İranın mobil operatoru Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən “Karabakh Telecom”la rouminq sazişi imzalayıb
İranın mobil operatorlarından olan Kiş Telekommunikasiya Şirkəti (Telecommunications Kish Company) Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində fəaliyyət göstərən “Karabakh Telecom”la beynəlxalq qaydalara zidd olaraq rouminq sazişi imzalayıb.
Bununla yanaşı şirkətin rəsmi saytında (httr://www.tkckish.com/roaming1.htm) Dağlıq Qarabağ Ermənistan ərazisi kimi təqdim edilib.
Bundan başqa, Litvada beynəlxalq telefon danışıqlar kartını (GeMobile) istehsal edən “Gemini network LTD” şirkəti də Avropa ərazisindən Dağlıq Qarabağa və Azərbaycanın işğal olunan digər rayonlarına zəng etmək imkanı yaradıb. Belə ki, onun avropalı abunəçilərə təqdim etdiyi danışıq kartları vasitəsilə Dağlıq Qarabağ və Azərbaycanın işğal olunan rayonları ilə əlaqə saxlamaq mümkündür. Bu şirkətin saytında (httr://www.gemobile.lt/?lang=ru&country=99&page=price) da Dağlıq Qarabağ Ermənistan ərazisi kimi də təqdim olunub.
Eyni vəziyyət Rusiyanın telekommunikasiya şirkəti olan “Telekomtreyd”də də (httr://www.pomortel.ru/ipcia.html) mövcuddur. Həmin şirkət vasitəsilə Rusiyadan Azərbaycanın işğal olunmuş ərazilərinə zəng etməm mümkündür. Şirkətin saytında da Dağlıq Qarabağ Ermənistan əraziləri kimi göstərilib.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzullahi Kiş Telekommunikasiya Şirkətinin özəl qurum olduğunu deyib: “Güman edirəm ki, şirkət bunu məqsədli deyil, məlumatsızlıqdan edib”.
Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov isə Kiş Telekommunikasiya Şirkəti ilə “Karabakh Telecom” arasında əməkdaşlıqla bağlı araşdırma aparacaqlarını bildirib.
Litvanın Azərbaycandakı səfirliyinin birinci katibi Viliyes Samuela APA-ya məsələ ilə bağlı ölkəsinin Xarici İşlər Nazirliyini məlumatlandıracağını deyib. O, ölkəsinin Azərbaycanla bağlı siyasətinin dəyişmədiyini bildirib: “Bu, özəl şirkətdir. Ola bilər ki, bu anlaşılmazlıq yanlışlıqdan və məlumatsızlıqdan baş verib”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Xəzər İbrahim isə bildirib ki, bununla bağlı Azərbaycanın qeyd olunan ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalara müvafiq təlimatlar veriləcək.
22 Mayıs 2008 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder