun dişlərinin sınmasına, damağında qanaxmalara, sağ ayağında və baş nahiyəsində zədələnmələrə səbəb olmuşdur.


İxtisasca hüquqşünas olan və Şərqi Azərbaycan ostanı vəkillər kollegiyasında üzvlüyü Təbriz Təhlükəsizlik İdarəsi tərəfindən əngəllənmiş Həmid Valayi son günlər Şərqi Azərbaycan ostanı vəkillər kollegiyasının insan haqları komissiyasına yazdığı açıq məktubda öz hüquqlarının bərpasını və həbsdə olduğu müddətdə baş vermiş qanun pozuntularının araşdırılmasını tələb etmişdir.


Noyabrın 26-da Ərdəbil inqilab məhkəməsində milli kimlik uğrunda mübarizə aparan bir neçə tələbəyə, o cümlədən, Ərdəbil Azad universiteti tələbələrinin islam cəmiyyətinin katibi və «Xəzər» tələbə dərgisinin baş redaktoru Ərdəşir Kərimi Xiyavi, yazıçı-jurnalist Rəhim Qulami və mədəni fəal Vədud Səadətiyə qarşı irəli sürülmüş ittihamlara baxılması üzrə iclas keçirilmişdir. Bu işə baxmağı öz öhdəsinə götürmüş Ərdəbil inqilab məhkəməsinin sədri Həsənzadə iclas başlamazdan əvvəl müttəhimlərin vəkili Mehdi Hüccətinin adı çəkilən şəxsləri müdafiə etmək üçün onlarla müqavilə bağlamasına etirazını bildirərək, onu danlamış və nəhayət, hakim Həsənzadənin göstərişi ilə müttəhimlərin vəkili üç saat inqilab məhkəməsinin binasında həbs edilmiş, o da sonda sözügedən iş üzrə vəkillikdən əl çəkməyə məcbur olmuşdur.


Qadın hərəkatının azərbaycanlı fəallarından olan Fəranək Fərid noyabrın 25-də çərşənbə axşamı günü Təhlükəsizlik İdarəsinə çağrılmış və onun qadın hüquqlarına dair Türkiyədə keçiriləcək konfransda iştirakına maneçilik törədilmişdir. Üç qonşu ölkədə – İran, Turkiyə və Azərbaycan Respublikasında qadın hüquqlarının vəziyyətinə həsr olunmuş bu konfrans üç gün ərzində (28-30 noyabr) İstanbulda keçiriləcəkdi və adı çəkilən xanım həmin konfransda iştirak və çıxış üçün dəvət almışdı.


Noyabrın 3-də Əhər məhkəməsi istintaq idarəsinin birinci şöbəsi Şərqi Azərbaycan ostanı Əhər şəhərində yaşayan orta məktəb şagirdi İbrahim Nuriyə məhkəməyə gələrək, öz müdafiəsi üçün son dəlilləri təqdim etmək barədə çağırış göndərmişdir. İnsan haqları fəallarının bildirdiyinə əsasən, bu şagird kimlikçi fəaliyyətinə görə məhkəmə istintaqına məruz qalmışdır və əvvəllər (cari ilin aprel ayında) oxuduğu məktəbin direktoru tərəfindən 3 gün müddətinə məktəbdən qovulmuşdur. Son 4-5 ildə İran məktəblərində tədrisin yalnız fars dilində aparılması qeyri-fars xalqların, o cümlədən, azərbaycanlıların, kürdlərin, ərəblərin müxtəlif təbəqələrinin etiraz obyektinə çevrilmişdir.


2008-ci ilin may ayında bir illik məhkumluğunu çəkmək üçün Xoy həbsxanasına göndərilən Azərbaycan yazıçısı Həmid Rüstəmi (Arğış) cəzasının yarısını (altı ay) çəkdikdən sonra şərti azadlıq hüququndan istifadə etməklə, bu yaxınlarda (2008-ci ilin noyabrında) azadlığa çıxmışdır. Milli kimlik uğrunda mübarizə aparan bu azərbaycanlı yazıçı ötən il Xoy inqilab məhkəməsinin hökmü ilə bir il həbs, iki il Bicara sürgün cəzasına məhkum edilmiş və onun əsərlərinin nəşrinə üç il müddətinə qadağa qoyulmuşdu. Bildirilir ki, onun sürgün edilməsi ilə bağlı hökm ölkənin Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir. Rüstəmi 21 fevral 2006-cı ildə Beynəlxalq Ana Dili Günündə Azərbaycan şəhərlərində keçirilən kütləvi həbslər zamanı Xoy şəhərinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanmış və qeyd olunan hökmlə üzləşmişdi.


Əhli-həqq məzhəbindən olan məhbusların durumu


Urmiya zindanındakı əhli-həqq məhbuslarından üç nəfəri – İbadullah Qasımzadə, Səhəndəli Məhəmmədi və Bəxşəli Məhəmmədi noyabrın 17-də 13 illik həbs və sürgün cəzalarını çəkmək üçün Yəzd mərkəzi həbsxanasına köçürülmüşlər. Bunlar əhli-həqq məzhəbindən olan həmən 5 məhbusdan üçüdür ki, 2005-ci ildə «təhqiramiz vərəqələr nəşr etmək, bidətçi və


küfrlə dolu etiqad yaymaq, inqilab rəhbərini təhqir etmək, asayiş qüvvələrinə müqavimət göstərmək, icazəsiz odlu silah saxlamaq və ondan istifadə etmək, quruluşa qarşı silahlı mubarizəyə qalxmaq» kimi ittihamlarla həbs olunmuş və nəhayət, 2006-cı ildə 13 illik həbs və sürgün cəzasına məhkum edilmişdilər. Urmiyadakı əhli-həqq məhbuslarından ikisi – Mehdi Qasımzadə və Yunis Ağayan edam cəzasına məhkum olunmuşlar və hələ də həmin şəhərdəki zindanda saxlanılırlar. Onu da qeyd etmək lazımdır ki, bu məhbuslar son zamanlar iki dəfə uzunmuddətli aclıq aksiyasına əl atmışlar, bu da onların fiziki durumuna ağır təsir göstərmişdir. Onlar sentyabrın 15-dən başlayaraq, 55 günlük aclıq aksiyası keçirmişlər.

Hiç yorum yok: