azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

3 Nisan 2009 Cuma

Ankara sərhədi açmaq ərəfəsindədir

"The Wall Street Journal": Türkiyə və Ermənistan aprelin 16-da sərhədləri açılması və diplomatik münasibətlərin qurulmasını elan edə bilərlər


Türkiyə və Ermənistan aprelin 16-da sərhədlərin açılması və münasibətlərin bərpa edilməsini elan edə bilərlər. Bu barədə
Amerikanın nüfuzlu "The Wall Street Journal" qəzeti Brüseldəki mənbələrə istinadən xəbər verib. Tərəflərin rəsmi nümayəndələri hələ ki, bu məlumat haqqında şərh verməyiblər. ABŞ qəzeti isə iddia edir ki, Ankara və İrəvan diplomatik münasibətlərin bərpası və sərhədlərin açılması barədə hətta saziş imzalaya bilərlər.
Sazişə sərhədlərin açılması, diplomatik münasibətlərin bərpası və tarixi mübahisələrə baxılması üzrə komissiyaların yaradılması kimi məsələlər daxil olacaq. ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Brayza Türkiyə-Ermənistan sərhədinin açılmasının regionda münasibətlərə yeni və pozitiv dinamika gətirəcəyini söyləyib. "Wall Street Journal"ın məlumatına görə, Brayza Bakıya məhz Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Qarabağ münaqişəsinin həllinə necə kömək edəcəyini müzakirə etmək məqsədi ilə gəlir.
Qəzet qeyd edir ki, saziş Qafqazda gərginliyin səngiməsinə gətirib çıxara, nəqliyyat və enerji nöqteyi-nəzərdən belə vacib regionda vəziyyətin sabitləşməsinə yardım edə və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına səbəb ola bilər. Bu həm də Türkiyənin regionda nüfuzunun güclənməsinin nümayişi olacaq. Vaşinqtonda hesab edirlər ki, erməni-türk münasibətlərinin normallaşması Konqresin qondarma soyqırımla bağlı qətnaməsini dondurmağa imkan verəcək.
ABŞ prezidenti Barak Obamanın aprelin 5-də Türkiyəyə başlayacaq səfəri və bu səfərin nəticələri Azərbaycan üçün də xüsusi önəm daşıyır. ABŞ prezidentinin səfərinin gündəmində İraq, Əfqanıstanla yanaşı, Türkiyə-Ermənistan münasibətlərinin də ön yerdə olacağı bildirilir.
"Wall Street Journal"ın mənbəsi Ermənistan-Türkiyə sazişinin imzalanmasının aprelin 16-na nəzərdə tutulduğunu desə də, bir sıra ekspertlər bunun ABŞ-ın soyqırım məsələsinə münasibətini bildirməli olduğu tarixdən - aprelin 24-dən tez baş verməyəcəyi qənaətindədir.
Xəbər verdiyimiz kimi, bir qədər əvvəl "Euronewc" da Avropa Birliyindəki yüksəkvəzifəli bürokratlara istinadən bildirmişdi ki, Obamanın səfərindən sonra Türkiyə-Ermənistan sərhədələri açıla bilər.
Qarabağ münaqişəsində Azərbaycanın xaricədən aldığı ən güclü dəstək Türkiyənin sərhədlərini Ermənistanın üzünə bağlamasıdır. Sərhədlərin açılması Qərbdə birmənalı olaraq müsbət qarşılansa da, Azərbaycanda bu məsələyə fərqli münasibətlər var. Bəzi ekspertlər hesab edirlər ki, sərhədlərin açılması Türkiyənin Ermənistana təzyiq imkanlarının artmasına səbəb olacaq. Digərləri isə bunun Ermənistana iqtisadi baxımdan kömək edəcəyini, ancaq Azərbaycana qarşı işğalçılıq, Türkiyə ilə münasibətdə isə "soyqırım siyasəti"ndən əl çəkməyəcəyini bildirirlər.
Politoloq Hikmət Hacızadə sərhədlərin açılması ehtimalından narahatdır. Onun sözlərinə görə, belə əhəmiyyətli saziş hazırlananda 1-2 il müzakirələr aparılır, müxtəlif görüşlər təşkil olunur. Eyni zamanda, politoloq "Ekspress"ə açıqlamasında sərhədlərin açılmasını Obamanın səfəri ilə əlaqləndirməyib: "Belə işlər axırda nəzərdə tutlulur ki, Obama da gəlsin otursun süfrənin başında. Bunlar ictimai rəy üçündür. Obama Türkiyəyə konkret məsələni dəyişdirmək üçün gəlmir. Bu plan bir neçə ildi işlənir".
Politoloq Zərdüşt Əlizadə də sərhədlərin açılmasının Obamanın gəlişi ilə bağlamağı düzgün hesab etmir. Türkiyə-Ermənistan münasibətlərinin Ankara-Vaşinqton danışıqlarında əsas olmasa da, gündəlikdə olan məsələlərdən biri olduğunu deyən politoloq diqqəti buna cəlb edir ki, artıq neçə vaxtdır ki, Türkiyə Ermənistan ilə danışıqlar aparır və sərhədlərin açılması üçün hər hansı saziş, sənəd hazırlanmalıdır.
Ermənistanın blokadadan çıxacağına gəlincəsə, Əlizadə bunu
nağıl adlandırıb:" Erməni uydurmasıdır və bizim mətbuat da bu uydurmanı dəstəkləyir. Ermənistanın iki tərəfdən - Gürcüstan və İran vasitəsilə çıxışı varsa, bu blokada deyil. Blokada hər tərəfdən mühasirə deməkdir. Əgər Ermənistanın iki tərfdən çıxışı varsa, bunun nəyi blokada oldu. Ermənistan istədiyi malı alıb-satır. Sadəcə satmağa malı yoxdur".
Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu
yaxın zamanlarda Türkiyə-Ermənistan sərhəddinin açılmasını tamamilə real sayır:"İki ölkə arasında diplomatik əlaqələrin qurulmasını da gözləmək olar".
Ekspert "Turan"a şərhində bildirib ki, Türkiyənin Ermənistanla sərhədi açması Ankaranın Cənubi Qafqazda əsas geosiyasi oyunçuya çevrilməsi ilə şərtlənən zərurətdir:
" Digər tərəfdən, Türkiyə, regionda yeni rolunu nəzərə alaraq, artıq Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanı dəstəkləyə bilməyəcək". Amma Azərbaycan vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışmalı və heç bir halda yeganə müttəfiqi olan Türkiyə ilə münasibətləri pozmamalıdır:"Türkiyənin regionda nüfuzunun və təsirinin artması Azərbaycanın maraqlarına cavab verir. Axı, Ermənistan Türkiyə ilə nə qədər yaxınlaşsa da, ona Azərbaycan qədər yaxın ola bilməyəcək".
Ermənistan Strateji və Milli Araşdırmalar Mərkəzinin direktoru Riçard Qirakosyan da bu fikirdədir ki,
Ermənistan-Türkiyə sərhədi artıq bu il açılacaq:"Amma bu, yalnız maydan sonra baş verə bilər. Düşünürəm ki, türk diplomatları ABŞ prezidentinin Türkiyəyə səfərindən sonra hadisələrin inkişafını, habelə aprelin 24-də onun nitqini gözləyəcəklər. Lakin ABŞ-ın soyqırımı tanıyıb-tanımayacağından asılı olmayaraq, Ermənistanın Türkiyəyə təsir vasitələri çox deyil. Ermənistan tərəfi həmişə Türkiyənin Ermənistanla sərhədləri açmalı və qeyd-şərtsiz normal diplomatik əlaqələrə başlamalı olmasında israr edib" ("Turan").
ABŞ-ın Brukinq İnstitutunun Türkiyə layihəsinin direktoru Ömər Taşpınarsa APA-ya müsahibəsində bildirib ki, Türkiyə tez və ya gec sərhədləri açacaq" Lakin əvəzində Ermənistandan nə isə əldə etməlidir. Söhbət təkcə 1915-ci il hadisələri ilə bağlı birgə komissiyanın yaradılması və digər məsələlərdən getmir. Qarabağ münaqişəndə də irəliləyiş müşahidə olunmalıdır".
Onun fikrincə, Türkiyə regionda geniş siyasi oyun aparmalıdır:" Minsk Qrupu indi iflic vəziyyətindədir. Lakin bilirəm ki, Metyu Brayza erməniləri hərbi qüvvələrinin bir hissəsini Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarmağa inandırmağa çalışır. Əgər bu simvolik geriçəkilmə baş tutsa, Türkiyə üçün sərhədin açılması daha rahat olacaq. Bilirsiniz ki, Türkiyədə ciddi Azərbaycan lobbisi var. Sıravi insanlar da Azərbaycana görə narahatdır. Türkiyə hökuməti də Ermənistanla bağlı siyasətində Azərbaycanı nəzərə alır. Ən yaxşı variant odur ki, ermənilər bəzi qoşunlarını işğal olunmuş 7 rayondan çıxarır, Türkiyə isə bundan sonra sərhədi aça bilər. Bundan sonra isə prezident Obamanın xüsusi elçisi təyin olunmaqla Minsk Qrupunun fəaliyyətinə ciddi təkan verilə bilər. Zənnimcə, bu, problemi həll etmək üçün ən yaxşı yoldur. Ermənistan heç bir addım atmadığı halda Türkiyə sərhədləri açarsa, bu, Azərbaycanla münasibətlərə mənfi təsir göstərəcək". Ömər Taşpınar hesab edir ki, iki həftə ərzində - aprelin 24-nə qədər nəsə baş verəcək.
Sonda qeyd edək ki, uzunluğu 268 km olan Ermənistan-Türkiyə sərhəddi Ermənistanın xarici sərhədlərinin ümumi uzunluğunun 21,4%-ni təşkil edir. 1993-cü ildən bütün daşımalar, o cümlədən humanitar yüklərin daşınması üçün bağlıdır.
Qeyri-rəsmi məlumatlara görə, Türkiyə vətəndaşlarının təxminən 60 min nəfəri milliyyətcə ermənidir. Ermənistanın 30-50 min vətəndaşı Türkiyədə əmək miqrantı kimi yaşayır. Bundan başqa, Türkiyəyə hər il turist və kiçik biznesmen kimi 100 minə yaxın erməni gəlir. İki ölkə arasında qeyri-rəsmi ticarət İran və Gürcüstan vasitəsilə həyata keçirilir. Bu ticarətin həcmi, ekspertlərin qiymətləndirmələrinə görə, ildə $50-100 milyon arasındadır.
Son vaxtlar Türkiyə Ermənistan təyyarələri üçün hava sərhədini açıb. Ermənistandan Trabzon, Antalya və İstanbula müntəzəm aviareyslər var. Bundan başqa, Ermənistandan Türkiyənin şərq regionlarına elektrik enerjisi verilməsi, həmçinin Ankaranın Ermənistan ərazisində enerji obyektlərinin tikintisində mümkün iştirakı haqda razılıq əldə olunub.
Beləliklə, "futbol diplomatiyası" ilə - 2008-ci il sentyabrında Türkiyə prezidenti Abdullah Gülün Ermənistan prezidenti Serj Sərkisyanın dəvəti ilə Ermənistan-Türkiyə yığmaları arasında futbol matçını seyr etmək üçün ilk dəfə İrəvana səfər etməsi ilə başlayan sıcaq təmaslar artıq iki ölkə arasında diplomatik münasibətlərin qurulması ərəfəsindədir. Bunun regionun mənzərəsinə hansı dəyişiklər gətirəcəyini və Azərbaycana nə vəd edəcəyini isə hazırda proqnozlaşdırmaq olluqca mürəkkəb məsələdir. Gözləyək, görək nələr olacaq...
Xaqani Rüstəm
Bəkir Nərimanoğlu

Hiç yorum yok: