azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

26 Nisan 2008 Cumartesi

Ortaq türk dili ideyası

Ortaq türk dili ideyası

Nizami Cəfərov: "Bir neçə ildən sonra ortaq dil sahibi olacağıq"

Elşad EYVAZLI.

Son vaxtlar türk dövlətlərinin vahid dil sisteminin hazırlanması məsələsi gündəmə gəlib. Məsələnin yaxın vaxtlarda geniş müzakirəsinin nəzərdə tutulduğu bildirilir.
Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov bildirib ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı artıq öz proqramlaşdırılmış təkliflərini açıqlayıb və bu istiqamətdə işə başlanılıb: "Faktiki olaraq, Azərbaycanla Türkiyə arasında dil, ünsiyyət problemi yoxdur. Bizi maraqlandıran məsələ budur ki, elə bir ortaq türkcə olsun ki, bu dil dünyanın türk xalqları arasında bir növ beynəlxalq dilə çevrilsin. Artıq bunun üçün müvafiq proqramlar nəzərdən keçirilib. Ən uğurlu variant budur ki, Türkiyə türkcəsi türk dünyasının ortaq dili olsun. Əlbəttə, bunun üçün türk dünyasında maraq və istək var. Əvvəla, Türkiyə türk dünyasının ən böyük və ən inkişaf etmiş ölkəsidir. Həm də Avropaya, Qərbə ən yaxın türk dövlətidir. Biz də türk dünyası olaraq, Şərqdən Qərbə doğru gedirik, yəni üzümüz Qərbə doğrudur".
Türkoloq alimin sözlərinə görə, yönümüzü Şərqə çevrib oradan nə isə götürə bilmərik: "Taleyimiz bizi Qərbə doğru çəkirsə, istər-istəməz türk dünyasının ən inkişaf etmiş ölkələri bu istiqamətdə gedir. Başqa bir məsələ də var ki, bu gün Türkiyə türkcəsində təxminən 100 milyon insan danışır. 50 milyonluq Azərbaycan xalqının xeyli hissəsi türkcəni başa düşür. Türkmənlər və özbəklərlə bağlı da problem yoxdur. Əsas problem qıpçaq türkləri, yəni tatarlar, başqırdlar, qazaxlar və qırğızlarla bağlıdır".
Onların bu məsələyə necə yanaşacaqlarına gəlncə, həmsöhbətimiz bildirib ki, artıq onların bu məsələyə münasibəti müsbətdir: "Çünki qıpçaq türkləri arasında da Türkiyə türkcəsinin yayılması işi xeyli genişlənib. Bu ölkələrdə türkcədə televiziyalar, qəzetlər və hətta məktəblər mövcuddur. Faktiki olaraq, burada da məsələyə müsbət yanaşma var. Mən hesab edirəm ki, türk dünyasının Türkiyə türkcəsinə marağı ilə yanaşı, həmin dil də məsələyə hazır olmalıdır".
Deputat qeyd edib ki, Türkiyə türkcəsinin özündə də müəyyən dəyişikliklər aparılmalıdır: "Türkiyə türkcəsində bu dil üçün o qədər də təbii olmayan sözlər var. O sözlər Türkiyə türcəsindən çıxarıla, başqa türk dillərindən türk mənşəli xeyli sözlər əlavə oluna bilər. Bütün bunlar işin gedişində həyata keçiriləcək məsələlərdir. Bunu süni şəkildə həyata keçirmək də olmaz".
Qaldı bu məsələlərin kompleks şəkildə həllinə, Nizami Cəfərov deyib ki, hazırda faktiki olaraq bu proses davam etməkdədir: "Məncə, artıq bu məsələ həll olunub. Çünki bir çox beynəlxalq, elmi-mədəni tədbirlərdə Türkiyə türkcəsindən istifadə olunur. Burada ümumtürk səviyyəli tədbirlərdən söhbət gedir. Hətta daha böyük beynəlxalq tədbirlərdə azərbaycanlılar, özbəklər, türkmənlər artıq yavaş-yavaş rus dilindən yox, Türkiyə türkcəsindən istifadə etməyə başlayıblar. Yəni bu proses gedir və mən güman edirəm ki, məsələnin həlli lazımi istiqamətdə davam etdiriləcək. Yəqin ki, bir neçə ildən sonra biz ortaq bir dil sahibi olacağıq".
www.xazar.az

Hiç yorum yok: