azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

12 Aralık 2008 Cuma

Pişəvərinin davranışları üzərinə tənqidi baxış

Güntay Gəncalp

Pişəvərinin davranışları üzərinə tənqidi baxış



- Pişəvərinin yeri ulusal tariximizdə, ulusal düşüncəmizdə hardadır?

- Pişəvərinin düşüncə çizgisi haqqında bilgilənmək çox önəmlidir. Yəni bir fərdi tanıya bilməmiz üçün onun düşüncəsinin oluşma və olqunlaşma sürəcini öyrənməliyik. Həyatı boyunca özümsədiyi düşüncələrin məzmununu və qaynaqlarını bilməklə önəmli bilgilər əldə edə bilərik. Çünkü bir hərəkəti yönləndirən o hərəkətin öncülərinin fikirləridir. Bu açıdan baxıldığında Pişəvərinin siyasi dünyagörüşünü bilmək gərəkməkdədir. Pişəvərinin yerini də bu şəkildə təsbit edə bilərik.

- Yəni Pişəvərinin daha öncəki dünyagörüşü 1945-46-cı illər olayını etkiləmişmi?

- Pişəvəri “Milli Hökumət”in başına keçmədən öncə bir kommunist, bir leninist idi. Bu yolda uzun zamanda zindanda qalmışdı. Pişəvərinin düşüncə çizgisini izlədiyimizdə, onun baxışında bəzi cüzi dəyişikliklərin ortaya çıxdığına tanıq oluruq. Lakin kökdən bir dəyişiklik olmamışdır. Pişəvəri fikrən və hissən öz kommunist keçmişi ilə hesablaşmamışdı. O kommunist keçmiş ki, orada Türk kimliyinə daima ikrahla baxılmışdı. Kommunizm İrana girdiyi gündən etibarən Türk kimliyinə qarşı tutum sərgiləmişdir. Bəlkə bu üzdən olsa gərək ki, Pişəvərinin sözlərinin, yazılarının içində heç bir zaman “türk” sözünə rastlanmırıq. Sovetlərdə Musavatçı kimliyə qarşı Stalin tərəfindən ortaya qoyulmuş Azərbaycançılıq çox zəif şəkildə Pişəvərinin nitqlərində görünməkdədir. 21 Azərdəki şüarları, meydanlarda söylənən şeirləri incələdiyimizdə bu hərəkətin sinfi yönünün milli yöndən daha artıq olduğunu görürük. Bu şeirlərdə feodalizm lənətlənir.

- Feodalizmin lənətlənməsinin milli məslə ilə bir ilgisi yoxmu?

- Feodalizm bir tarixi sürəcdir. Feodalizmi ortadan qaldırmaq milli hərəkətin amacı olmamalı idi, çünkü bunu başara bilməzdi. Feodalizmi ortadan qaldırma tarixin vəzifəsidir. Yəni tarixi irəliləyiş sürəcində burjuazi meydana çıxdığında feodalizm öz-özünə tarix səhnəsindən geri çəkilər. Feodalın malını alıb yoxsullara paylamaq nəticəsində Azərbaycanda güc sahibi olan feodallar Tehran rejimini özləməyə başladı. Milli hərəkət o zaman feodallarla dost olmasaydı da ən azından özünü düşmən kimi də göstərməməli, neytral davranmalı idi. Bəlkə də gücləndikdən, Azərbaycanda istiqrar bərqərar etdikdən 10-15 il sonra feodalizmə qarşı inqilabi şəkildə deyil, başqa növ savaş açmaq mümkün olardı. Yəni Azərbaycana qarşı olan xarici təhdidlər, özəlliklə Tehran Təhdidi ortadan qalxdıqdan sonra dövlət planlaması əsasında ölkədə sənayeləşmə gedər və milli burjuazi yaranardı. Feodalizmi bu şəkildə tarixə gömmək olardı, 4-5 feodalın malını, torpağını alıb rəiyətlər arasında paylamaqla feodalizm ortadan qalxmaz. Feodalizm bir iqtisadi sistem olaraq tarıma bağlılıqdır. Tarım iqtisadi sisteminin yerini sənayeləşmə aldığında feodalizm də öz kültürü ilə tarixdə qalar. Yoxsa feodalların yerlərini rəiyətlər arasında paylamaqla feodalizmin kültürü ortadan qalxmaz.

- Milli hökümətin feodallara qarşı davranışı doğru olmamaışdır deyirsiniz?

- Hər hansı bir iş ediləcəksə, onun zamanlamasına çox diqqət etmək lazımdır. Öncə dövlət qurulmalı, özünü savunacaq gücü olmalı, sonra düşmən və dost tanımları gəlişməlidir. O zamankı ən çox da şeir olaraq yazılan ədəbiyatı oxuyanda görürük ki, milli məsləyə çox da önəm verilmir, daha çox sinfi mübarizəyə önəm verilir. Sadəcə bu sinfi mübarizənin məkanı Azərbaycan olaraq göstərilir. Azərbaycan düşmənə qarşı mübarizənin səngəri kimi göstərilir. Hansı düşmənə? Feodallara qarşı! Yəni o zaman fars şovinizminin Türklərə qarşı hər cür saldırısına rəğmən bir tək yerdə “fars şovinizmi” ifadəsi tələffüz edilmir. Feodalizmə qarşı mübarizəni də sovetlər körükləyirdi. Sovetlər və sovet yanlısı olan Pişəvəri türk milli kimliyinin ortaya çıxmasından yana deyildilər. Çünkü türk kimliyi ortaya çıxdığında Sovet məkanındakı türkləri də təsirləndirə bilərdi. Buna nə Sovetlər izn verərdi, nə də Pişəvəri bunu istərdi. Pişəvərinin ən zəif cəhəti də fikir baxımından bu idi. Bu zəif cəhətini ortadan qaldırmaq üçün məxfi şəkildə də olsa öz kommunist keçmişi ilə hesablaşmalı və Ruslara bu qədər güvənməməli idi. Bir liderin güvən yeri milli iradə olmalıdır, başqa bir ölkənin siyasi fəlsəfəsi deyil.

- Bunu bir az daha açarmısınız?

- Pişəvəri İrani kimlikdən, yəni farsçılığı təmsil edən İranı kimlikdən zehni baxımdan tam olaraq ayrılmamışdı. Onun Təbrizdə söylədiyi məşhur bir nitqi var. Deyir ki: “Azərbaycan gəncliyi bütün İran gəncliyinə nümunə olacaq.” Adama sormazlarmı ki, sənin İran gəncliyi ilə nə işin var? Sormazlarmı ki, sən Azərbaycan kimliyi inşa etmək istəyirsənsə nədən Azərbaycan gəncliyinin milli enerjisini və diqqətini İrana nümunə olmağa göstərirsən? Bütün bu söyləmlərin hamısı dünyanı bürüyən Sovetizasion söyləmlərindən başqa bir şey olmamışdır. O zaman Azərbaycan əhalisinin sayını 4.5 milyon olaraq qeyd edirlər. Yəni bu az miqdarda olan toplumun qurtuluşçu söyləmləri vətən mehvərli olmalı idi. İndi də o şəkildə. Bu gün də Türk gəncıiyinin tarixi missionu öz milli kimliyini, milli dilini, milli coğrafiyasını, milli ordusunu, milli bilincini inşa etməkdən ibarətdir. Tarixdəki söyləm yanılqısı içinə girməmiz bizə çox baha başa gəlmişdir.

- O zaman fərqli söyləm gəlişdirmək mümkünmü idi? Həm zamanın özündə bizim mənafeyimiz açısından bəzi əksiklikləri var idi, həm də o zaman dünyanın böyük gücləri Azərbaycanda buynuz-buynuza gəlmişdilər.

- Önəmli bir şəxsiyət zamanın içində olmaz, zamanın üstündə olar, zamandan yüksək olanları düşünər. Zatən zamandan yüksəyə çıxa bilməmək, məslən hətta 10 il sonrakı gələcəyi görə bilməmək hesabına milli mübarizə sinfi mübarizəyə endirilmişdi. Yəni sözdə milli deyilirdi, ancaq davranış olaraq sinfi mübarizə idi. Ayrıca, o zaman mövcud olan ən böyük xətalardan biri də böyük dövlətlərlə münasibətdə alternativsiz bir politikanın izlənməsi idi. Yalnız ruslara güvənilmişdir. Qərb dövlətləri Pişəvərinin keçmişindən dolayı ona güvənə bilməzdilər, çünkü o zaman İkinci Dünya Savaşından qalib çıxmış və ya qalib çıxdığı təbliğ edilən sovetlər Qərbi təhdid edirdi. Sovetizm ideologiyasına qapılmış şəxslərə, özəlliklə İran və Azərbaycan konusunda Qərb ölkələri güvənmirdi. Onlarla tərəf müqabil olmaq istəmirdilər. Pişəvəri keçmişi ilə hesablaşmış olsaydı, bu güvəni yarada bilərdi. Pişəvəri tək alternativli davranmaq yerinə bir neçə alternativ gəlişdirə bilsəydi, biz məğlub olmazdıq. Pişəvəri bir şəkildə Qərbə isbat etməli idi ki, Azərbaycan Sovetlərin üssü olmaq fikrində deyildir.

- Ancaq Pişəvərinin bu şəkildə davranmasına Sovetlər izn verməzdi. Çünkü o zaman Sovet ordusu Təbrizdə və Azərbaycanın dəyişik yerlərində idi.

- Sovetlərin buna izn verib-verməməsi başqa konudur. Söz konusu Pişəvərinin zehniyətində bu şəkildə bir planın olub-olmamasıdır. Pişəvərinin davranışları və yazıları belə bir planın olmadığnı göstərir. Yəni Pişəvəri istəsəydi öz nimayəndələrini gizlin şəkildə də olsa Qərb səfirlikləri ilə görüşdürə bilərdi. Məncə hər halda Qərb ölkələri də bu görüşə hazır olardılar. Belə bir girişimlərin olmadığı görünür. Belə bir plan olsaydı Azərbaycan məsələsi Stalinin inhisarından çıxıb başqa böyük dövlətləri də maraqlandıra bilərdi. Yəni anlaşılan budur ki, dünyaya hakim olan o günkü şərtlər içində Azərbaycan məsələsi yaxşı ortaya çıxmışdı, ancaq yaxşı davam edə bilmədi. Davam etdirəcək kadrlar yox idi.

- Pişəvəri Sovetlərə getməsə idi, Təbrizdə qalıb savaşsa idi, Azərbaycan Milli Məsələsinin aqibəti fərqli ola bilərdimi?

- Pişəvəri Təbrizdə qalsaydı heç savaş da olmayacaqdı bəlkə. Yəni Tehran özü hamıdan öncə Azərbaycanın haqlarını tanıyacaqdı.

- Bunun üçün yetərli tarixi bir dəlil varmı?

- Doktor Cavad Heyətin Firuz Heyət adında bir qardaşı var. Firuz Heyət Amerikada “Reform” adında bir dərgi çıxarırdı. Bu dərgidə 1946-cı ildə Tehrandan Təbrizə yollanan ordunun başında duran Sərhəng Fuladvəndin xatirələri yayıldı. Fuladvən yazır: “Biz fədailərin imanından çox qorxurduq. Təbrizə gedərkən Zənganda Ordu oturaq salmışdı. Gecə yarısı əsgərlərin birinin tüfəngindən təsadüfən bir güllə açıldı. Elə bildik fədailər hücuma keçmiş. əsgərlərimiz qorxularından pərən-pərən dağıldılar.” və Reform dərgisinin ikinci sayısında yenə də Sərhəng Fuladvənd davam edir: “Əgər Azərbaycanı savunacaq 500 fədai olsaydı, bizim intihardan başqa çarəmiz yox idi. Bütün fədailərin silahlarını almışdılar. Biz də çox rahat şəkildə Azərbaycan girdik.” Bilirsiniz ki, tehrandan gələn bu ordu Azərbaycan böyük qətllər törətdi. Bu ordunun qarşısında o zaman Təbrizin baş mollası olan Şəriətmədari qurban kəsdi. Yəni şəhərin baş mollaları da sovetizmin din düşmənliyindən qorxuya düşmüşdülər. Bu mollalarla da gizlin və ya açıq şəkildə münasibət qurulmamış, onlara dəyər verib milli cəbhəyə çəkməmişdilər. Böyük davranış və bilgi əksikliyinin ortada olduğuna tanıq oluruq. Bunun səbəbi o idi ki, rusların arxadan zərbə vuracaqlarına inanmırdılar. Milli iradəyə güvən nə deməkdir? Yəni millətin içində olan bütün siniflərin və dini qrupların himayəsini cəlb eləmək. Atatürk milli qurtuluş savaşına başlarkən, dindarları da öz yanına aldı. Ölkəni qurtardıqdan və dövləti qurduqdan sonra gizlin planını, yəni sekular dövlət qurma planını açıqladı. Yəni bütün təhdidlərin ortadan qalxdığı bir dönəmdən sonra. Pişəvəri bunu düşünməli idi ki, ruslar onu zorla Təbrizdən ayıra bilərlər. Bunu düşünməmiş demək. Düşünsə idi, rusların əhatəsindən çıxmaq üçün bir yol tapardı. Bir yol tapıb və qurtuluş savaşına başlamalı idi. Yəni həm ruslara, həm farslara qarşı xalqı səfərbər etməli idi. Belə bir təşəbbüsdə bulunsaydı, dünyanın diqqətini cəlb edər və Azərbaycan həqiqətinin rus inhisarında olmadığını dünyaya göstərərdi. Fədailərdə olan bu iman nəticəsində nə Tehran Azərbaycana saldıra bilərdi, nə də ruslar müdaxilə edə bilərdi. Çünkü Sovetlər Amerikanın atom bombası təhdidindən qorxmuş, İrandan qısa sürədə çıxmağı boynuna almışdı. Tam bu sırada çox cəsarətli və şərəfli bir mübarizəni başlatmanın zamanı idi. Azərbaycanda minlərcə insanın öldüyünü bilirik. Bu insanlar savunmasız qalmışdılar. Bunlar savaş meydanında ölsəydilər başqa tarix yaranardı. Savaş meydanında ölsəydilər onların qanı yurdlarının qurtuluşunun zamini olardı. Ancaq kimin rəhbərliyində savaşmalıydılar? Hökumətin başçısı ya özü getmiş, ya da ruslar aparmışdılar Bakıya? Məmləkətin sənə ehtiyacı olduğu bir zamanda sənin bakıda nə işin var? Belə şey olurmu? Əgər belə olacaqdısa o zaman əvvəldən bu macəraya girməməli idin.

- Pişəvəri ilə o zamankı Kürdüstan hökuməti arasındakı münasibətləri necə dəyərləndirirsiniz?

- O zaman Pişəvəri 25 il öncə Nərimanovun Bakıdakı davranışını Təbrizdə təkrarlamışdır. Yəni Nərimanov Zəngəzuru ermənilərə bağışladı, Pişəvəri də Savcıbulağı kürdlərə bağışladı. Savcıbulaq Azərbaycanın tam ortası və türk yurdudur. Elə şeymi olur? Kürdlər hökumət qururlarsa getsinlər ən böyük şəhərləri olan Sənəndəci özlərinə başkənd eləsinlər.

- Gerçəkdən o zaman Pişəvərinin Savcıbulağın Kürdüstanın başkəndi olmasını önləyəcək gücü varmı idi?

- Var idi. Pişəvəri təklif etsəydi ki, başkəndinizi Sənəndəc olaraq seçin, onlar da buna təslim olardılar. Çünkü o zaman Kürdlər də Azərbaycanla qarşı-qarşıya gəlmək istəmirdilər. Onlar da gücsüz idilər. Hələ Pişəvərinin gücü var idi ya yox, bu başqa məsələdir. Ən azından Pişəvərinin belə bir açıqlaması olmalı idi. Bu açıqlama bu gün bizim əlimizdə rəsmi sənəd olardı. Şəxsiyətlər gələcək haqqında da düşünmək zorundadılar. Burada bir şeyə tanıq olurq ki, öz ideoloji keçmişləri ilə hesablaşıb ayrılmayan Nərimanov və Pişəvəri yurdlarına yararlı ola bilmədilər.

- Siz burada sanki yalnız Pişəvərini suçlu olaraq görürsünüz! Sanki farslar yurdumuza hücum etməmişlər!

- Bu haqda çox araşdırmalar aparılıb. Farsların nə qədər türk qanı axıtdığını hamı bilir. Ancaq nədən biz savunmasız qaldıq? Bundan bir ibrət dərsi almalıyıq ya yox? Pişəvərinin dar gündə Təbrizdə olmaması ruh düşgünlüyü yaratdı. Millət başsız qaldı. Fədailər silahsızlandılar. Dirəniş və savaş ruhu qırıldı. İndi bu hadisəyə görə gedib dağdakı çobanı sorqulaya bilmərik əlbəttə ki. Bu hərəkətdə önə çıxmış insanlar tarixi məsuliyət daşıyırlar.

- Ancaq o zaman böyük işlər görüldü. Təbrizdə universitet və flormonia açıldı. Bunlar azmı?

- Bunlar gözəl işlər. Ancaq ən böyük və ən gözəl iş qələbədir. Yapılanlar öz yerində, yapılmayanlara görə sorqulanma olmalıdır. Bir həqiqət var tariximizdə ki, Heydərəmoğlu ilə kommunizm ideolojisi Güney Azərbaycana soxulduğu gündən etibarən bizə zərər vermişdir.

- Pişəvərinin Azərbaycançılıq ideologiyasına qısaca işarə etdiniz. Bu nə deməkdir?

- Azərbaycançılıq 1940´lardan sonra ortaya çıxdı Sovet Azərbaycanında, bugünkü Azərbaycan Cümhuriyətində. Bu ideologiyanı Musavatçılığın türkçülük ideologiyasına qarşı gəlişdirdilər. Azərbaycan bizim coğrafi kimliyimizi oluşdura bilər. Ulusal kimliyimizin tarixi adı türklükdür və ideologiyamız da türkçülük ola bilər. Müsavatçılar bunu doğru sezmişdilər. Pişəvəri zamanında Azərbaycançılıq anlayışının ortaya çıxmasının bir o qədər də zərəri yox idi. Xeyirli iş idi, çünkü nəticə etibarı ilə ana dilıimizdə, yəni türk dilində məktəblər açılırdı. Ancaq o zamankı Sovet basqısı bəlkə bunu icab edirdi. Lakin bu gün bizim bir tək yolumuz vardır o da türk milli kimliyimizə sahib çıxışımızdır. O ideologiya tarixdə qaldı. Bu günkü hərəkətliliyimizi Türk Milli Kimliyinin yüksəlişi olaraq tanımlamalıyıq.

Hiç yorum yok: