azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Nisan 2009 Perşembe

TEHRANIN AZƏRBAYCANA DAİR SEÇKİ SSENARİSİ

TEHRANIN AZƏRBAYCANA DAİR SEÇKİ SSENARİSİ
Təbrizli soydaşımız hesab edir ki, azərbaycanlılar qarşıdan gələn siyasi kampaniyanı boykot etməlidirlər



İranda kimin prezident seçilməsi çox da önəmli deyil. Çünki ölkəni dini şuralar və ya ayətulla Xamneyinin başçılığı altında bir sistem idarə edir. Şübhəsiz, ölkə daxilində, idarəçilikdə bəzi qüvvələrin də rolu və payı var. Buna Türkiyədə işlədilən "dərin dövlət" termini uyğun gəlir. Fikrimizcə, siyasi-ideoloji cərəyana mənsubluğundan asılı olmayaraq panirançı, panfarsçı qüvvələrin bir çox məsələlərdə ortaq mövqedən çıxış etməsi həmin sistemin əməyinin nəticəsidir. Belələri İrandakı millətlərin ən adi haqqının təmin edilməsi məsələsində də Tehran hakimiyyətinə uyğun mövqedən çıxış edir.

Məsələn, "Ayna"nın ötən saylarında xəbər verdiyimiz kimi, iki beynəlxalq radiostansiyanın fars redaksiyalarında çalışan əslən iranlılar da həmin xəttin qulluqçularıdır.
Sonuncu prezident seçkiləri isə daha çox şou xarakterli olub. İstər Xatəminin iki dəfə prezident olması, istərsə də indiki hökumət başçısı Əhmədinijatla keçmiş prezident Rəfsəncani arasında yarışma bunu açıq göstərdi. İndi də yeni seçki kampaniyasına hazırlıq gedir.
Yeri gəlmişkən, Güney Azərbaycan türklərinin haqlarının təmini baxımından ötən 30 ildə keçirilmiş bu siyasi kampaniyaların heç bir önəmi olmayıb.

XATƏMİ YENƏ ŞİRAZDAN BAŞLAYIB

Ötən gün İranda keçiriləcək prezident seçkisinə namizəd kimi qatılacaq namizədlərin qeydiyyat tarixi elan edilib. Daxili İşlər Nazirliyinin bəyanatına görə, 5 günlük qeydiyyat müddəti mayın 3-də başlayır.
Namizədliyə namizədlər arasında keçmiş hökumət başçısı Məhəmməd Xatəminin də adı var. Seçki kampaniyasına hazırlıq çərçivəsində o, martın 5-də Şiraza səfər edib. Keçmiş prezident, Əhmədinijat hökumətinin siyasi və iqtisadi siyasətini tənqid edərək ölkədə yoxsulluq və ədalətsizliyin baş alıb getdiyini, mənəviyyatın isə gündən-günə aşındığını vurğulayıb.
"Mediaforum"un məlumatına görə, Xatəmi deyib: "Şüar səsləndirməkdənsə, əhali arasında ayrı-seçkiliyə son qoymaq lazımdır. Əhalinin yaşayış səviyyəsini qaldırmaq üçün tədbir görülməlidir. Əgər ölkənin idarə olunması üsulunun inqilabın amalları istiqamətində olduğunu iddia ediriksə, onda nəzərə almaq lazımdır ki, inqilabın əsas ideya və amalları azadlıq, inkişaf, ədalətin bərqərar olunması, yoxsulluğu və ədalətsizliyi aradan qaldırmaqdır".
Mənəviyyatın təhlükədə olduğunu da vurğulayan keçmiş prezident bunları söyləyib: "Bu gün ölkədə müşahidə olunan siyasi, iqtisadi və təhlükəsizliklə bağlı çatışmazlıqlarla yanaşı, mənəviyyatın durumuna da toxunmaq lazımdır. İran İslam Respublikasında mənəviyyat məhvə doğru gedir".
Prezidentliyi dövründə Xatəmi vətəndaşlara verdiyi vədləri yerinə yetirmədiyi üçün saxta islahatçı sayıla bilər. Başqa sözlə, onun bu gün dolayı yolla Əhmədinijatı ittiham etdiyi məsələlərdə Xatəminin də payı var. Bu həm də mövcud hakimiyyətin siyasi-ideoloji mahiyyətindən doğur. İnqilabın şüarları düz 30 ildir yerinə yetirilmir. İnqilabdan sonra insan hüquqları bütün sahələrdə pozulmaqdadır.

NƏDƏN YENƏ ŞİRAZ?

Baybək Təbrizli adlı soydaşımızın "Azərbaycanda Xatəmini sevənlərdən soruşulur: Xatəmi seçki səfərlərini nədən Şirazdan başlayıb?" başlıqlı yazısı da İslam Respublikasına prezidentlik etmişlərin Azərbaycan üçün önəmindən bəhs edir. Müəllifin fikrincə, ölkədə prezident seçkisi yaxınlaşdıqca məsələ ətrafında çoxsaylı mübahisə və müzakirələr aparılır: "Azərbaycanda isə durum bambaşqadır. Qarşıdan gələn seçkiyə Güney Azərbaycanda lazımi maraq göstərilmir. Bundan başqa, namizədlərin dəstəklənməsindən ötrü geniş reklam aparılmır".
B.Təbrizli bildirib ki, hakimiyyət beynəlxalq miqyasda nüfuzunu artırmaq, hakimiyyətdaxili münasibətlərdə yaranmış gərginliyi azaltmaq üçün bir sıra addımlar atmaqla bu siyasi kampaniyadan da yararlanmaq niyyətindədir.
Müəllif yazır: "Demək olar ki, Azərbaycan İranın ən önəmli bölgəsidir. Bura devrimlər bölgəsi adlanır. 1979-cu il inqilabında Azərbaycan, özəlliklə Təbriz ilk, həm də açar rolu oynayıb. Amma ötən 30 ildən günümüzə baxanda bu rol qarşılığında məntiqi sonuc əldə edilmədiyinin şahidi oluruq".
B.Təbrizlinin qənaətincə, qarşıdan gələn prezident seçkisində Azərbaycan üçün bir neçə ssenari yazılıb:

Əkbər Ələmi namizəd olacağı halda;
Mirhüseyn Musəvi namizəd olacağı halda;
İslahatçı Məhəmməd Xatəmi namizəd olacağı halda.
Ümumiran üçün isə təxminən belə bir ssenari yazılıb:

Əhmədinijat namizəd olacağı halda;
Mehdi Kərrubi namizəd olacağı halda;
Adı hələ çəkilməyən, ancaq İnqilab Keşikçiləri Qvardiyasının komandanlarından olmuş şəxslərdən biri namizəd olacağı halda;
Heç gündəlikdə olmayan, Xamneyinin gizli müşavirlərindən biri namizəd olacağı halda.
Bu ssenarilərin hamısı, əslində, bir məqsədə xidmət edir. O da fars üstünlüyü ilə qurulmuş, dini və siyasi güc qazanmış, beynəlxalq diplomatik marşrutlara malik olan hakimiyyəti qorumaqdır. Belə bir hakimiyyətin qorunması isə fars olmayanların daha çox əzilməsi, məhv edilməsi deməkdir...
Bu siyasi kampaniya farsla farsın arasında gedən güc savaşıdır. Tərəflərdən birinin qazanması fars olmayanların heç birinin yararına olmayacaq. Amma Azərbaycan kimi önəmli bir bölgə fars hakimiyyətinə qarşı durub seçkini boykot edərsə, o zaman faydalı elementlər əldə edə bilər. Hazırda diqqət İrana yönəldiyindən mövcud rejim beynəlxalq aləmdə daha da ifşa olunacaq. Belə bir halda Azərbaycana da diqqətin artacağı istisna edilmir.
Baybək Təbrizlinin fikrincə, hakimiyyət Azərbaycana vurduğu zərbələri xatırlayaraq yeni qərarlar verə bilər: a) Azərbaycana az da olsa azadlıq verilsin; b) indiki durumu daha gərginləşdirərək Azərbaycanda hərbi vəziyyət yaratsın.

Bu iki qərarın sonu necə ola bilər?

Müəllifin düşüncəsinə görə, birinci vəziyyətdə millətimiz arasında milli haqlarımızla bağlı daha çox maarifləndirmə işi aparmaq olar. İkincidə isə İslam Respublikasının cinayətkar siması daha da aşkarlanar, beynəlxalq miqyasda təpkilər artar. Bu da nəticədə Güney Azərbaycan məsələsinin dünya gündəliyinə çıxmasını tezləşdirə bilər.
"Amerika ilə Çin arasında münasibətlərin istiləşməsi, Rusiyada keçmiş SSRİ-ni bərpa etmək cəhdi göstərilməsi, İraq, Pakistan, Əfqanıstanda gedən proseslər, Özbəkistan, Qırğızıstan, Gürcüstanda supergüclərin dişlərini qıcıtması, İsrail - Fələstin məsələsinin ən böhranlı mərhələyə gəlib çıxması bizim də ayıq-sayıq olmağımızı tələb edir. Bölgəsəl toqquşmaların örnəyi kimi kürdlərin, ermənilərin silahlanmasını, bəlucların gizli anlaşmalarını, ərəblərin silahlı savaşlarının yeni dalğasının başlayacağını, Tehran hakimiyyətinin nüvə silahı hazırlaması istiqamətində işlərin sürətləndiyini göstərmək olar.
Bütün bu olayların Yaxın Şərqdə baş verdiyini nəzərə alsaq, onun göbəyi olan Azərbaycanda durumun nə qədər ağır olduğunu anlamaq o qədər də çətin deyil...
İranda bir Qorbaçov aramaq yanlışdır. Çünki İslam Respublikasını idarə edənlər arasında beləsi yoxdur.
Maraqlı olan odur ki, Quzey Azərbaycanda fəaliyyət göstərən bir sıra qurum və şəxslər məsələni incələmədən, onu bilmədən Güney Azərbaycana yönəlik qərar verib bəlli şəxslərin namizədliyini dəstəkləyir. Bu, səhv olduğu qədər də təhlükəli addımdır. "Şiraz türklərindir" gerçəkliyi mənə aydın olsa da, bu məsələdən vaz keçib həmin şəhər "farsların tarixi başkəndidir" ideyasına qayıdıram. Məhəmməd Xatəmi "mədəniyyətlərarası dialoq" ideyasını ortaya atıb. Bu ideyadan yararlanıb İranı, daha çox farsları mədəniyyət sahibi olaraq dünyaya qəbul etdirməyə çalışır", - deyə müəllif yazır.
İndi Xatəminin nədən Şirazdan başladığına az da olsa aydınlıq gətirdik. Türklərin tarixi torpağında bütün yerli əhalini məhv edərək oralarda hakimiyyət qurmuşların xülyasına dəstək vermək ağıl və məntiqəsığan işdirmi? Qətiyyən yox. Xatəmi prezidentlik etdiyi əvvəlki 8 ildə Azərbaycana xəyanət etmişdi. Həmin dövrdə də o, seçki kampaniyasına Şirazdan başlamışdı.
"Mədəniyyət həm də din anlamındadır. O zaman Xatəmi nədən seçkiqabağı gəzintilərinə şiələrin dini-ideoloji mərkəzlərindən sayılan Qum şəhərindən yaxud imam Rzanın məqbərəsi yerləşən Məşhəddən başlamadı? Yoxsa hər iki şəhər türklərin olduğundan mədəniyyət mərkəzi sayılmır?
Bunların cavabı çox sadədir. Xatəmi bir irqçi fars və "İran farslarındır" ideologiyasının daşıyıcılarındandır. Bu baxımdan Xatəmi və onun yanındakılar nə etdiklərini yaxşı bilirlər. Amma azərbaycanlılar, eləcə də fars olmayan başqa millətlərin düşünən insanları bu gerçəkləri bilmədən, ona yaxud onun əvəzedicisinə dayaq olurlar" yazan müəllifin qənaətincə, panfarsizmə, paniranizmə qulluq göstərməmək mübarizəsinə başlayanlar Azərbaycandan öz qazanclarına, maraqlarına görə istifadə edənləri düşmən sayırlar.

ƏHMƏDİNİJAT AZƏRBAYCANLILARI YENƏ TƏRİFLƏDİ

Bir nəfər Sokrata deyir ki, onu biri yaman tərifləyirdi. Bunu eşidən filosof zülüm-zülüm ağlamağa başlayır. Xəbər çatdıran filosofun ağlamasının səbəbini soruşduqda Sokrat cavab verir ki, bəs həmin adam çox nadandır: "Görünür, mən də onun yanında xoşuna gələn nadanlıq etmişəm".
İran prezidenti Mahmud Əhmədinijat Güney Azərbaycanın Urmiya şəhərinə səfər edib. Tehran rəsmiləri bir qayda olaraq Azərbaycan bölgələrini ziyarət zamanı türkləri "azəri" adı ilə çağıraraq köməkçi yaxud İranın quruculuğunda iştirak etmiş gəlmə etnos barəsində danışırmış kimi təriflər yağdırır, vədlər verirlər. Mövcud hakimiyyətin işinə yarayanlar həmişə təriflənir. Odur ki, yuxarıda çəkdiyimiz misal daha çox panfarsçılara, panirançılara qulluq göstərənlərə aiddir.
Bu dəfə də elə olub. Əhmədinijat Urmiyada jurnalistlərlə söhbətində Azərbaycanın "ülvi dəyərlər diyarı" olduğunu deyərək çıxışını belə davam etdirib: "Azərbaycan bizim üçün nemət və bərəkətdir. Bu diyar, o cümlədən Qərbi Azərbaycan ülvi dəyərlər məkanıdır. Bu əyalət müsəlman İranın müstəqilliyini, mədəniyyətini qoruyan layiqli, imanlı və mehriban sərhədçidir. Onlar həmişə güvəncli bir dayaq kimi İran xalqının yanında olublar. Qərbi Azərbaycan əyalətinin səması parlaq ulduzlarla doludur. Bu ulduzlar torpağın cəmiyyət üçün yetişdirdiyi pak, fədakar və faydalı insanlardır... Bu yurdun tarixi ədəb, hünər və fədakarlıqla doludur, insanları həmişə böyük iradə və güclü əllərlə İranın inkişafı uğrunda böyük rol oynayıblar..."
Əslində, Tehran rəsmilərinin bu sayaq ritorik çıxışları daha çox saxta, boğazdan yuxarı deyilən "bəy tərifi"nə oxşayır. Məqsədimiz heç də Əhmədinijatın dediklərini təhlil etmək deyil, çünki bu çalınmış havadır, artıq insanları belə bayağılıqla aldatmaq imkansızdır.
DAK informasiya mərkəzinin yaydığı xəbər urmiyalıların Əhmədinijata münasibətini əks etdirir. Məlumata əsasən, şəhərin mərkəzi küçələrində üstüaçıq maşında ayaq üstündə əhalini salamlayan İran hökumətinin başçısına insanların sıx olduğu yerdən ayaqqabı atılıb. Şahidlərin dediyinə görə, ETTELAAT və polis məmurları dərhal həmin istiqamətə hücum çəkib. Ancaq ayaqqabını atanı müəyyənləşdirə bilməyiblər. Bir neçə nəfər şübhəli şəxs qismində tutulub.
Məlumatda bildirilib ki, Urmiyanın Mütəhhəri küçəsindən keçən Əhmədinijat və onu mühafizə edən maşınların biri məktub vermək üçün yola çıxmış yaşlı bir kişini vurub. Amma Əhmədinijatın korteji heç nə olmayıbmış kimi yoluna davam edib. Hadisə yerinə toplaşan əhali etiraz etməyə başlayıb, polis və təhlükəsizlik məmurları ilə sakinlər arasında qarşıdurma baş verib. Təcili yardım maşını yaralanmış soydaşımızı xəstəxanaya aparıb.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Buşa İraqda yerli jurnalist ayaqqabısını atdıqdan sonra Tehran hakimiyyəti bəsici tələbələrdən ibarət qruplardan onun portretinə "ayaqqabı atmaq" kampaniyasını təşkil etmişdi.


S.SƏDRƏDDİN, "Ayna" qəzeti

Hiç yorum yok: