azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Nisan 2009 Perşembe

Azərbaycan yalnız Arazın şimalı deyil...

Azərbaycan yalnız Arazın şimalı deyil...
Yaqub Mahmudov: "Arazdan cənubda bizim qədim tariximiz, mədəniyyətimiz, elmimiz yatır"

"Azərbaycanın ən qədim tarixi, məhz Ermənistan adlandırılan ərazidən araşdırılmağa başlanmalıdır. Tariximiz ən böyük saxtalaşdırılması isə ondan ibarətdir ki, uzun müddət ərzində Azərbaycan dedikdə yalnız Arazdan şimaldakı torpaqları nəzərdə tutulub".
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov hesab edir ki, artıq
belə stereotiplərdən uzaqlaşmaq vaxtı çatıb.

-Yaqub müəllim, son vaxtlar müəyyən qüvvələr tariximizin saxtalaşdırılması, olduğu kimi təqdim olunmaması üçün məqsədyönlü iş aparırlar. Tarix İnstitutu bu kimi hallara qarşı hansı tədbirlər görür?
- Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda son illərdə Azərbaycan tarixinin yeni kəşfiyyat, müstəqillik düşüncəsi ilə araşdırılması sahəsində çox mühüm addımlar atılıb. Bu addımları biz davam etdirməkdəyik. Həqiqətən, Azərbaycanın şimalı Rusiya imperiyasının tərkibinə qatıldıqdan və daha sonra Rusiyadan heç də fərqlənməyən, daha amansız siyasət yeridən Sovet bolşevik imperiyası dövründə də tariximiz saxtalaşdırılıb və saxtalaşdırılmış tərzdə təqdim olunub.
Bu konsepsiyalar əsasında Azərbaycan xalqının mənşəyi, mədəniyyəti, tarixi torpaqlarının xalqımıza unutdurulmasına səy göstərilib. Tariximiz ən böyük saxtalaşdırılması ondan ibarətdir ki, uzun müddət ərzində Azərbaycan dedikdə Arazdan şimaldakı torpaqlar nəzərdə tutulub. Gənc nəslə yalnız bu ərazilər Azərbaycan kimi təqdim olunub.
Azərbaycanın çox böyük, geniş əraziləri, tarixi torpaqları, ayrı-ayrı dövrlərdəki imperiyalarımız barəsində xalqımıza məlumat verilməyib. Biz indi bu stereotiplərdən uzaqlaşmalıyıq. Bu istiqamətdə xüsusi bir məsələni qeyd etmək istərdim ki, Azərbaycanın tarixi torpaqları, onun bir hissəsi Arazdan şimaldakı torpaqları Rusiyaya qatıldıqdan sonra da bizim torpaqlarımız əlimizdən alınıb. Bu gün Ermənistan Respublikası deyilən ərazi vaxtilə Arazdan şimaldakı Azərbaycanın tarixi torpaqları olub. Bizim ərazimizdə erməni dövləti yaradılıb. Bu hissə tarixi tədqiqatlara daxil edilməyib.
Azərbaycanın ən qədim tarixi, məhz Ermənistan Respublikası adlanılan ərazidən araşdırılmağa başlanmalı, Oğuz türklərinin bu ərazidəki tarixi araşdırılmalıdır. Oğuz Xaqanın da bu ərazilərdə dəfn olunması ilə bağlı məlumatlarımız var. Bu ərazidə Azərbaycan xalqı çox qədim bir mədəniyyət yaradıb. Bu mədəniyyət mərkəzlərindən biri də İrəvan şəhəridir. Bizim bütün tarix dərsliklərimizdə, kitablarımızda, "Azərbaycan tarixi"nin 7 cildlik akademik nəşrində də indiki Ermənistan ərazisi tarixi torpaqlarımız kimi təqdim olunmalıdır.
- Bəs Cənubi Azərbaycandakı tarixi proseslər, oradakı torpaqlarımız və həmin ərazidə yaşayn Azərbaycan türklərinin tarixinin araşdırılması zamanı hansı prinsiplər üstün tutulur?
- Azərbaycanın cənubdakı torpaqlarının da tarixi işlənməyib. Arazdan cənubda bizim qədim tariximiz, mədəniyyətimiz, elmimiz yatır. Bu tarix gələcək nəsillər üçün lazımı cəhətdən araşdırılmayıb. Araşdırılmadığı üçün də bizim tariximiz saxtalaşdırılıb və beynimizdə Arazdan şimaldakı Azərbaycan ərazilərinin bir hissəsi Ermənistan, qalanları isə bizim tarixi torpaqlarımız kimi təqdim olunub.
Bir neçə il əvvəl "Qarabağın mükəmməl tarixini" 6 dildə hazırladıq. Bu kitabda Qarabağın ən qədim Azərbaycan torpağı olduğu sübuta yetirilib. Bu kitabda biz Qarabağa və İrəvana nə vaxt verildiyini aydın faktlarla göstərmişik.
Bundan sonra İngilis və Azərbaycan dillərində "Naxçıvan tarixi abidələri" kitabını çap etdirdik. Naxçıvan dünyanın ən qədim insan məskənlərindən biridir. Ermənilər bunları da özlərinə çıxmağa çalışdılar. Amma buna nail olmadılar. Bizim tədqiqatlarımız göstərir ki, Naxçıvan dünya tarixinin Azərbaycana verdiyi bir zər parçasıdır. Naxçıvan həyatın başlandığı yerdir, qədim türk torpağıdır. XIX əsrdə ermənilər Osmanlı və İrandan köçürüləndə də Naxçıvandakı sakinlər onları məskunlaşmağa qoymayıblar. Ondan sonra erməniləri Dərələyəzə köçürüblər.
- Tarix İnstitutu erməni yalanlarını ifşa etmək üçün hansı işlər görürür?
- Biz həmçinin "Kürəkçay müqaviləsi" adlı kitab çap etmişik. Bütün tarixçilərin əsərlərini daxil etdik, hər yerə də müxtəlif dillərdə göndərdik. Qarabağ xanlığı Rusiyaya qatılarkən bağlanan müqavilə ermənilərlə yox, Qarabağ xanlığı ilə bağlanıb. Rusiya tərəfi də xanlığın ərazisininin məhz Azərbaycan xalqına daxil olduğunu təsdiqləyib. Bundan sonra bu hissədə erməni təbliğatı kəsilib.
Bundan əlavə, biz "İndiki Ermənistan ərazisində dəyişdirilmiş Azərbaycan türk adları" kitabını hazırladıq. Bu kitaba ancaq azərbaycanlılara məxsus olan, yalnız ermənilər tərəfindən müxtəlif vaxtlarda dəyişdirilən adlar daxil edilib. Bu kitab Azərbaycan və ingilis dillərində dünyanın bir çox yerlərinə yayılıb. Tarix İnstitutunda da bu istiqamətində işlər davam etdirilir. Yaxın zamanlarda biz itirdiyimiz torpaqların hamısının tarixi ilə əlaqədar xalqımıza tarixi əhəmiyyətli əsərlər verəcəyik.
Bu əsərlərin yardımı ilə 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı və 9500 km ərazini ermənilərə güzəştə getməsindən sonra orda Ermənistan dövlətinin yaranmasını bütün xalqımıza təqdim edəcəyik. 1918-ci ildən əvvəl bu torpaqlar Azərbaycana məxsus idi.
Rus və erməni şovinistləri Azərbaycan ərazisini xəyali "Böyük Ermənistan" dövlətinin tərkibinə qatmaq siyasəti yürüdüblər. Bu səbəbdən də bizim institumuzun fəaliyyətinə dövlət səviyyəsində əhəmiyyət verilir.
- Bu tarix ilk növbədə özümüzə aydın olmalıdır, sonra isə dünyaya təqdim olunmalıdır. Bu istiqamətdə hansı işlər görülüb?
- Bu illər ərzində görülən ən böyük iş ondan ibarətdir ki, ilk dəfə biz Azərbaycan xalqının pasportunu yaratmışıq. Bu vaxta kimi bizim atlasımız yox idi. Torpaqlarımızı Rusiyanın tərkibinə qatıldıqdan sonra bir hissəsi Ermənistana, digər hissəsi müxtəlif yollarla Gürcüstana verilib. Dərbənd və onun ətrafları Rusiyanın əlinə keçib.
Biz heç kəsə ərazi iddiası etmirik. Dövlətimizin xarici siyasətini dəstəkləyirik. Xarici siyasətimizin əsası odur ki, biz heç kimə ərazi iddiası irəli sürmürük, biz tariximizin sahibləyirik. Cənubi Azərbaycanın, oradakı insanlarımızın tarixi araşdırılıb və bu araşdırmalar gələcəkdə də davam etdiriləcək.
Bizim tərtib etdiyimiz atlaslar bəzi ölkələrdə müəyyən narazılıqlar doğursa da, biz ona əhəmiyyət vermirik, çünki bu elmi məsələdir. Bu atlasların vasitəsi ilə Azərbaycan öz tarixinə yiyə duracaq. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Bizim əsas arzumuz da ondan ibarətdir ki, xalq öz tarixinə sahib çıxsın.
- Erməni yalanlarını beynəlxalq aləmdə ifşa etmək üçün Tarix İnstitunun arxivində kifayət qədər sənədlər varmı?
- AMEA-nın tarixçiləri erməniləri son 4-5 ildə beynəlxalq aləmdə çox ciddi ifşa edib. Onlar bizim çap etdiyimiz Qarabağ, Naxçıvan barədə tarixi əsərlərimizə cavab verə bilmirlər. Onlar çalışırlar ki, etnik qarşıdurma yaratmaq üçün konfranslar keçirsinlər, ölkəmizin daxilində bəzi insanları ələ alsınlar. Ermənilər bu yolu tutub. Mən sevinirəm ki, bu gün Azərbaycan tarixi hücuma keçib, ermənilər isə müdafiə olunurlar. Prezident İlham Əliyev hər zaman bizim tarixçilərə bildirirdi ki, ermənilər tarixçilərimizə qarşı bütün istiqamətlərdə total hücuma keçiblər. Biz öz informasiyamızı bu istiqamətə yönəltməliyik. Biz müdafiə mövqeyindən hücum mövqeyinə keçmişik.
- Bəzi tədqiqatçılar qeyd edirlər ki, Azərbaycanın əsil tarixi hələ yazılmayıb. Qeyd etdiyiniz tarixi əsərlər və tədqiqatlar Azərbaycanın əsil tarixini dünyaya çatdırmaq üçün kifayət edirmi?
- Bu fikir Azərbaycan tarixinə böhtandır. Azərbaycan tarixinin işlənməsi, yazılı tarixini xalqa çatdırmaq istiqamətində çox işlər görülüb. Qədim dövrlərdən bəri bütün tariximiz yazılıb. Həsən bəy Rumi kimi görkəmli tarixçilərimiz olub. Bunlar xalqımıza təqdim olunmayıb. Yalnız XIX əsrin əvvəllərində Rusiyanın işğalından sonra olan tarix xalqa təqdim olunub. Bizim əsil tariximiz sənədlərdə var, tarixçilərimiz yazıblar.
Bizim 7 cildlik "Azərbaycan tarixi" kitabımız var. Yəni, tariximizin araşdırılması istiqamətində biz çox işlər görmüşük. Ona görə də, tarix kitablarını oxumuyan, tariximiz haqqında anlayışları olmayanların bu cür fikirlər söyləməsini tarixçilərin əməyinə çox böyük böhtan kimi qiymətləndirirəm. İnstitumuzun hazırladığı atlas, 6 dildə olan "Qarabağ tarixi", "Azərbaycan-Gürcüstan münasibətləri", "İngiloylar haqqında" kitab, "Azərbaycanın orta əsrlər tarixinin mədəniyyəti", "Qarabağ xanlığı" barədə onlarla əsərləri, "Kürəkçay"ı görməmək olmaz. Məlumatsız dairələrin, tarixçilərin əməyinə belə qiymət verməsinə çox təəssüflənirəm. Tarix o zaman işlənəcək ki, işlənmiş əsərlərə qiymət veriləcək. Tarixçilərin işlərinə düzgün qiymət verilərsə, onlar daha da həvəslənib daha gözəl əsərlər yaradarlar.
- Tarixi proseslərin araşdırılması məqsədi ilə Azərbaycan hansı dövlətlərlə sıx əməkdaşlıq edir?
- Bizim bu istiqamətdə Rusiya, Gürcüstan, Türkiyə ilə sıx əlaqələrimiz var. Bu əlaqələri gələcəkdə daha da qiymətləndirəcəyik. Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair Britaniyanın arxivlərindən sənəd alaraq, bu sənədin Azərbaycan, rus dilində təqdimatını keçirmişik. Bu sənədlər Xalq Cümhuriyyətini yeni səpkidə ortalığa qoyur. İngiltərədən gətirilən bu sənədlər, o zaman burdakı ingilis missiyasının verdiyi bütün gizli məktublar sübut edir ki, Qafqazda ən demokratik dövlət Azərbaycan Xalq Cümhuriyyəti olub. Cümhuriyyətin ictimai xadimləri haqqında çox dolğun, geniş materiallar var, daşnaqların Azərbaycana qarşı soyqırım törətməsi, Andronikin əməlləri ilə bağlı sənədlərin hamısı bizdə var. Bundan sonra çalışacağıq ki, Polşadan, Fransadan da başqa sənədlər gətirək. Xarici ölkələrdə Azərbaycanla bağlı nə kimi sənədlər varsa, onları gətirməyə çalışacağıq. Biz öz tariximizə sahib çıxacağıq.
Lalə Mehralı

Hiç yorum yok: