Bəşəriyyət səhvlərinin hesabını verir
Bəşəriyyətin son illərdə problemi müxtəlif istiqamətlərdə yaranan fəlakətlərlə mübarizə olub. Elm bu böhranı öncədən proqnozlaşdırırdımı? Bilinmir, ancaq müxtəlif uzaqgörən adamlar o barədə danışırdılar. Onlar dünya üzrə haqsızlığın artmasını, insanların qəlbində sevgini praqmatik hesabların əvəz etməsini təhlükəli tendensiya sayırdılar. Psixoloqlar və homeopatiklər deyirlər ki, 2000-ci ildən başlayaraq insanların enerjisi sürətlə azalır. İnsan enerjisini nə zaman sürətlə inirir? İmmuniteti zəifləyəndə. İmmunitet isə orqanizmin müqavimət sistemidir. Bu müqavimətin mənbəyi birmənalı olaraq sevgidir, Allaha inamdır. Bəşəriyyət sevgini daha çox imitasiya edir, şəhvəti sevgi kimi qələmə verməyə çalışır, insana kömək əlini uzatmağı özünün şəxsi məqsədlərinə tabe edir. Təmənnasız sevgi və yardım anlayışlarını insan həyatından demək olar ki, qovublar. Bütün bunların nəticəsi dünyanın müxtəlif yerlərində savaşlar, insanların qanının axıdılması, silah satıb qazanc əldə etmək, insanları öz evindən didərgin salmaq kimi bədbəxtçiliklərdir. Dünya artıq bu faciələrdən doyub. Təbiət mənəvi aləmini zibilləyən bəşəriyyəti məcburi təmizləmə “əməliyyatına” başlayıb. Ona görə də təbii fəlakətlər ara vermir.
Dünyanı təbii və sosial fəlakətlərin paralel olaraq bürüməsi bütövlükdə bəşəriyyət üçün xəbərdarlıqdır. İnsanlar və dövlətlər həyata baxışlarını dəyişməlidirlər. Onlar dünyanın mövcudolma prinsiplərinə ciddi əməl etməlidirlər. Əks halda hamılıqla məhvə doğru gedirik. Amerikadan başlayan maliyyə böhranının hansı ölkələri daha çox vuracağını hesablayanlar isə səhv edirlər. Çünki bu bəla hər kəsi tutur. Dünya indi elə qloballaşıb ki, bu hallarda kənarda qalan olmur. Məsələ heç də kiminsə maliyyə durumuna bu gün təsirin olmamasında deyil. Bütövlükdə tendensiyanın istiqamətindədir – bu gün salamat qalanın sabah hansı aqibəti yaşayacağı bilinmir.
Dünyaya bir sevgi, ilahi ədalət gərəkdir. Bu prinsipləri insan övladı heç zaman unutmamalıdır. Unudanların axırı məlum deyil. Dini fərqliliyə görə insanları terrorçu adlandırmaq böyük günahdır. Bunun altı təkcə maliyyə sisteminin çökməsi ilə çəkilmir. Bu, başlanğıcdır. Bundan sonra daha dərin fəlakətlər gələ bilir.
Başqasının bədbəxtçiliyi hesabına varlanmaq siyasəti iflasa uğradı. Müharibə ilə qalib gəlmək fəlsəfəsi özünüməhvə apardı. Bəşəriyyət yeni həyat fəlsəfəsi yaratmağa məhkumdur. Bu fəlsəfənin əsas anlayışı isə insanların Allaha, dünyaya və bütün insanlara sevgisi olmalıdır. Ola bilsin ki, bu, bəziləri üçün sentimental duyğular və hətta mistika kimi görünsün. Ancaq təbiət neçə ildir sübut edir ki, sentimentallıqla, mistika ilə rasionallığın, realizmin arasındakı məsafə çox deyilmiş. Əslində onlar eyni həqiqətin iki üzüdürlər.
Orxan Güneyli olaylar
Hiç yorum yok:
Yorum Gönder