Paralimpiyaçılarımız Bakıya qayıtdılar
Pekin Yay Paralimpiada oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 19-da Vətənə dönüblər. Heydər Əliyev adına hava limanında idmançılarımızı Gənclər və İdman Nazirliyinin, Milli Paralimpiya Komitəsinin rəhbər şəxsləri, idmançıların yaxınları və çoxsaylı azarkeşlər qarşılayıb. Lent.az-ın əməkdaşı da onların arasında olub.
Hərarətli qarşılanmadan sonra Lent.az-a açıqlama verən cüdo üzrə 100 kq-dan yuxarı çəki dərəcəsində ikiqat Paralimpiya çempionu İlham Zəkiyev bildirib ki, Azərbaycan kimi ölkədə idmançı olmaq şərəflidir: “Mən bu qələbəmi xalqıma və Prezidentimizə həsr edirəm. Özümü xoşbəxt hiss edirəm və bu hissi yaşamağı hər bir idmançıya arzulayıram”.
Digər Paralimpiya çempionu, atletikanın nüvə itələmə növündə qızıl medal qazanmış Uluxan Musayev isə Lent.az-ın əməkdaşına deyib ki, o, cəmi ilyarımdır idmanın bu növü ilə məşğul olur: “Ötən ilin sentyabrında Taybeydə dünya çempionu oldum, indi isə Pekində çempion olub, dünya və Paralimpiya rekordunu təzələdim. Bu qələbəni ilk növbədə ailəmə, sonra isə xalqıma həsr edirəm”.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov müxbirimizə deyib ki, idmançılarımız çox yüksək səviyyədə çıxış ediblər: “Biz belə nəticələr olacağını əvvəldən proqnozlaşdırmışdıq. Şükürlər olsun ki, idmançılarımız bu proqnozlarımızı doğrultdular”.
İdmançılarımız, onlar üçün ayrılmış avtobusla hava limanından şəhərə gəliblər. Onlar Heydər Əliyev adına Sarayın qarşısındakı parkda Heydər Əliyevin heykəlinin qarşısına gül dəstələri qoyublar. Bununla da mərasim başa çatıb.
LENT.AZ
Hiç yorum yok:
Yorum Gönder