azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

6 Mayıs 2009 Çarşamba

BMT BAŞ KATİBİNİN "QARABAĞ" HESABATI

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı sənəd münaqişənin beynəlxalq gündəmdə qalmasına xidmət edəcək


BMT-nin baş katibi Pan Gi Mun Azərbaycanın işğal olunmuş əraziləri barədə xüsusi hesabatla çıxış edib. APA-nın ABŞ bürosunun məlumatına görə, 18 vərəqlik hesabatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupu adından həmsədr ABŞ-ın, ATƏT-in hazırkı sədri və daha 12 dövlətin rəyi əks olunub.
ABŞ-ın Minsk Qrupunun bütün üç həmsədr ölkəsi adından BMT baş katibinə təqdim edilən sənəddə deyilir: "14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyasında 62/243 nömrəli qətnamə layihəsi (ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyinin Baş Assambleyasının 62-ci sessiyasında müzakirəyə çıxardığı "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamə layihəsi nəzərdə tutulur - red.) müzakirə olunarkən biz həmsədrlər səs verməyimizin səbəblərini izah edərkən qeyd etdik ki, 2007-ci ilin noyabr ayında ATƏT-in Madrid toplantısında hər iki münaqişə tərəfinə sülhün əldə olunmasına xidmət edəcək baza prinsiplərini təqdim etmişdik. Bu prinsiplər Helsinki Yekun Aktının və bu aktın silah və zor tərtib etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etmək maddələrinə əsaslanırdı".
Hesabatda bildirilir ki, "Madrid prinsipləri" adı almış bu yanaşma bu gün də müzakirə obyekti olaraq qalmaqdadır. Lakin hesabat müəllifi xüsusi qeyd edir ki, həm müzakirə olunan təkliflər, həm də həmsədr ölkələrin 62/243 saylı qətnamənin əleyhinə səs verməsi Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır: "Biz səsvermənin səbəblərini izah edərkən indi də bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyimizi bəyan edirik".
İkinci maraqlı məqam odur ki, həmsədrlər BMT-nin baş katibinə təqdim etdikləri hesabatda xalqların öz müqəddəratını müəyyən etmək hüququna birmənalı dəstək verməyiblər. Belə ki, sənəddə yazılıb ki, "Madriddə tərəflərə təklif olunan prinsiplər hər iki tərəfin qəbul edəcəyi təqdirdə öz müqəddəratını təyin etmək və silah tətbiq etməmək prinsiplərini nəzərdə tutur". Bununla da həmsədrlər öz müqəddəratını müəyyən etmək hüququnun ərazi bütövlüyü hüququndan üstün olmadığını bir daha xüsusi olaraq vurğulayıblar.
Amerika tərəfinin BMT-nin baş katibinə təqdim etdiyi sənəddə daha sonra vurğulanır ki, "Madrid prinsipləri" təşkilatın ultimativ xarakterli təklifi deyil və onun maddələrinin belə qəbul olunması düz deyil.
Ermənistan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" hesabatla bağlı BMT baş katibinə təqdim etdiyi məruzədə 2008-ci ildə 62/243 saylı qətnamə səsverməyə çıxarıldığı zaman ona Baş Assambleyanın əksər ölkələrinin dəstək vermədiyini qeyd edib. Daha sonra bildirilib ki, prezidentlərin 6 iyun 2008-ci il Sankt-Peterburq görüşündə Azərbaycan "Madrid prinsipləri"ni münaqişənin həll olunması üçün əsas sənəd kimi qəbul edib.
Azərbaycan tərəfinin BMT-nin baş katibinə təqdim etdiyi sənəddə isə qeyd olunur ki, Baş Assambleyanın 62-ci sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərdə vəziyyətlə bağlı qəbul etdiyi sənəd Dağlıq Qarabağ münaqişəsinin həllinə öz ciddi müsbət tövsiyəsini verir. Azərbaycan tərəfi Baş Assambleyanın Ermənistandan işğal olunmuş ərazilərdən qanunsuz dəstələrini çıxarmağı, qaçqın və məcburi köçkünlərin qaytarılmasına şərait yaradılmasını tələb etməsini, ermənilərin qanunsuz məskunlaşma siyasətinə "yox" deməsini yüksək qiymətləndirib.
Daha sonra 10 dövlət Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı hesabata münasibət bildirib. Belarus, İndoneziya, Qazaxıstan, Malayziya, Meksika, Pakistan, Slovakiya, Sudan, Türkiyə və Ukrayna Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. İndoneziya isə öz bəyanatında İslam Konfransı təşkilatının adından çıxış edib.
Qeyd edək ki, Pan Gi Munun hesabatı Baş Assambleyanın 63-cü sessiyasında da müzakirə olunmalıdır. Azərbaycanın bu il BMT-yə təqdim etdiyi digər 4 sənədlə yanaşı, bu hesabat uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin BMT-nin gündəmində qalmasına xidmət edəcək.

ERMƏNİSTAN VƏ DAĞLIQ QARABAĞDA QORXU VƏ NARAHATLIQ

Türkiyə ilə sərhədin açılma ehtimalı və Qarabağ münaqişəsinin həll perspektivi qarşısında bu duyğu çoxlarını sarmışdır


İsmayıl UMUDLU


Ermənistan və Dağlıq Qarabağda son günlər bir qorxu və narahatlıq hakimdir. Türkiyə ilə sərhədin açılma ehtimalı və Qarabağ münaqişəsinin həll perspektivi qarşısında bu duyğu çoxlarını sarmışdır - Ermənistan siyasi spektrini və Qarabağdakı separatçı güruhu təmsil edən şəxslərin açıqlamalarındakı notlar, onların sətiraltı mənaları bunu aydın göstərir. Bu qorxu və narahatlıq indiyədək izlənmiş siyasətin iflasından (bu, hələ açıq etiraf olunmasa da) qaynaqlandığı da gözdən qaçmır.
Söz deyən hər kəsin baş verənləri anlamağa çalışarkən zora düşdükləri bir açıqdır. Son iyirmi ildə (az müddət deyil) siyasi iqlimi müəyyənləşdirmiş şəxslərin indi qaçılması mümkün olmayan yeni gerçəklik qarşısında zora düşdükləri təbiidir və bunu anlamaq çətin deyil. Az bir zaman içərisində dəyişmək və yeni şəraitə transfer olmaq özlüyündə ağır siyasi-psixoloji məsələdir. Siyasi iqlimi müəyyənləşdirənlərin açıqlamalarında qorxu və narahatlıqla yanaşı, "dəvədən yıxılıb, lök-lökündən qalmır" da var, özünə təskinlik də, yekəxanalıq da, söz oynatma da, ümid və ümidsizlik də, məyusluq da var.

QALDI BİR DƏ GƏLƏN İLƏ

Builki 24 aprel də ermənilərə gözlədiklərini vermədi. Həm Ermənistanın, həm də mütəşəkkil erməni diasporunun siyasətindəki aparıcı bənd - "soyqırım"ın Vaşinqton tərəfindən rəsmən tanınması - açıq bir iflasla üzləşdi. Prezident Barak Obama ermənilərin arzu etdikləri və özünün dəfələrcə söz verdiyi (özü də yazılı!) "soyqırım" kəlməsini işlətmədi. Ermənilər dünyanın gözü qarşısında növbəti dəfə "aldadılmış" duruma düşdülər. Bu vəziyyətə düşəcəklərini ağlı özündə olan hər bir erməni öncədən də bilirdi və belə də oldu. Fəqət neçə illərdən bəri təkrarlanan bu durum onlara dərs olmur. Bu dəfə də olmadı. Məsələn, bu son olaydan sonra erməni toplumuna təlqin olunur ki, eyb etməz, gələn il soyqırımın "dəyirmi" ildönümüdür - 95 illik gəlir və o gün Barak Obama budəfəkindən sərt məzmunlu bir bəyanata imza atacaq, başqa sözlə, məhz "genosid" sözünü işlədəcək.
İş bununla bitmədi. Erməni çevrələrə daha bir dərs Ohayo ştatında verildi və bu dərslərin ardının gələcəyi də tamamilə gözləniləndir. Amerika tarixində ilk dəfə olaraq bir konqresmen - Cin Şmidt (Yean Schmidt) "mənim tarix bilgimə görə, buna "soyqırım" deyilə bilməz, bunlar faciəli olaylardır" dedi və "soyqırım" iddialarını qəbul etmədiyi üzündən barəsində söylədikləri ittihamlara görə erməniləri məhkəməyə verdi.
İndiyədək konqresdə növbənöv "erməni qətnamələri"nə səs verməmiş olan Cin Şmidt dedi ki, Amerikada və dünyada çox sayda tarixçi bunun "soyqırım" olmadığını söyləyir, mövzu mübahisəlidir, odur ki, olayı ABŞ Konqresi deyil, müstəqil bir beynəlxalq komissiya həll etməlidir. İş burasındadır ki, xanım Cin Şmidt Ohayo ştatında 2-ci bölgədən konqres üzvlüyünə namizəddir, seçki noyabrın 4-də keçiriləcək və onun rəqibi David Krikoryan adlı bir ermənidir. Bu erməni öz siyasi rəqibini şantaj edib ki, "Cin Şmidt türklərdən soyqırımı inkar etməsi müqabilində 30 min dollar pul almışdır". Fəqət şantaj təsirsiz qalıb və indi Krikoryan öz siyasi rəqibinə qarşı yolverilməz üsuldan istifadə etdiyinə görə özünü məhkəmə qarşısında müdafiə etməli, öz əsassız iddiasını sübut etməlidir. Bu sayaq şantaj nömrələri Amerikada heç də hər zaman yerimir.

ARAVURMA SİYASƏTİ BOŞA ÇIXDI

İrəvan rəhbərliyinin Türkiyə ilə münasibətləri "ilkin şərtlər olmadan" normallaşdırmaq, "Qarabağ məsələsi"ni bu işə qatmamaq və Azərbaycanı aralı tutmaq xəttinin boşa çıxdığını söyləmək olar. Buna Serj Sarqsyan komandası və diaspor çevrələri çox böyük qüvvə və vəsait sərf etmişdilər.
Türkiyə və Azərbaycan toplumu belə incə gedişlər qarşısında yetkinlik və müstəsna bir həmrəylik nümayiş etdirdi. Hələ ki, Ankaranın Qafqaz siyasəti kontekstində Ermənistanla münasibətlərini normallaşdırma niyyəti Qarabağ probleminin çözümünə bağlı saxlanılır. Onu da söyləyə bilərik ki, bunların bir-birindən ayrılıqda həllinin mümkünlüyünün Türkiyə və Azərbaycanın siyasi mənafeləri üçün nə kimi mənfi, hətta qorxulu nəticələrə gətirib çıxaracağı artıq rəsmi Ankara və rəsmi Bakı tərəfindən mənimsənilmişdir.
Bir nüansı da qeyd etmək istərdik ki, bizə görə, Barak Obamanın "genosid" termininin ermənicə qarşılığını işlətməsi ilə Ankaranı və Türkiyəni o dərəcədə narazı saldı ki, bununla Vaşinqton özünün Ankaraya təsir və təzyiqdə əlini zəiflətmiş oldu.
Hər halda, Türkiyə və Azərbaycan ictimai fikrində geniş yer alan siyasi diskussiyalar iki ölkə xalqlarını bir-birinə daha da yaxınlaşdırdı, hətta bir az da irəli gedərək iki toplum arasında bu məsələlərdə dərin bir anlaşmaya varıldığını da söyləmək olar. Bu isə olduqca önəmlidir və böyük siyasətə birbaşa təsir edən amildir. İşin bu kəskinlikdə əks effekt verməsi, Ankara və İrəvan arasında separat razılaşmanın bir addımlığında işin pozulması İrəvanda böyük bir hüzn doğurmuş kimidir. Bu da açıq hiss olunur.

DAŞNAKLARIN NARAHATLIĞININ SƏBƏBİ

Bu arada "yol xəritəsi"nin ortaya çıxması ilə Daşnaksütyun hakimiyyət koalisiyasından çıxdı. Onlar buna nə kimi don geyindirir-geyindirsinlər, bunun səbəbini anlamaq bizim üçün çətin deyildir. Türkiyə ilə sərhədin açılması və münasibətlərin hansı bir şəkildəsə normallaşması türklüyə nifrət, terror və qan, əsassız "soyqırım" inilti-fəryadları üzərində qurulmuş və varlığını sürdürən bu partiyanın da sonunu gətirəcək. Türklər və ermənilər arasında normal münasibət olan yerdə daşnaklara, sadəcə, yer yoxdur. Onlar hər hansı formada münasibətlər qurulmasından oddan qorxan kimi qorxurlar. Sərhədlərin açılmasına qarşı imzatoplama kampaniyası, çəkindirici bəyanatlar bundan qaynaqlanır.
Onların arqumentləri budur ki, türklər Ermənistan iqtisadiyyatına dərindən nüfuz edəcək, rəsmi İrəvanın siyasi qərarlarına təsir və təzyiq imkanları əldə edəcəklər. Onlar erməni toplumunu qorxudurlar ki, Qarabağ bölgəsinin Azərbaycana qaytarılması erməni xalqına ağır psixoloji təsir göstərəcək, buradan əhali köçünü sürətləndirəcək və bu xalq bu bölgədə varlığına son qoymuş olacaq.

LEVON TER-PETROSYAN DEYİR Kİ...

İlk prezident Levon Ter-Petrosyan müxalifətin dünən İrəvanda keçirdiyi mitinqdə çıxış edərkən deyib ki, erməni-türk münasibətlərinin tezliklə tənzimlənməsinə tərəfdardır və bu məsələdə iqtidarın bütün müsbət addımlarına kömək etməyə hazırdır. Onun yeganə etirazı "soyqırım"ı araşdırma məqsədi ilə erməni və türk tarixçilərindən ibarət komissiyanın yaradılmasına aiddir, çünki bu "ermənilərin soyqırımı"ndan imtina edilməsi anlamına gəlir.
O deyib ki, Türkiyə tərəfi Azərbaycanın toplumunun və öz müxalifətinin təzyiqləri ilə hesablaşmaya bilmir və əzəlki mövqeyinə qayıtmağa məcburdur, yəni nikbin proqnozlara və gözləntilərə rəğmən, iki ölkə arasında qarşılıqlı münasibətlər tənzimlənməyəcək və Ermənistan - Türkiyə sərhədi Qarabağ münaqişəsinin həlli məsələsində mühüm irəliləyiş olmadıqca açılmayacaq.
İlk prezident onu da deyib ki, Ermənistanla münasibətlərin tənziminə ümumi meyllə yanaşı, Türkiyə qarşısına başqa - daha sadə və konkret vəzifə, yəni nəyin bahasına olursa-olsun, Barak Obama və Konqres tərəfindən "soyqırım"ın tanınmasına mane olmağı da qoymuşdu. Türkiyə öz məqsədinə nail oldu, Ermənistan və diasporun isə əli boşda qaldı. Onun sözlərinə görə, odur ki, futbol diplomatiyası ilə başlayan oyunun ilk yarısı 1:0 hesabı ilə Türkiyənin xeyrinə nəticələnib ("Arminfo").

EYFORİYADAN SONRA "SOYUQ AĞIL" DÖNƏMİ

1992-ci ildəki rusların yardımı ilə əldə edilmiş üstünlükdən sonrakı eyforiya gec-tez öz yerini soyuq ağıl dönəminə verməli idi. Fəqət erməni toplumu üçün bu dönəm çox gec - indilərdə başlayıb. Bunun əlamələrinə baxaq. İndiyə qədər erməni toplumuna təlqin olunmuşdu ki, nəzarətə götürdükləri torpaqlar həmişəlik onlarındır, Dağlıq Qarabağ bir də Azərbaycanın nəzarətinə qayıtmayacaq. Onların bütün intellektual qüvvələri buna yönəlmişdi. Onlarda belə düşünürdülər ki, vaxt uzandıqca azərbaycanlılar vəziyyətləri ilə barışacaq və Qarabağdan əllərini üzəcəklər. Bunun belə olmayacağı bu gün erməni toplumuna gün kimi aşkar olmuşdur.
Onlar çox gözəl bilirlər və dəfələrcə dillərinə gətiriblər ki, Dağlıq Qarabağ ətrafında bircə rayonun nəzarətinin Azərbaycana qayıtması erməni çevrələrinin Dağlıq Qarabağ barədə niyyətlərinin puç olması deməkdir. İndi isə bir deyil, ilkin olaraq ən azı beş (!) rayonun qaytarılması danışıqlar masasında müzakirə olunan variantlardan biridir.
Onlar bunun fərqindədirlər ki, Azərbaycanın hədəfləri işğal altındakı torpaqları qaytarmaqla bitmir, onlar, ümumiyyətlə, Ermənistan dövlətini zəiflətmək və zərərsizləşdirmək xətti götürmüşlər. Aydın işdir ki, işğalçı və təcavüzkar bir qonşu ilə başqa rəftar da mümkün deyildir.
Gürcüstan tranziti Ermənistan iqtisadiyyatını gün-gündən zəiflətməkdədir və xaricdən daxil olan maliyyə yardımları yaşanan iqtisadi itkiləri kompensasiya etmək iqtidarında deyil, ölkənin onsuz da zəif olan iqtisadiyyatının nə kimi bir bataqlığa düşdüyü açıq yazılır. Bu vəziyyət uzun zaman davam edə bilməz və Gürcüstan yoluna alternativ ticarət yolları həyati önəm kəsb edir. Fəqət bu niyyətin qarşısında siyasi stereotiplər və Dağlıq Qarabağ problemi dayanır.
Onlar Rusiya və ABŞ-ın niyyətlərində bir vasitədən başqa bir şey olmadıqlarının da fərqindədirlər və bu iki seçim arasında baş sındırırlar. Ermənilərin Rusiyaya bəslədikləri ümidləri sarsılmış kimidir. Rusiya və Azərbaycan, Rusiya və Türkiyə arasında mal dövriyyəsinin fantastik rəqəmlərlə ifadə olunması və yeni iri layihələr ətrafında aparılan danışıqlar, Rusiyanın Ermənistana və Azərbaycana münasibətdə balanslaşdırılmış siyasətə get-gedə daha açıq bir şəkildə üstünlük verməsi İrəvanda üzüntü ilə qarşılanır. Aparılan danışıqlar bir fayda verməyəcəksə, Azərbaycanın Dağlıq Qarabağda təmizləmə əməliyyətlarına başlayacağı təqdirdə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını qarşısında görəcəyi barədə prezident Sarqsyanın bəyanatını və bunun belə olmayacağı barədə Rusiya tərəfinin açıqlamasını xatırlamaq kifayətdir.
İrəvan siyasi çevrələrində Rusiya və ABŞ arasında oriyentasiya seçiminə son günlər Avropa Birliyi də əlavə olunub. Bu məsələ yenidən bütün kəskinliyi ilə qarşıya çıxıb, bunu əsəbi vurnuxma da adlandırmaq olar. Mediada bu üç yönün tərəfdarlarının mülahizələrinə sıx-sıx yer verilir. Hər xəttin tərəfdarlarının öz arqumentləri var, fəqət hamısı praktik deyil, nəzəri tutuma malikdir. Bunlara alternativ olan isə qonşular - ilk öncə Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdır, yalnız bu halda Ermənistan öz gələcək normal yaşamını təmin edə bilər. Fəqət "örkən nə qədər uzun olsa da, gəlib doğanaqdan" - siyasi iddialardan, böhtanlardan imtina edilməsindən, Dağlıq Qarabağ probleminin dincliklə həllinə razılaşmaqdan keçir ki, Ermənistan indiki vəziyyətində belə buna hazır deyildir. Zaman isə öz işindədir.

5 Mayıs 2009 Salı

TÜRKIYƏDƏ DƏHŞƏTLİ QƏTLİAM

Terrorçular 45 nəfəri güllələyiblər



Türkiyənin Mardin şəhərinin Mazıdağı qəsəbəsinə bağlı Bilgə kəndində dəhşətli cinayət hadisəsi baş verib. Kənddə keçirilən toy mərasiminə silahlı basqında 44 nəfər ölüb, 6 nəfər ağır yaralanıb. Ölənlərin çoxu qadın və uşaqlardır.

Basqın keçmiş kənd icra nümayəndəsi Cəmil Çələbinin qızının toyunda baş verib. Bəzi mənbələr hadisəni iki ailə arasındakı qan davasının nəticəsi kimi təqdim etsələr də, ekspertlər baş verənlərdə qorxulu siyasi elementlər olduğunu bildirirlər.

Türkiyə mediasının xəbərlərində bildirilir ki, jurnalistlər təhlükəsizlik mülahizələri ilə əraziyə buraxılmırlar.

Hadisədən dərhal sonra hakim AKP-nin rəhbərliyinin toplantısında olan baş nazir Ərdoğan daxili işlər naziri Bəşir Atalayı arayaraq, ondan ətraflı məlumat alıb.

Ölənlərin çoxunun qadın və uşaqlar olduğu bildirilir. Şahidlərin bildirdiyinə görə, 4-5 nəfər maskalı şəxs uzun lüləli avtomat silahlarla nikah mərasiminin keçirildiyi iki evi 15 dəqiqə ərzində atəşə tutub. Kənddə olan mühafizəçilər cavab atəşi açsalar da, hücumçular yaxınlıqdakı vadidə gözdən itiblər.

Ölənlərin 12 nəfəri Çələbi soyadını daşıyır.

Mazıdağı qəsəbəsinin icra nümayəndəsi Aytaç Akgül hadisənin terror olmadığını, canilərin axtarışının davam etdiyini açıqlayıb.

Məlumata görə, artıq nişan mərasiminə basqın edın 8 nəfər silahları ilə birlikdə tutulub. Onlar da qətlə yetirilənlərlə eyni soyadı daşıyırlar.

SENSASİON ŞAHİD İFADƏLƏRİ ƏLİMİZDƏ!!!

Qanli cinayət yerindən canlı reportaj
«Atışma zamanı ADNA-nın qarşısında qara «plyonka»lı iki «Jeep» dayanmışdı»



Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən hadisədən artıq 5 gün keçir. Bu müddət ərzində ali təhsil müəssisəsində dərslər dayandırılmışdı. Dünəndən ADNA-da dərslər bərpa edilib. Biz də ötən gün akademiyaya baş çəkdik və apardığımız araşdırmalar zamanı sensasion xəbərlər əldə etdik. ADNA-nın hadisə baş verən korpusunun qarşısında xeyli sayda insan vardı. Onların əksəriyyəti akademiyanın tələbələri idi. Korpusun qarşısında diğər ali təhsil müəssisələrinin də tələbələri vardı. Onlar tələbə həmkarlarının dərdini bölüşmək və həmrəylik nümayiş etdirmək üçün bura gəldiklərini bildirdilər.

Tələbələr həmrəylik nümayiş etdirirdilər

Biz orada olduğumuz müddətdə İqtisad Universitetinin, BDU-nun, Pedaqojı Universitetin tələbələrinin əllərində qərənfillər tutaraq faciə zamanı həlak olan şəxslərin xatirəsini yad etməyə gəlmələrinin şahidi olduq.
Qeyd edək ki, korpusun 1-ci mərtəbəsində faciə qurbanları ilə bağlı guşə düzəldilib. Həlak olan insanların şəkillərinin qarşısına tər qərənfillər düzülmüşdü.

Nadir Əliyevin dönərxanası başqa ərazidə olub!


Biz reportaja ilk öncə qanlı hadisəni törədən Fərda Qədirovun həmkəndlisi, cinayətin iştirakçısı kimi həbs olunan Nadir Əliyevin dönərxanasından başlamaq istədik. Düşünürdük ki, artıq oranın qapısı bağlı olar. Amma ADNA-nın 15 metrliyindəki dönərxana açıq idi! Bu bizi təəccübləndirsə də, sonradan hər şey aydınlaşdı. Dönərxananı işlədən oğlan və onun köməkçisi bir qədər əsəbi tonda «qardaş, vallah, billah, burada Nadir adlı adam olmayıb. Buranı neçə illərdir ki, biz işlədirik, özü də nə gürcüstanlıyıq, nə da başqa bir yerdən. Bakıda doğulmuşuq, bakılıyıq» deyə bildirdilər. Bəs Nadir Əliyevin burada dönərxana işlətməsi xəbəri haradan çıxa bilərdi? Bu suala bakılı qaqaşlar da cavab axtardıqlarını dedilər: «Hamı, hətta MTN əməkdaşları da gəlib bizimlə söhbət ediblər. Onlara da bəllidir ki, burada Nadir adlı adam olmayıb». Sonrakı araşdırmalarımız zamanı bəlli oldu ki, Nadir Əliyev doğrudan da dönərxana işlədib, amma ADNA-nın qarşısında deyil, «beşmərtəbə» adlanan ərazidə, Füzuli meydanının yaxınlığında.

Beləliklə, ortaya daha bir neçə sual çıxır. Nadir Əliyev hadisə baş verən gün o ərazidə nə axtarırmış ki, onu da saxlayıb sonradan buraxıblar? Əgər Nadir başqa yerdə işləyibsə və Fərda da onun yanına gedib-gəlirmişsə, bəs onda niyə hadisənin törədilməsi üçün ADNA seçilib? Bütün bunlar hamısı hələlik qaranlıq qalan suallardır.
Füzuli meydanı yaxınlığında, Topçubaşov küçəsi 49 ünvanında yerləşən dönərxanaya da baş çəkdik. Dönərxananın qapısı istintaq tərəfindən möhürlənmişdi. Yaxınlıqdakı mağazalardan öyrəndik ki, istintaqçılar orada axtarış apardıqdan sonra dönərxananı bağlayıblar.

Jurnalistləri ADNA-ya buraxmadılar



Ümid edirdik ki, bir jurnalist kimi təhsil müəssisəsinə daxil olub reportaj hazırlamağımıza, qatilin hərəkət trayektoriyasını müəyyənləşdirməyə bizə maneə yaradılmayacaq. Çünki şəhərdə gəzən sayiələrə son qoymağın ən yaxşı yolu baş verənləri, şahid ifadələrini ictimaiyyətə olduğu kimi təqdim etməkdir. Lakin korpusun giriş qapısında dayanmış gənc mühafizəçilər - onlar heç kimlikləri barədə də informasiya vermədilər - tələbələrdən başqa bir kimsənin içəri daxil olmasına qadağa qoyulduğunu dedilər. Jurnalist olduğumuzu dedikdə, Cavid müəllim adlı komendantı çağırdılar. Cavid müəllim bildirdi ki, içəri yalnız ADNA-nın rektorunun və ya prorektorun icazəsi ilə daxil olmaq mümkündür. Hadisə baş verən korpusdan reportaj hazırlamağımıza icazə almaq üçün rəhbərliyin yerləşdiyi binaya yollandıq. Lakin baş binanın komendantı prorektorlardan biri ilə əlaqə saxladıqdan sonra «artıq qəbul qurtarıb» (?) dedi və ondan başqa bir izahat almaq mümkün olmadı.

Tələbələr həbs olundu!



Baş binanın qarşısında olarkən diqqətimizi bir neçə şüar çəkdi: «Qanı gül bayramı ilə ört-basdır etməyin!» «Gül bayramı olmasın!» O da bəlli oldu ki, bu şüarı yazıb ADNA-nın qarşısına yapışdıran tələbələr polis tərəfindən həbs edilib. Onlar yaxınlıqdakı 22-ci polis bölməsinə aparılıblar. Bir qədər sonra isə onları inzibati qaydada cərimələyib buraxıblar. Biz ərazidə olarkən həmin şüar yazılan kağızı divardan sökürdülər.



Yeri gəlmişkən, bu ərazidə olarkən agrılı bir səhnənin də şahidi olduq. ADNA-nın qarşısında terror qurbanlarının qanı qurumamış, əraziyə tər-qərənfillər düzüldüyü halda, buradan 200-300 metr aralıdakı parkda Bakı Şəhər İcra Hakimiyyəti böyük həvəslə «gül bayramı» hazırlıqları aparırdı.



Bizə danışmamağı tapşırıblar

Baş binada rəhbərliklə görüşə bilmədikdə yenidən ADNA-nın Dilarə Əliyeva küçəsində yerləşən korpusunun qarşısına qayıtdıq və tələbələri, müəllimləri danışdırmağa cəhd etdik. İlk yaxınlaşdığımız tələbə jurnalist olduğumuzu bilincə səmimilik göstərib «bizə danışmağı qadağan ediblər, inciməyin, sonra başımız ağrıyar» deyib aralandı. Digər bir tələbə isə «sizi içəri ona görə buraxmadılar ki, hökumət qəzeti deyilsiniz. İçəri ancaq öz telekanallarını və qəzetlərini buraxırlar, tələbələrə də onlara danışmağa icazə verirlər. Sizdən əvvəl ATV-dən gəlmişdilər, içərini çəkdilər, bəzi tələbələri danışdırıb getdilər» - deyə, söylədi.
«Atəş səsləri gələndə ADNA-nın qarşısında iki qara «plyonka»lı «Jeep» dayanmışdı"
Buna baxmayaraq, korpusun qarşısında dayanıb müşahidələrimizi davam etdiririk. Tələbələrin danışmadığını gördükdə binadan çıxan müəllimlərə yaxınlaşdıq. ADNA-nın müəlliməsi Mahirə Axundova bizə hadisənin şahidi olduğunu və bildiklərini danışmaqdan çəkinmədiyini dedi: «Bu boyda faciə baş verib, niyə danışmamalıyıq? Mən hadisə baş verən gün ikinci mərtəbədə imtahan götürürdüm. İmtahan götürdüyümüz otağın pəncərəsi bu küçəyə baxır. Birdən bayırda atışma səsləri gəldi. Elə bidik ki, kimsə piston partladır. Pəncərədən baxanda gördük ki, yox, insanlar küçədə qaçışır. Akademiya ilə üzbəüz avtobus dayanacağındaki insanlar hamısı korpusa tərəf qaçmağa başladılar. Atəş səsləri içəridən də gəlməyə başladı. Hadisə zamanı gülləyə tuş gələnlərin bəziləri imtahana gecikənlər, 3 nəfər də imtahanı tez verib çıxanlardır. Yəni auditoriyada olanlar salamat qalıblar. Kim ki, koridorda olub, onlar güllələniblər. Birinci bizim tələbəmiz Müstafa Muhamməd akademiyanın qarşısında vurulub. Bir məqamı xüsusi qeyd edim, bu ifadəmin üstündə də dururam, biz ikinci mərtəbədən baxanda gördük ki, korpusun düz qarşısında qara rəngli, bütün şüşələri də plyonkalı iki dənə qara «Jeep» markalı maşın dayanıb. Onlar orada olanda artıq Mustafanı vurmuşdular. O maşınların bir dənə də şüşəsi aşağı endirilmədi, qapıları açılmadı. Nömrələri görə bilmədik, daha doğrusu, qarışıqılq düşdü, diqqət edə bilmədik. Yəni bu adamlar elə-belə, hadisəni görüb dayanmışdılarsa, düşüb yaralı Mustafaya kömək edərdilər, hadisə ilə maraqlanardılar. Heç nə etmədilər. Başqa bir tələbəmiz də qanın içərisində içəridən çölə qaçırdı. Biz hadisəni görüb qışqırmağa, polisə zəng etməyə başladıq. Polis də, təcili yardım da gec gəldi. Onlar gələnə qədər ərazidə olan insanlar Mustafanı taksi ilə hadisə yerindən götürüb xəstəxanaya apardılar. Bu anda mən bir məqamı da gördüm ki, bir hündürboylu oğlan korpusdan çıxdı və binanın qarşısında dayanan «Jeep»-lərdən birinə - qabaqda dayanana mindi. Dərhal da hər iki «Jeep» sürətlə ərazidən getdi. Bundan bir neçə saniyə sonra əraziyə birinci polis maşını gəldi. Otaqda olanda elə hiss etdik ki, atışma yuxarı mərtəbədədir. Bundan sonra biz koridora çıxdıq. Çıxandan bir neçə saniyə sonra düz koridorun başında bir tələbəmizi vurdular. Adını dəqiq bilmirəm, deyəsən Ruslan idi; arıq, balaca, çox gözəl bala idi. Onu yerdən mən qaldırdım. Qucağıma alanda gördüm ki, yıxıldığı yer al qanın içərisindədir. Uşaqlar onu alıb aşağı qaçırdılar. Auditoriya tərəfə gələndə gördüm ki, iş yoldaşımız Faiq Rüstəmbəyovu da vurublar, qapının ağzında yerə yıxılıb. Onda hələ atışma gedirdi, atəş səsləri artıq yuxarı mərtəbədən gəlirdi. Faiq müəllimi aşağı aparanda mən artıq dəhşətdən qışqırmağa başladım. Tələbələrdən kimsə dedi ki, aşağı qaçmayın, girin otaga. Bundan sonra atəş səsləri kəsildi, polislər içəri girdilər, ondan sonra demək olar ki, akademiyada heç kim qalmadı. Yaralıları və meyitləri apardılar, biz də səksəkə içərisində evə getdik. Neçə gündür özümə gələ bilmirəm. Həddən artıq qorxu içindəyik».

Şəfa Məmmədova da gülləyə tuş gəlibmiş

Mahirə müəllimə hadisə zamanı başına tapança dirənən, lakin xoşbəxtlikdən silahın açılmaması səbəbindən sağ qalan Vəfa Mahmudova ilə rəfiqə olduğunu dedi: «İndi onun danışmağa halı yoxdur, çünki bu gün xoşagəlməz bir hadisə baş verib. Universitetdə qətlə yetirilən 18 günün gəlini Şəfa Məmmədovanın qayınanası gəlib onunla mübahisə edib. Vəfa müəlliməyə deyib ki, niyə rəhmətlik Şəfanın özünü pəncərədən ataraq öldürdüyünü deyib. Vəfa müəllimə telekanallara verdiyi müsahibəsində demişdi ki, o da Şəfa Məmmədovanın pəncərədən özünü atdığını eşidibmiş, bunu şəxsən görməyib. Şəfanın qaynanası deyib ki, onun gəlini özünü atmayıb, güllə yarasından ölüb. Bilirsiz, burada hadisə günü elə bir qarışıqlıq yaranmışdı ki, kimin hansı şəraitdə ölməsi bilinmirdi. Söhbət var idi ki, Şəfa Məmmədova özünü qorxudan pəncərədən atıb. Biz də sonradan bilmişik ki, ona da güllə dəyib. Allah ona rəhmət eləsin. Görünür, qayınanası da Vəfa müəlliməni düz başa düşməyib. Vəfa müəllimə də aglayırdı, niyə belə təhqir edilib. İndi onu danışdırmaq məsləhət deyil».
Bu zaman Cavid müəllim Mahirə müəlliməyə yaxınlaşdı və dedi ki, rəhbərlik onun jurnalistlərə açıqlama verməsindən narahatdır. Və o, M.Axundovaya «deyirlər ki, çıxıb getsin, danışmasın» deyərək qolundan tutub onu jurnalistlərdən araladı...
Daha sonra bir-iki tələbəni danışdırmaq cəhdimiz də alınmadı. Cavid müəllim bizə yenidən yaxınlaşıb, içəri girməyimizin günahının onda olmadığını dedi. Ondan hadisə zamanı burada olub olmadığını soruşduqda, «əlbəttə, işdə olmuşam» dedi və daha sonra bir neçə sualımıza cavab verdi.

Komendant danışdı...

Komendant bildirdi ki, hadisədən bir neçə dəqiqə əvvəl əraziyə nəzarət edib və qatıqsatan qadının (mərhum Ayna) qapının ağzında dayandığını görüb: «O həftədə bir-iki dəfə bura gəlib bufetə qatıq verib gedirdi. Ona dedim ki, indi zəng vurulacaq, tələbələr çölə çıxacaqlar, qapının ağzından yükünü götürüb bufetə girsin. Bunu deyib mən binanın arxa tərəfinə - həyətə çıxdım. Qapıda isə yaşlı qapıçı qadın (Cavid müəllim onun adını demədi - müəllif.) dayanmışdı. Mən həyətə çıxandan bir necə dəqiqə sonra atəş səsləri gəldi. Dərhal içəri keçdim, gördüm ki, qatıqsatan qadın yerə yıxılıb. Qapıçıdan soruşdum nə olub, dedi, bir nəfər ata-ata qaçdı yuxarı. Dərhal birinci polisə, sonra təcili yardıma zəng etdim ki, bizi qırırlar. Hadisəni törədən bir nəfər olub. Ata-ata qalxıb yuxarı. Biz onu görmüşük yalnız».

«Elə bildim təkər partladı»

ADNA-nın 10 metrliyindəki qəzet köşkünün satıcısını da danışdırdıq. Satıcı adını deməsə də, gördüklərini danışdı: «Universitetin qarşısında partlayış səsi eşitdim. Əvvəl elə bildim ki, maşın təkəri partladı, bura yolun kənarıdır deyə, belə şeylər olur. Sonra gördüm ki, yox, atəş səsləridir, camaat qaçır, qışqırışır, kimsə başını tutub qaçır, tez köşkü bağlayıb qaçdım. Yaxınlıqda bir rəfiqəm olur, onlara getdim. Qalan hadisələri televizordan eşitdim».

Yaralıların vəziyyəti normallaşır

Ərazini tərk edib yaralılara baş çəkməyə yollandıq. Hadisə zamanı güllə yarası alanların hamısı hazırda 1 sayli klinik xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyəti agır olan və əməliyyat edilməsi nəzərdə tutulan yaralıların hər üçü - Kənan İsayev, Rəhman Axundov və İlkin Şirəliyev dünən əməliyyat olunublar. Cərrahiyə şöbəsinin tibb bacıları yaralıların 7-sinin - Elvin Cəmiyev, İlkin Şirəliyev, Elşən Mustafayev, Mustafa Muhamməd, Faiq Rüstəmbəyli, Kənan İsayev və Zemfira Hüseynlinin vəziyyətinin normal, Rəhman Axundovun isə səhhətinin agır olduğunu dedilər. Yaralı Kənan İsayevin anası Şərqiyyə İsayeva oğlunun vəziyyətinin normallaşdığıni dedi: «Əməliyyatdan sonra onu reanimasiyaya yerləşdiriblər. Hələ görüşməmişik, həkimlər icazə vermirlər. Amma deyirlər ki, səhhəti yaxşıdır».
İlkin Şirəliyevin anası da oğlunun əməliyyatdan sonra özünü normal hiss etdiyini dedi.
Xəstəxananın həyətində sudanlı tələbələri də gördük. Onlar rus dilində danışa bildiklərindən öyrəndik ki, Mustafa Muhammədin dostlarıdır. Neft Akademiyasında təhsil alan və hazırda bu təhsil ocağının mağistri olmaq istəyən Əhməd Bəkir «Mustafanı Allah qoruyub» deyə bildirdi: «Biz özümüz hadisəni görməmişik. Eşitdik ki, Mustafa orada yaralanıb, gəldik xəstəxanaya. Mustafanın özü ilə də görüşə bilməmişik deyə, nə baş verməsindən xəbərimiz yoxdur».

«Atamla baglı belə xəbər gözləmirdik»

Daha sonra hadisə zamanı qətlə yetirilmız ADNA-nın professoru Ramiz Abdullayevin yas məclisinə yollandıq. Mərhumun üçü dünən olub və yas mağarı sökülüb. Bu səbəbdən başsağlığına gələnləri mərhumun evində qəbul edirdilər. Ramiz müəllimin oğlu Elşad Abdullayev dedi ki, hadisə baş verən gün o, Azərbaycanda olmayıb: «Mən Ukraynada idim, qardaşım mənə zəng edib bu faciənin baş verdiyini dedi. Mən atamın dəfninə gəlib çatdım. Atam iki dəfə infarkt keçirmişdi deyə, biz ondan hər zaman narahat olmuşuq. Amma belə bir xəbər eşidəcəyimiz ağlımıza da gəlməzdi. Qisməti beləymiş. Onun atası da İkinci Dünya müharibəsinə gedib, geri qayıtmayıb. Atam institutda hər zaman təlim-tərbiyə işlərinə ciddi idi. Yəqin indi də səs-küy eşidib çölə çıxıb ki, sakitlik yaratsın, ona da güllə dəyib».
Ramiz müəllim ömrünün 45 ilini elmin inkişafına həsr edib. 25 yaşında Neft və Kimya İnstitutunu (indiki ADNA) bitirib və elə orada da müəllim işləməyə başlayıb. Onun bütün həyatı bu akademiya ilə bağlıdır. O, elmlər doktoru olmaqla yanaşı, YUNESKO-nun fəxri doktoru olub. Elşad Abdullayev dedi ki, atasının evdə yarımçıq qalan metodik yazıları var: «Onların üzərində xeyli müddətdir işləyirdi. Onlar akademiya üçün lazımlı materiallardır. Bu əlyazmaları aparıb akademiyaya təhvil verəcəm, gələcək nəsillər onun zəhmətindən bəhrələnsinlər».
Hadisələrin inkişafını başqa yazılarımızdan izləyə bilərsiniz.


«Yeni Musavat»ın reportyor qrupu

ERMƏNİSTAN RUSİYANIN DAHA BİR TƏZYİQİNƏ BAŞ ƏYDİ

Ermənistan NATO-nun Gürcüstandakı hərbi təlimlərinə qatılmayacaq. Məlumatı “Reqnum” agentliyi Ermənistan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadla yayıb.

Beləliklə, təlimlərə bir gün qalmış Ermənistan hakimiyyəti Rusiyadan çəkinərək əsgər və zabitlərini qonşu dövlətə göndərməmək qərarına gəlib. Bundan öncə Qazaxıstan, Moldova və Serbiya da NATO-nun Gürcüstandakı hərbi təlimlərinə qatılmaqdan imtina etmişdi.

Ermənistan qəzetlərinin bugünkü sayında Yerevanın Gürcüstandakı təlimlərdən imtinası NATO-nun baş katibi Yaap de Hoop Sxefferin Brüsseldə İlham Əliyevlə görüşü zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən fikirlər söyləməsi ilə əlaqələndirilib.

Ancaq “Media forum” saytı xəbər verir ki, bu, bəhanədir, oxşar fikirlər İlham Əliyevin Brüsseldəki görüşündən öncə də səslənirdi. Sxefferin açıqlaması olmasaydı da, Ermənistan Gürcüstandakı təlimlərdən imtina edəcəkdi.

Ermənistan açıq-aşkar Moskvanın qınağından çəkinib. Çünki Rusiya prezidenti Dmitri Medvedyev NATO-nun Gürcüstanda keçirmək istədiyi təlimləri pisləməklə yanaşı, digər dövlətləri də diqqətli olmağa çağırıb. Rusiya Dövlət Dumasındakı çıxışlarda da “Rusiyanın strateji müttəfiqi olan Ermənistan niyə düşmənlərimizin təlimlərinə qatılır” sualı gündəmə gətirilmişdi.

Ermənistan qərarını verdi, sözdə Avropa qurumlarıyla daha sıx əməkdaşlıqdan danışan Yerevan əməldə kimin əmrləri əsasında hərəkət etdiyini bir daha büruzə verdi.




«Media forum»

İRANDA PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN QEYDİYYATA ALINMASINA BAŞLANDI. GÖZLƏNİLMƏZ NAMİZƏDLƏR ORTAYA ÇIXIB



Mayın 5-dən İranda növbəti prezident seçkisində namizədliyini irəli sürmək istəyənlərin rəsmi qeydiyyata alınmasına başlanıb.

“Media forum” saytı xəbər verir ki, qeydiyyata alınmanın elə ilk günündə ölkənin müxtəlif şəhər və kəndlərindən onlarla adam Daxili İşlər Nazirliyinin seçki qərargahına (namizədlər burda qeydiyyata alınır) müraciət edib.

Seçki qərargahına müraciət edənlər sənədlərini təqdim edəndən sonra jurnalistlərə müsahibələr verərək prezident seçiləcəkləri təqdirdə ölkə üçün görəcəkləri işlərdən danışıblar.

Namizədliyinin qeydiyyata alınması üçün müraciət edənlər arasında jurnalistlərin ən çox marağına səbəb olan başına panama qoymuş Şəhram adlı gənc olub. Namizədliyini irəli sürməsinin səbəbini jurnalistlərə təsbeh çevirə-çevirə açıqlayan Şəhram prezident seçiləcəyi təqdirdə bir sıra məsələdə hazırkı prezident Mahmud Əhmədinejadla əməkdaşlıq edəcəyini deyib: “Bura gəlib çatana qədər dörd nəfərlə dalaşmışam. Ayağınızın altının torpağıyam. Namizəd olmaq istəməyimin səbəbi barədə təkcə onu deyə bilərəm ki, heç kəs başqasından üstün deyil, insan təkcə əməli ilə başqasından üstün ola bilər. Kasıb təbəqəyə diqqət artırılmalıdır. Mən çalışacam ki, ölkədə yoxsul olmasın. Fars körfəzi də yalnız farsdillilərə məxsusdur. İnşallah ümid edirəm ki, cənab Əhmədinejadla birlikdə Fars körfəzi ilə bağlı bir sıra tədbirlər görəcəyik”.

İran Daxili İşlər Nazirliyinin seçki qərargahında prezidentliyə namizədlərin qeydiyyata alınması hər gün səhər saat 8-dən günorta saat 4-ə qədər aparılır. Proses mayın 9-na qədər davam edəcək.

İranda prezident seçkisi iyunun 12-də keçiriləcək.

İrandan Azərbaycana narkotik gətirən 3 qrup zərərsizləşdirilib

MTN-in keçirdiyi əməliyyat nəticəsində qrup üzvlərindən 56 kq narkotik götürülüb



Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan üç qrup ifşa olunaraq zərərsizləşdirilib.





MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, onlardan 56 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.





Belə ki, Astara rayon sakinləri – Pərviz Əliyev, İlham Səmədov və Asəf Qasımov, Bərdə rayon sakinləri - Asəf Əzimov və Saleh Məmmədov, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.





Məlum olub ki, yuxarıda adları çəkilən şəxslər arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdikləri narkotiki Pərviz Əliyev və İlham Səmədov Xəzər akvatoriyasının Astara rayonu ərazisi istiqamətində onlardan qəbul edib və Asəf Qasımovla birlikdə sahildə gizlədiblər. Pərviz Əliyevin tapşırığı ilə İlham Səmədov və Asəf Qasımov həmin narkotik vasitələri Astara rayonunun Kələdəhnə kəndində Asif Əzimov və Saleh Məmmədova təhvil verib və onlar da narkotikləri gəldikləri “Mercedes” markalı avtomobilə yükləyiblər.



Bundan sonra Asəf Əzimov və Saleh Məmmədov həmin narkotikləri əvvəlcədən Astara rayonunun çıxacağında saxladıqları “BMW-X5” markalı avtomaşında gizlətmişlər. Sonra Asəf Əzimov “BMW-X5”, Saleh Məmmədov isə “Mercedes” markalı avtomobillərdə Bərdə rayonu istiqamətində hərəkət edərkən, Lənkəran şəhərində MTN əməkdaşları tərəfindən saxlanılıblar. Keçirilən baxış zamanı “BMW-X5” markalı avtomaşında gizlədilmiş 40 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb.





MTN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Astara rayon sakinləri - Ağagül Abbasquliyev, Alim Abbasov və Sumqayıt şəhər sakini Kamal Əliyev saxlanılmış, onlardan 4 kiloqrama yaxın heroin aşkar olunaraq götürülüb.





Müəyyənləşdirilib ki, yuxarıda adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Ağagül Abbasquliyevin tapşırığı ilə Alim Həsənov İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdikləri həmin narkotiki Astara rayonunun Pəlikeş kəndinin ərazisində onlardan qəbul edib meşədə gizlədib. Sonra Ağagül Abbasquliyev Alim Həsənova narkotik vasitəni Sumqayıt şəhərinə aparmağı tapşırıb, bunun müqabilində ona 8 min ABŞ dolları veriləcəyini vəd etmiş və sonuncu bununla razılaşıb.





Bundan sonra Alim Həsənov narkotik vasitələri idman çantasında Bakı şəhərinə gətirib və Kamal Əliyevlə Sumqayıt şəhərinin girəcəyində görüşmək barədə razılaşıblar. Alim Həsənov Kamal Əliyevin təlimatına əsasən taksi maşınında Sumqayıta gəlib və onlar burada görüşən zaman Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onlardan 4 kiloqrama yaxın narkotik vasitə olan heroin, Kamal Əliyevdən isə Alim Həsənova vəd olunan 8 min ABŞ dolları məbləğində pul aşkarlanaraq götürülüb.





MTN tərəfindən keçirilən daha bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Yardımlı rayon sakinləri - Məlik Bəşirov, onun qardaşı Fəxrəddin Bəşirov, Zəkulla Cəfərov və İslam Əkbərov da saxlanılmış, onlardan 12 kiloqramdan artıq narkotik vasitələr – heroin, həşiş və tiryək aşkar olunaraq götürülüb.





Məlum olub ki, yuxarıda adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətiriblər.





Hər üç faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işləri başlanılıb.





Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.