azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

21 Mayıs 2008 Çarşamba

Qərbin qəribə seçimi

Şəbnəm Bəkirzadə, 08/05/08

Qərb dedikdə, bizim çoxumuz demokratiyanın beşiyi və ədalətin carçısı rolunda çıxış edən bir qrup sivil dövləti nəzərdə tuturuq. Amma bu “sivil Qərb” hər dəfə ona ümid bəsləyən vətəndaşlarımızın ümidlərini puça çıxararaq, onları “qeyri-obyektiv” adlandırdığı seçki prosesinin nəticələrinə qane olmaq zorunda qoyur. ABŞ Dövlət katibinin müavini Daniel Frid tərəfindən gələn bəyanatı müxalif qüvvələrin ənənəvi olaraq hər seçkidə qərbdən narazı qalmasına cavab da saymaq olar. O, Qərbin istəyini Bakıya son səfərlərinin birində dəqiq belə ifadə etmişdi: “Azərbaycan siyasəti gəncləşməlidir...”

Bəlkə də, elə təkcə bu səbəb bu gün ölkədə hakimiyyət dəyişikliyinin qarşısında sipər kimi dayanır. Qafqazda yaşayan üç dövlətin müqayisəsi bunu deməyə əsas verir.

Ermənistanda keçirilən son Prezident seçkiləri və bu hadisə ətrafında baş verən hadisələr hər kəsi düşündürdü. Xalqdan bu qədər dəstək alan, siyasi qüvvələrin maksimal dərəcədə təmərküzləşməsinə nail olan eks-prezident Levon Ter-Petrosyan niyə hakimiyyətə gələ bilmədi? Nədən Köçəryan-Sərkisyan ittifaqı, göstərdiyi antidemokratik davranışa rəğmən, beynəlxalq aləmdə daha çox dəstək qazandı, təbriklər aldı? Doğrudanmı, qərb Sərkisyanın gəlişini belə səbirsizliklə gözləyir, Ter-Petrosyanın siyasi pyedestala çıxışını heç vəchlə qəbul etmək istəmirdi? Özü də o adamın ki, 100 minlərlə vətəndaşı İrəvanın mərkəzi meydanına toplamağı, günlərlə və gecələrlə orada saxlamağı, özü də həmin anları onlarla bərabər yaşamağı və belə nəhəng bir prosesi idarə etməyi bacarmışdı.

2003-cü ildə belə bir proses Azərbaycanda da baş vermişdi. Prezident seçkiləri qarşısında siyasi qüvvələrin, ictimai təşkilatların əksəriyyəti əsas namizədin ətrafında birləşmişdi. Seçkiqabağı mitinqlərdə iştirakçıların sayı 100 mini keçirdi, bölgələrdə izdihamlı dəstək aksiyaları keçirilirdi, paytaxtda narazı elektoratın və demokratik qüvvələrin siyasi təmərküzləşməsi gedirdi. Amma seçki günü, onun səhəri – 16 oktyabr və sonrakı günlərdə baş verənlər göstərdi ki, istənilən obyektiv zəminin yaranması hələ heç nə demək deyil.

Gürcüstanda isə vəziyyət heç də o qədər mükəmməl deyildi. Mixail Saakaşvilinin rəhbərlik etdiyi “qızılgül inqilabı” niyə cüzi qüvvə ilə o qədər geniş dəstək ala bildi? Axı, o vaxtkı prezident Eduard Şevardnadze qərbin gözündə qatı avtoritar siyasətçi deyildi; o, Almaniyanın birləşdirilməsi kimi ciddi və böyük bir layihəyə rəhbərlik etmiş, SSRİ kimi bir imperiyanın Nazirlər Kabinetindən istefa vermiş, hakimiyyətə gəlişi ağır fəsadlar yaratmamış bir lider idi. Prinsipcə, o vaxtlar Heydər Əliyevlə müqayisədə, Şevardnadze nisbətən Avropa və Amerikada demokratiyaya simpatiyası ilə seçilirdi. Amma fakt budur ki, belə bir lider illərlə kərpic-kərpic qurduğu və qoruduğu hakimiyyəti gənc Saakaşviliyə təhvil verməli oldu...
Qərb niyə belə davranır? Daha açıq da soruşmaq olar: doğrudanmı demokratiya arxa plana keçib? Qısası, həqiqətənmi regionda baş qaldırmağa cəhd edən zərif demokratiya bənövşəsi enerji layihələrinin Qafqazın sinəsinə çəkdiyi çalın-çarpaz neft-qaz borularının kobudluğu və sərtliyi altında əzilib gedəcək?

Məsələyə kompleks yanaşsaq, görünən budur ki, region ölkələrində ayrı-ayrı liderlər, hətta xalqdan dəstək alsalar da, qərbdən birmənalı dəstək ala bilmirlər.

Nə qədər ki, Georqadze və Qamsaxurdiya tərəfdarları ortadaydı, qərb Tiflisdə dəyişiklik etməyə tələsmirdi. Kimi kimə dəyişəcəkdi? Georqadzenin də, Qamsaxurdiyanın da siyasi orientasiyasından tutmuş, idarəçilik qabiliyyətlərinə qədər hər tərəflərinə bələd idi. Amma 2003-cü ildə az öncə dövlət vəzifəsindən uzaqlaşmış bir gəncin israrla önə çıxması, proseslərin içərisində, daha çox da önündə olmaq cəsarəti, hakim komandada təmsil olunduğu vaxt əsas fiqur olmaması və bu səbəbdən də yarıtmaz siyasətin məsuliyyətini bölüşməməsi faktı, əhalinin maraqlarını açıq müdafiə etməsi və birmənalı siyasi inadı, Şevardnadze kimi nisbətən də olsa demokratik görünən bir liderin istefasına və inqilabi dəyişiklik prosesinə Qərbin dəstək verməsinə gətirib çıxardı.

Yeni şəxs sabitlik, demokratiya və regional maraqlar baxımından Qərb üçün tamamilə yeni və maraqlı bir fiqur idi. Qərb gənc Mixaili sonadək dəstəklədi, dəstəkləməkdə davam edir və sonun nə vaxt olacağı da hələ bilinmir. Müqayisə üçün deyək ki, 1992-93-cü illərdə AXC hakimiyyəti də aşkar qərbmeylli və antirusiya mahiyyətli idi. Amma istər enerji məsələsində, istər də Ermənistanla münaqişənin həlli prosesində heç də Qərbi razı salan siyasət yürütmürdü. Ona görə də “reallığı düzgün qiymətləndirməyən, sentimental-romantik komanda” imici qazanmışdı...

Son seçkilərdə Levon Ter-Petrosyanın Qərbdən dəstək almamasının da oxşar səbəbləri vardı. Əlahəzrət Qərb 1996-cı ildə regionun ən böyük münaqişəsi sayılan Ermənistan –Azərbaycan münaqişəsinin həllinə dair konkret bir variantı masa üzərinə qoydu. Bu plan, təbii ki, hər zaman və dünyanın hər yerində olduğu kimi, hər iki tərəfin güzəştlərini nəzərdə tuturdu. Amma o vaxt hərbi əməliyyatların və döyüşdəki qələbənin eyforiyasından hələ başı açılmamış Ermənistan ictimai rəyini bu güzəştlərin vacibliyinə və labüdlüyünə inandırmaq çox çətin idi. Başqalarından daha mühafizəkar və ümumi maraqlara tabe olmağa daha meylli olan erməni milli şüuru ilə dava açmaq qorxulu perspektivlər vəd edirdi. Planı həyata keçirmək Ter-Petrosyana çətin gəldi və o, “gerçəkliyi dərk edə-edə” (sitat eks-prezidentin özündəndir) istefaya getdi. Nə idi o gerçəklik? Cavabı yenə Levon özü verir – məşhur və tarixi bir fikirlə: “O şeyi ki, bizə bu gün verirlər və biz imtina edirik, sabah yalvarsaq da verməyəcəklər...” Bu həqiqəti Qərb də bilirdi. O halda, dediklərinin həqiqət olduğunu bilə-bilə istefa vermiş bir şəxsi yenidən hakimiyyətə gətirib, ondan nə qazanacaqdı? Yenədəmi ekstremal vəziyyətdə “mən imzalamıram” deyib, yerini başqasına, həm də yeni əlaqələr qurmaq baxımından Qərbə problem yaradan birinə təhvil verəcək?

Azərbaycanda yeni müxalifət haqda söhbətlər zaman-zaman eşidilib. Hakimiyyət elə gözümüzün önündəcə külli miqdarda pul xərcləyib bu yeni müxalifəti yaratmaq üçün. Nədir məqsəd? Yalnız səmimi, ya qeyri-səmimi, əsl və ya oyuncaq müxalifət təşkilatları yaradıb siyasi səhnəyə çıxarmaqmı? Təbii ki, prosesin gedişi və ortada olan nəticələr daha çox oyuncaq müxalifət variantına uyğun gəlir. Amma hakimiyyət də ağılsız deyil, o mənada ki, boş yerə pul xərcləməz. Bu oyuncaqların içərisində və ya arxasında bir oyun da olduğunu düşünmək lazımdır. Pul xərcləyib, dəstək verib siyasətə gətirdiyi adamlar və qüvvələr bir gün elə həmin hakimiyyətin əsl alternativinə də çevrilə bilər. Necə ki, hakimiyyətin içindən onun özünə qarşı müxalifət formalaşır və çıxır. Təsəvvür edək, o qədər pul və dəstək hesabına real gücə çevrilən bir siyasi qüvvə və ya lider nədən sabah başqa arzuya düşməsin?

Azərbaycanda yeni müxalifət qüvvəsi ilə bağlı stereotip düşüncə formalaşıb. Təbii, bu kompleksin içərisinə daxil olan arqument və dəlillər toplusunun çoxu zaman-zaman baş vermiş real hadisələrdən qaynaqlanır. Amma məsələnin başqa tərəfi də var axı! Bu başqa tərəf dediyimiz məhz siyasi arenanın yeniləşməsi, yeni oyun qaydalarının müəyyənləşməsi, siyasi münasibətlərdəki ənənəvi sərt qütbləşmənin nisbətən də olsa, sivil və dinamik bir modellə əvəzlənməsi imkanlarıdır. Bu imkanlar, təbii ki, yeni siyasi qüvvənin, yeni müxalifət konsepsiyasının ortaya çıxmasından birbaşa asılıdır. Bunu ilk növbədə hakimiyyət, ondan sonra da indi müxalifət platformasını təmsil edən qüvvələr istəməlidirlər. Azərbaycanı sevdiyini iddia edən qüvvələrin heç biri isə hələlik belə bir istəkdə olduqlarını duyurmurlar.

Ortaya yeni qüvvələr və yeni simalar çıxmalıdır. Elə qüvvələr ki, cəmiyyətin sərt qütbləşmə vəziyyətində olan tərəflərin heç biri ilə düşmən olmasın. Hakimiyyətə gələcəyi təqdirdə, həmin qüvvə tərəflərin hər birinin konkret maraqlarını ifadə edə bilsin.

Hiç yorum yok: