azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

22 Mayıs 2008 Perşembe

İRAN SAYTINDA AZƏRBAYCAN PREZİDENTİNƏ ÜNVANLANMIŞ ANONİM MƏKTUB YERLƏŞDİRİLİB


2008-05-21 - 15:50:00




İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») keçmiş komandanı Möhsün Rzayiyə bağlı olan www.tabnak.ir saytında mayın 21-də bir təbrizli alimin adından Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış anonim məktub yerləşdirilib.



«Media forum» saytının məlumatına görə, «Cənab Əliyev, İraq və Əfqanıstana əsgər göndərməkdənsə, Qarabağ haqqında düşünün» başlıqlı açıq məktubda anonim müəllif İranla Azərbaycanın oxşar xüsusiyyətlərindən danışdıqdan, «Azərbaycan Respublikası əhalisinin vaxtilə İran vətəndaşları olmasını» iddia etdikdən sonra İsrail dövlətinin yaranmasının 60-cı ildönümü ilə əlaqədar Azərbaycan prezidentinin İsrail rəhbərlərinə təbrik məktubu göndərməsini tənqid edib: «Cənab prezident! Sizin - əhalisinin 90 faizini müsəlmanlar təşkil edən bir ölkənin prezidentinin bu gün sionist İsrail rejimi ilə sıx əlaqə yaratması cəmiyyətdə böyük parçalanmaya səbəb olub. Ərazisinin 20 faizi əcnəbi işğalında olan ölkə əhalisi, dini mənsubiyyət səbəbindən, öz hökumətlərinin işğalçı İsrail rejimi ilə dost münasibətlərini qəbul edə bilmir. Cənab prezident! Özünüz yaxşı bilirsiniz ki, bir beynəlxalq təşkilatın ölkə əhalisi arasında apardığı sorğunun nəticələrinə görə, ölkənizdə vətəndaşların 92 faizi Azərbaycan hökumətinə heç inanmır. Sizcə, bu inamsızlığa səbəb başçılıq etdiyiniz hökumətin işğalçı sionist rejimi ilə sıx dost münasibətlər yaratması deyilmi? Doğrudan da, Azərbaycan Respublikasının əhalisi açıq-aşkar buna qarşı olduğu halda sizin ölkə paytaxtında İsrail adına park və küçə saldırmaq israrınız nə ilə bağlıdır?»

Məktubda İran vətəndaşlarının Azərbaycan zindanlarında işgəncəyə məruz qaldığı da iddia olunur: «Cənab Əliyev, sizə nə olub ki, müxtəlif səbəblərdən Azərbaycanın Qaradağ bölgəsindəki həbsxanalarında saxlanan, sizinlə eyni dildə danışan iranlı gənclərə heç bir güzəşt etməyib fiziki və psixi işgəncələr tətbiq etdirdiyiniz halda sionistlərin müsəlman Azərbaycan ölkəsindəki istənilən xoşagəlməz rəftarına göz yumur, heç bir tədbir görmürsünüz?»

Anonim müəllifin məktubunda Qarabağ probleminə və Minsk qrupunun fəaliyyətinə də toxunulub: «Cənab İlham Əliyev! Qarabağ probleminin həllinin Minsk qrupuna tapşırılmasından 14 il keçir. Lakin bu uzun müddətdə problemin həlli istiqamətində nəinki heç bir ciddi tədbir görülməyib, hətta Minsk qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyü haqda BMT-nin qəbul etdiyi qətnamələrin lehinə səs verməyə hazır olmayıblar. Maraqlıdır, sizin bu münaqişənin həlli üçün proqramınız nədən ibarətdir? İşğal olunmuş əraziləri geri qaytarmaq üçün potensial qüvvələrdən niyə istifadə etmək istəmirsiniz? Cənab prezident! Mən Bakıda səfərdə olarkən oradakı vəziyyətdən son dərəcə üzüldüm. Şəhərin hər yerində Qərb mədəniyyətini təmsil edən müxtəlif heykəllər ucaldıldığı halda Qarabağ şəhidlərinə aid bircə heykələ rast gəlmədim. Mənim qənaətimə görə, siz bununla dolayı yolla xalqdan Qarabağı unutmağı tələb edirsiniz».

Daha sonra məktubda deyilir: «Cənab prezident! Əhalisinin 90 faizini müsəlmanlar təşkil edən ölkənizdə sizin yeritdiyiniz siyasət heç də ölkənin din və mədəniyyətinə uyğun gəlmir. Azan səsinin yayılmasının qarşısını almaq, məktəblərdə hicabdan istifadəyə, dini kitabların yayılmasına, Məhərrəm ayında əzadar dəstələrin küçə və meydanlara çıxmasına, seçkilərdə din xadimlərinin namizəd olmasına qadağalar qoymaq buna misaldır. Cənab prezident! Göstərilən bütün bu cəhdlərə baxmayaraq bu gün Azərbaycan Respublikasında qadınlar dəstə-dəstə islama və hicaba üz tutur. Azərbaycan Respublikası vətəndaşlarının İran mallarına rəğbət göstərməsi, onların İrana səfər etməyə, müqəddəs Məşhəd şəhərini ziyarət etməyə təşəbbüs göstərməsi, Azərbaycan Respublikası vətəndaşlarının İranın böyük mədəniyyət xadimlərinə göstərdiyi rəğbət və digər bu kimi hərəkətlər Azərbaycan Respublikası əhalisinin həqiqi və tarixi kimliyinə qayıtmaq arzusundan xəbər verir. Cənab İlham Əliyev! Çayda suyun əksinə gedən kəs heç vaxt öz məqsədinə çatmayacaq. Həqiqət ondan ibarətdir ki, sizin bütün tədbirləriniz Azərbaycan Respublikası xalqının tutduğu istiqamətin əksinədir. Ona görə də ümid edirəm ki, bundan belə fürsəti itirməyəcək və Azərbaycan xalqı ilə yanaşı islam təlimləri sayəsində ölkənin və xalqın tarixi kimliyi istiqamətində gedəcəksiniz. Belə olsa, İran xalqı da bütün mərhələlərdə Azərbaycan xalqına dəstək verərək onun inkişafı uğrunda əlindən gələni əsirgəməyəcək».

Hiç yorum yok: