azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

23 Haziran 2008 Pazartesi

Əbülfəz Elçibəy – 70



Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, AXC (AXCP) sədri, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin anadan olmasından 70 il ötür.

Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 24 İyun 1938-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unus kənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 - X.1964). Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tülunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
1975-ci ilin yanvarında Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaqda ittiham olunaraq həbs edilib və 3 il müddətinə azadlıqdan məhrum olunub. Amma 17 İyul 1976-cı ildə həbsdən buraxılıb. 1976-cı ilin dekabrından 1992-ci ildə prezident seçilənədək indiki AMEA-nın Əlyazmalar İnstitutunda işləyib.
Klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, Şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən ən ciddi alimlərdən sayılan Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun bütünlüklə yeni düşüncələr toplusu olan “Tolunoğulları dövləti (868-905)” (İstanbul, 1997) və “Bütöv Azərbaycan Yolunda” (İstanbul, 1998) kitabları dünya şərqşünaslıq elminə dəyərli töhfədir.
Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını geniş şəkildə yaymaqla məşğul olub. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilmədi. Təsadüfi deyil ki, 1988-ci ildə Azərbaycan xalq hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri olub. O, hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (16 iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub.
7 İyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb.
Elçibəyin prezidentliyə seçildiyi dövrdə dövlətimizin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi. Buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edildi. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırıldı. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. Laçının əksər kəndləri düşməndən azad edildi.
Keçmiş sovet respublikaları arasında birinci olaraq rus ordusunun Azərbaycandan çıxarılmasının başa çatdırılması ölkəmizin tarixi nailiyyəti idi. Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Dövlət üçün zəruri olan gömrük sisteminin yaradılması Azərbaycanın təbii ehtiyatlarının xaricə qanunsuz və maneəsiz daşınmasının qarşısını xeyli dərəcədə aldı.
1992-ci ildə maliyyə baxımından tamamilə taqətdən salınmış bir ölkədə Dövlət Ləl-Cəvahirat Fondu yaradıldı, ali məktəblərə qəbul postsovet məkanında ilk dəfə Azərbaycanda test üsulu ilə həyata keçirildi.
Milli münasibətlər problemini tənzimləmək üçün prezident Elçibəy ilk növbədə milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman verdi. Beynəlxalq təşkilatların ekspertlərinin rəyinə görə, keçmiş Sovet İttifaqı respublikaları içərisində hələ heç bir dövlətdə milli münasibətlər belə mədəni formada tənzimlənməmişdi.
1993-cü ilin iyun ayında Azərbaycanın xarici və daxili düşmənləri tərəfindən Gəncədə hərbi qiyam təşkil edildi. Əbülfəz Elçibəy ölkəni vətəndaş müharibəsindən qurtarmaq üçün Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi, iyunun 17-dən 18-nə keçən gecə isə Bakını tərk edərək doğulduğu Kələki kəndinə getdi və 4 il 4 ay 13 gün orada yaşadı.
1997-ci il oktyabrın 30-da Bakıya dönən Əbülfəz Elçibəy Bütöv Azərbaycan Birliyini yaratdı və Türk Xalqları Assambleyasının fəxri sədri seçildi. O, Məhəmməd Əmin Rəsulzadə yolunu yaradıcılıqla davam etdirərək, müsavatçılıq ideyalarını Bütöv Azərbaycan düşüncəsi ilə zənginləşdirdi, “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə!” şüarını irəli sürdü.
Əbülfəz Elçibəy 22 Avqust 2000-ci ildə qardaş Türkiyənin Ankara şəhərində vəfat edib.

lent.az

Hiç yorum yok: